XƏBƏRLƏR

ÇDPU-nun Azərbaycan Mədəniyyəti Mərkəzində musiqili tamaşa təqdim olunub

15 mart, 2024

 Çeçenistan Dövlət Pedaqoji Universitetinin (ÇDPU) Azərbaycan mədəniyyəti Mərkəzində "Yaxın və uzaq Azərbaycan" adlı musiqili tamaşa təqdim olunub.

 Tamaşanı tələbələrə Azərbaycanın ədəbi və musiqi nailiyyətləri ilə tanış etmək üçün Ədəbiyyat və onun tədrisi metodikası kafedrası təşkil edib. Tamaşa həm də Azərbaycan və Rusiya Federasiyası xalqlarının mədəniyyətlərinin əməkdaşlığı və yaxınlaşması ideyasını translyasiya edib.

Qeyd olunub ki, Azərbaycan mədəniyyəti Mərkəzi ötən il ÇDPU bazasında açılıb. Mərkəzin fəaliyyəti ÇDPU tərəfindən Azərbaycan Dillər Universitetinin yardımı və fəal qarşılıqlı iştirakı ilə həyata keçirilir. Mərkəz müştərək tədbirlər, ADU və ÇDPU arasında əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş mühazirələr və digər mədəni təşəbbüslər həyata keçirir.

ÇDPU-da Azərbaycan mədəniyyəti Mərkəzinin yaradılması Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm mərhələdir. O yalnız mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə xidmət etmir, həm də qardaş ölkələr üçün yeni üfüqlər açır. Mərkəzin fəaliyyəti xalqlar arasında dostluq əlaqələrinin və anlaşmaların möhkəmlənməsinə istiqamətlənərək, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına xidmət edir.