XƏBƏRLƏR

ADU haqqında xatirələr

13 mart, 2024

1969-ci ildə mən beçinci sinifdə oxuyurdum. Sentyabr ayının əvvəlləri idi.

Kəndə xəbər yayıldı ki, məktəbimizə ingilis dili müəllimi gəlib. Müəllimimiz çox peşəkar idi. İlk günlərdən hamının sevimlisinə çevrildi. Səkkizinci sinfə qədər mən fizika və riyaziyyat fənlərinə daha çox maraq göstərirdim. 1974-cü ildə məktəbi bitirəndə ingilis dili müəllimimin təkidi ilə sənədlərimi o vatkı SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis-Azərbaycan dilləri fakültəsinə verdim və imtahanlardan uğurla keçib tələbə adına layiq görüldüm. Sevincimın həddi-hüdudu yox idi, yerə-göyə sığmırdım.

Sentyabr ayının 1-də dərslər başladı. İlk günlər çox çətin idi. O zaman “SSRİ tarixi” adlı bir fənn var idi. Müəllim mühazirəni oxuyandan sonra bir neçə əlavə ədəbiyyat adı yazdırardı və onları oxuyub seminar üçün hazırlamaq tələb olunurdu. Qardaşım o vaxtkı Politexnik İnstitutunun III kurs tələbəsi idi. Bir dəfə mən onların yaşadığı yataqxanaya getdim və “Kommunist Partiyasının manifesti”ni onlardan istəyəndə mənə xeyli güldülər.

Birinci kursun ilk dərslərinin birində Müasir Azərbaycan dili müəllimimiz mərhum dosent İsfəndiyar Cabbarzadə bizə imla yazdırdı, 30 nəfərdən yalnız mən əla almışdım. O mənim hansı rayondan olduğumu soruşanda mən Şamaxılı olduğumu söylədim. Kəndimizin yolunu incəlikləri ilə izah etməyə səy göstərsəm də, o, buna imkan vermədi. Sonradan məlum oldu ki, o da Şamaxılı imiş.

Başqa bir xatirəm isə tələbə vaxtı fakültəmizin dekanı mərhum dosent Fikrət Seyidovla bağlıdır. 5 saylı poliklinikanın qarşısında institutun bağ sahəsi vardı. Yaz fəslində müəyyən bir həftə ərzində birinci saat bütün tələbələr həmin sahədə təmizləmə işləri aparırdılar. İkinci saat hamı dərsə qayıdırdı. Bir gün mən işləməyə yox, Sirkin yanında yaşayan digər bir tələbə yoldaşımgilə getdim. Zəngə 5 dəqiqə qalmış instituta qayıtdım, çox sakitlik idi, qapıdan içəri boylandıqda Fikrət müəllim məni gördü. Məlum oldu ki, tələbələri ikinci saat da işləmək üçün saxlayıblar. Mən cəld geri dönüb indiki Slavyan Universiteti tərəfə qaçdım. Fikrət müəllim tənbəllik etməyib düşdü izimə. Onun ucadan dediyi sözlər hələ də qulağımda cingildəyir: ” Qələmşah, hara qaçırsan? O tərəfə niyə qaçırsan? Tələbələr bağda işləyirlər” Mərhum harda məni görürdüsə, mütləq o hadisəni ətrafdakılara xatırladırdı.

Tələbə yataqxanasında qalırdım, 1-4-cü mərtəbədə qızlar, 5-ci mərtəbədə isə oğlanlar yaşayırdılar. Mən institutdan birbaşa yataqxanaya gəlirdim və dərhal  dərslərimi hazırlamağa başlayırdım. Axşam saat 7-8 radələrində bayılırdım və tələbə yoldaşlarım təcili tibbi yardım çağırırdılar. Bu hadisə təxminən iki ay ərzində hər gün baş verirdi. Günlərin birində həkim mənə ürəyimdə problem olduğunu və mənə bir illik möhlət götürməyi məsləhət gördü. Mən səhər instituta getdim və leksika müəlliməm Ema xanımdan bu işdə mənə kömək etməyini xahiş etdim. Axşam həmin hadisə yenə təkrar olundu. Gözlərimi açanda ağ xalatda bir cavan həkimin mənə həvəssiz və saymazyana baxdığını hiss etdim. O mənə bu sözləri dedi: “Eşidəndə ki, Xarici Dillər İnstitutunun yataqxanasına çağırış var, çox sevindim, amma gəlib görəndə ki, oğlanların mərtəbəsindəyəm, çox məyus oldum, dedim heç olmasa əlim bir qız əlinə dəyər” Mənim otaq yoldaşımın qarmonu vardı. Həkim qarmonu götürüb çox gözəl ifa etməyə başladı və “Ad günü” flmində olduğu kimi mənə işarə etdi ki, oxuyum. Mənim də o zamanlar bir balaca səsim var idi, bir sözlə bir də gördük ki, otaqda dayanmağa yer yoxdur. Mərtəbədə demək olar ki, hamı bizim otaqda idi. O gündən həkimin məsləhəti ilə mən dərsdən sonra əvvəl yemək yeyib sonra dərslərimə başlardım.

