XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

12 mart, 2024

Martın 12-də Azərbaycan Dillər Universitetində (ADU) BMR fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr edilmiş “Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasında Türkiyənin tarixi missiyası” adlı tədbir keçirilib.

Tədbirdə prorektorlar, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı, professor İbrahim Kazımbəyli Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və bu prosesdə Türkiyənin tarixi missiyası barədə danışıb.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Türkiyənin Cənubi Qafqaz siyasəti və Naxçıvan” mövzusunda çıxış edərək Türkiyənin Naxçıvanla bağlı siyasətini hərbi, siyasi və diplomatik aspektdə dəyərləndirib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Günay Məmmədzadə “Naxçıvanın statusu ilə bağlı Qars və Moskva müqavilələrinin imzalanmasında Türkiyənin rolu” mövzusunda çıxış edib. O, çıxışında hər iki müqavilədə Naxçıvanın statusu məsələsi ilə bağlı Türkiyənin göstərdiyi səylər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu bildirib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Zeynəb Qubiyeva “Könül körpüsü – Naxçıvanın xilası” adlı məruzəsində Könül körpüsünün yaranması, onun əhəmiyyəti və Naxçıvan Türkiyə münasibətlərindən bəhs edib.

Sonda müzakirələrdə iştirak edən Elmi işlər üzrə prorektor Novruz Məmmədov mövzu ilə bağlı fikirlərini bildirib.