XƏBƏRLƏR

ADU-75: Xatirələr

13 mart, 2024

Azərbaycan Dillər Universiteti ilə ilk tanışlığım 1994-cü ildən başlamışdır. 30 il... 

Bu illər  mənim  tələbəlik və  iş həyatımı  özündə əks etdirir. Həmin dövrdə doğma universitetim Azərbaycan Dövlət Dillər İnstitutu adlanırdı.  İlk dərs günü, sentyabrın 1-i  bizi- sevinc və həyəcan hissi ilə ali təhsil almağa qədəm qoyan gəncləri universitetin rektoru professor Qorxmaz Quliyev, prorektor professor Səməd Seyidov, Tərcümə fakültəsinin dekanı professor Vilayət Hacıyev qarşıladılar.  Həmin gün Vilayət müəllim ingilis dili üzrə tərcümə ixtisasında təhsil alacaq tələbələri professor Qılıncxan Bayramovla tanış etdi.  O gündən Qılıncxan müəllimin əsas binanın ikinci mərtəbəsindəki kiçik otağı bizim doğma məkanımıza çevrildi.

      ilk günün ilk dərsi 501-ci otaqda Dilçiliyə giriş fənni oldu. Müəllimimiz professor Kamal Abdullayevin türk xalqlarına məxsus, üzərində qədim türk yazıları olan Orxon-Yenisey abidələri haqqında maraqlı söhbətini indi də xatırlayıram. Sonralar bu fənni bizə professor Adil Babayev tədris etdi. Universitet həyatında ilk imtahanımız da bu fənndən oldu.  İngilis dilinin qrammatikasını tədris edən müəllimimiz Rəmziyyə Abbasovanın ingilis dilində nitqi, fənni tədris etmə metodikası, bizə olan münasibəti ilk gündən bizi daha da ruhlandırdı. 

     Ümummilli lider Heydər Əliyevin dediyi kimi “Hər birimizdə müəllimlərimizin hərarətli qəlbinin bir zərrəciyi vardır”. Müəllimlərim Alim Yusifzadə,  Fikrət Seyidov,  Edison Hacıyev,  Azad Məmmədov, Ələkbər Qubatov, Nailə Sadıxova, Zeydulla Agayev, Səadət Nuriyeva, Rafiq Orucov, Fialə Abdullayeva,  Sevdagül Əliyeva,  Aydın Kərimov və digərlərini hər zaman dərin hörmət və məhəbbətlə yada salıram.

    Universitetdə müəllim kimi çalışmağı isə yalnız xəyal edə bilərdim. Xəyallarımın gerçəkləşməsi  mənim və eləcə də, bütün tələbələrin sevimli dekanı professor Vilayət Hacıyevin və həmin vaxt universitetimizin rektoru professor Səməd Seyidovun sayəsində mümkün oldu. 2000-ci ildə əziz müəllimlərim və tələbə yoldaşlarım, hal-hazırda Tərcümə fakültəsinin aparıcı müəllimləri olan Güllü Bayramova, Aygün Hacıyeva, Lalə İbadova, Rəhimə  Məmmədova  ilə çiyin-çiyinə Azərbaycan Dillər Universitetində əmək fəaliyyətinə başladım.

    Azərbaycanın tanınmış tərcüməçiləri Vilayət Hacıyev, Qılıncxan Bayramov və eləcə də digər müəllimlərimiz  tərcümə sənətinin sirlərini öyrətməklə yanaşı düzlük, xeyirxahlıq, sadəlik, ədalətlilik kimi əxlaqı keyfiyyətləri öz davranışları ilə bizlərə ötürmüşlər.  Bu gün mən və bu məktəbdən bəhrələnənlər qoyulan ənənəyə sadıq qalmağa, Azərbaycan Dillər Universitetinin nüfuzunun hər zaman öndə olması üçün  əlimizdən gələni etməyə çalışırıq.

 

 

 

Filologiya fakültəsi,

Xarici dillərin tədrisi metodikasının dosenti, f.f.d:                   Vəfa Babayeva