İllər necə keçdi, heç özüm də bilmədim. İnstitutu fərqlənmə diplomu ilə birtirib Şamaxı rayonuna təyinat aldım. Üç il doğma məktəbimdə müəllim kimi çalışdıqdan sonra əyani aspiranturaya qəbul olmaq qərarına gəldim. 1982-ci ildə “German dilləri” ixtisası üzrə əyani aspirant kimi o vaxtkı Leninqrad (indiki Sankt Peterburq) Dövlət Universitetinə ezam olundum. 1983-cü ilin dekabrında elmi rəhbərim prof. F.Y.Veysəllinin elmi məsləhətçisi dünyaşöhrətli germanşünas alim mərhum L.R. Zinderin 80 illik yubilleyi keçirilirdi. Fəxrəddin müəllim tədbirə qatılmaq üçün Leninqrada gəlsə də, Bakıdan gələn çox vacib bir zəng onun orada iştirakını əngəllədi. Beləliklə, o vaxtkı SSRİ məkanından və dünyanın müxtəlif ölkələrindən xeyli sayda tanınmış alimlərin iştirak etdiyi bir mötəbər tədbirdə 80 illik yubileyi ilə bağlı İnstitumuz adından L.R.Zinderə ünvanlanmış adresi oxumaq mənə həvalə olundu. Çox həyəcanlı idim. Narahatlığımı o vaxt kafedra müdiri kimi çalışan mərhumə prof. L.V.Bondarkoya bildirdim. O isə cavabında “Mən ön sırada oturacağam, mənə baxıb oxuyarsan”söylədi.

1985- ci ildə işimi tamamladıqdan sonra doğma instituta qayıtdım. Aspirantura müddətinin tamamlanmasına üç ay qalmış, dissertasiya işimin uğurlu müzakirəsi keçirildi. O vaxt Azərbaycanda “German dilləri” ixtisası üzrə müdafiə şurası yox idi. Odur ki, insanlar qonşu Gürcüstana üz tutmağa məcbur olurdu. Prof. F.Y.Veysəllinin Tbilisi Dövlət Universitetində (TDU) müdafiə şurasının üzvü olması Azərbaycandan gedənlərə böyük dəstək idi.

1985-ci ilin sentyabrında dissertasiya işimi TDU-nun müdafiə şurasına təqdim etdim. Orda keçirilən müdafiə prosesini izləmək üçün tez-tez Tİbilisiyə gedirdim. Müdafiəyə buraxılmaq üçün TDU-nun kafedralarının birində müzakirədən keçmək tələb olunurdu. 1986-cı ilin Aprel ayında bizim institutumuzun təcrübəli müəllimi müzakirə üçün dəvət olunur və nəticə ürəkaçan olmur. O bəd xəbərin mənə necə təsir etdiyini yalnız özüm xatırlayıram. Bir həftə sonra məni telefonla institutdn axtarırlar və zəng etmək üçün telefon nömrəsi qoyurlar. O vaxt indiki mobil telefonlar yox idi. Mən dərhal şəhərlərarası danışıq məntəqəsinə gedib verilən nömrəyə zəng vururam. Müdafiə Şurasının elmi katibi Tsiala Mixaylovna Sakaruli ilə danışıram. O mənə iyunun 10-da (o gün mənim 30 yaşım tamam olurdu) kafedrada müzakirə olunacağım xəbərini verir. Mənim həyəcanım daha da artır. İyun ayının 6-na mən qatara bilet aldım və üç dəfə bileti dəyişdim. Ayın 9-da qızdırma içərisində bibimin yoldaşı ilə dəmiryolu vağzalına getdik. Qatar saat 10-da tərpəndi.  Səhərə kimi gözümü belə yummadım. Qatardan düşüb birbaşa TDU-ya getdik. 11.00-a təyin olunmuş iclas 13.00-a keçirilmişdi. Boğazımdan su da keçmir. Saat 13.00-da çox da böyük olmayan bir otağa dəvət olunuruq. Burada mən rəsmi rəyçimdən başqa heç kimi tanımıram. O da indikindən fərqli olaraq mənə heç bir dənə də olsun irad göndərməyib və bu barədə mən heç düşünmürəm də. Məni üzən yalnız bir addır: Həmkarımızı geri qaytaran prof. Natadze.

