XƏBƏRLƏR

ADU-da “Məhəmməd Əmin Rəsulzadə görkəmli ictimai-siyasi və dövlət xadimi kimi” mövzusunda dəyirmi masa keçirilib

18 mart, 2024

Martın 15-də Azərbaycan Dillər Universitetində BM və Regionşünaslıq fakültəsi, “Azərbaycanşünaslıq” Elmi Mərkəzi və Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Məhəmməd Əmin Rəsulzadə görkəmli ictimai-siyasi və dövlət xadimi kimi” mövzusunda dəyirmi masa keçirilib.

Dövlət Himni səsləndirilib.

Daha sonra BM və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli dəyirmi masanın əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Məhəmməd Əmin Rəsulzadə böyük tarixi şəxsiyyət olmaqla yanaşı, həm də gözəl insan, xalqına bağlı ictimai-siyasi xadim olub.

“Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi M.Ə.Rəsulzadənin ictimai-siyasi fəaliyyətinə, həyat və yaradıcılığına nəzər salıb.

Qeyd olunub ki, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının böyük tarixi əhəmiyyəti var.

Bildirib ki, Rəsulzadə sosial-demokratik, ictimai siyasi, maarifçilik, milli özünüdərk və milli kimliyin dərk edilməsi istiqamətində fəaliyyəti ilə milli ideologiyanın nəzəri əsaslarını qoyub. 

Tarixçi ictimai fikirdə azərbaycançılıq ideyasının yaranması, milli dövlətin formalaşmasına əngəl yaradan rus çarizminə qarşı mübarizə və cəmiyyətin siyasi fəallığa cəlb edilməsində Rəsulzadənin xidmətlərindən söz açıb.

Tədbir tələbələrin sualları ilə davam edib.