Bütün söhbətlər yalnız gürcü dilində gedir. Məndən əvvəl iki gürcü qızı müzakirədən keçdi və birdən öz adımı eşitdim. Qalxmışam ayağa, çıxmışam lövhənin qarşısına, işim eksperimental-fonetik tədqiqat olduğundan təqdimat üçün 8-10 ədəd vatman kağızında cədvəl və qrafiklərim və bir qutu knopkam var ki, onları lövhəyə bərkitdim. Həyəcanım o qədər çoxalıb ki, birdən qutu əlimdən düşür və döşəmənin üstünə dağılır. Mən artıq ayaq üstə ölmüşəm, tər tökürəm. Qarşıda oturan xanımlardan biri ayağa qalxdı, mənə bütün bu texniki işlərimdə kömək etdi və özümü ələ almağımı xatırlatdı. Nəhayət kafedra müdiri mənə çıxış üçün 10-12 dəqiqə vaxt verildiyini söylədi. Çıxışımdan sonra suallara keçdilər, o zaman mənim ürək döyüntülərimin sayı yəqin ki, ən maksimal həddə olub. Birdən balacaboylu bir xanım əlini qaldırdı və özünü prof.Natadze kimi təqdim edib, iki sualı olduğunu dedi. Sualların hər ikisi gözlərimin nurunu tökdüyüm eksperimentlə bağlı idi və onları yüksək səviyyədə cavablandırdım, o da daha sualı olmadığını söylədi. Bununla da müzakirə  və hətta müdafiə mənim üçün bitdi. O zaman özümü necə xoşbəxt hiss etdiyimi təsəvvür etmək çox çətindir.

Başqa bir maraqlı əhvalat 1986-cı ilin 15 oktyabrında müdafiəmdən sonra olub. O vaxt indikindən fərqli olaraq hər şey makinada yazılırdı, bir hərf səhvinə görə bütün səhifəni yenidən yazmaq tələb olunurdu. Müdafiəyə təqdim olunan dissertasiyanın yeganə nüsxəsini Bakıya qayıdacaq böyük qardaşıma vermişəm və bərk-bərk tapşırmışam ki, bununla ehtiyatlı olun və evə çatdırın ki, mən onu təsdiqlənmək üçün o vaxtkı SSRİ AAK-a göndərim. Axşam məclisdən sonra gələn qohumları Bakıya yola salmaq üçün dəmiryol vağzalına getdik. Üç gün sonra mən Bakıya gələndə evdə ilk sorum dissertasiya oldu.  “Dissertasiyanı itiriblər” cavabını eşidəndə iki əlimlə başıma necə vurdumsa, bir saat gözümə qaranlıq çökdü, dünya başıma fırlandı, nə edəcəyimi bilmirdim. Bircə ümid yerim vardı, mənimlə müdafiə edən xanımın həyat yoldaşı Gürcüstanın maliyyə naziri idi. Dərhal ona zəng vurdum, əhvalatı danışdım. O isə öz növbəsində Dəmiryol vağzalının rəisi ilə danışdı. Rəis həmin gün bilet kassalarının qarşısında xadimənin bir çanta tapdığını söyləyib. Növbəti gün Zurab sürücüsünü vağzala göndərəndə məlum olub ki, tapılan mənim dissertasiyamdı. Bu da mənim həyatım boyu yaşadığım hədsiz dərəcədə sevincli anlarımdan biridir.

Belə xatirələrin sayını artırmaq olar, lakin, digər həmkarlarımızın fikirlərini oxumaq maraqlı olduğundan elə bu məqamdaca dayanmağı daha məqsədəuyğun hesab etdim.

 

Filologiya fakültəsi,

Xarici dillərin tədrisi metodikasının dosenti, f.f.d:                   Qələmşah Heybətov