XƏBƏRLƏR

Unudulmaz pedaqoq, böyük alim

12 mart, 2024

                     UNUDULMAZ PEDAQOQ, BÖYÜK ALİM                                     

ADU – 75

 Mina xanım Quliyevanın əziz xatirəsinə həsr olunur....

 

Mina xanımı bir cümlə ilə  xarakterizə etmək üçün bir cümlə işlətməli olsam, bu cümləni seçərdim: 

“Les enseignants sont comme les bougies qui se consument pour éclairer la vie des autres “. “Müəllimləri şamlara bənzətmək olar, onlar başqalarının yoluna işıq saçaraq yanırlar”. Həqiqətən də,  Mina xanım Quliyeva fransız dilinin tədrisinə və tədqiqinə bütün ömrünü  həsr etmiş, əsl ziyalı, fədakar insan, qayğıkeş müəllim kimi ADU-nin professor-müəllim heyətinin yadında qalıb.

Onun məktəbini keçmiş tələbələri daim Mina xanım haqqında xoş sözlər deyir, onu böyük sevgi ilə yad edirlər. Mən onun tələbəsi olmasam da, onu yaxından tanıdığımı düşünürəm. Azərbaycan Dillər Universitetinə (o vaxt SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu) daxil olanda ilk dərsliyim Mina xanım Quliyevanın  “Fransız dili dərsliyi” idi. Bu dərslik bizi bu peşəyə gətirən ilk bələdçi oldu,  bizə fransız dilinin  gözəlliyini, bütün xırdalıqlarını aşıladı. Onda biz bu dərsliyə tələbə gözü  ilə baxıb dəyərləndirmişdik, indi isə müəllim kimi bu haqda fikirlərimizi söyləyirik.

Dərslik tərtib etmək çox böyük peşəkarlıq və məsuliyyət tələb edir. Dərslik  yüzlərlə-minlərlə tələbənin taleyini, gələcəyini müəyyənləşdirə bilən bir vasitədir, onu peşəkar həyata yönəldən bir cığırdır. Bu cığır bizi doğma universitetimizə gətirib çıxartdı, bu cığır neçə-neçə insanın həyatında mühüm rol oynadı.

Dərslik 1983-cü ildə çap olunsa da, hələ də öz aktuallığını saxlayır. Universitetimizin rektoru, akademik Kamal Abdullanın tapşırığı ilə kafedramızın əməkdaşları “Fransız dili” dərsliyi üzərində işləyirlər. Yeni milli dərsliklərin tərtibi zəmanın tələbidir.

  Dərslik tərtib edərkən, biz müəyyən bir bazaya söykənməliyik, özümüzə bir təməl seçməliyik və Mina xanımın tərtib etdiyi dərslik burada da bizə bir cığır oldu, bizə yol göstərdi. Mina xanım ömrünün son günlərinə kimi fransız dilinin tədrisinə xidmət edən əsərlər yazıb. Onun son işi “Xarici dil üzrə tədris kompleksinin modeli” bacısı Zümrüd xanımın təşəbbüsü ilə işıq üzü görüb. Bu əsərin redaktəsi mənə həvalə olunanda həyəcanlandım və düşündüm: “Mina xanımın yazdığı əsəri nə cəsarətlə redaktə edə bilərəmm?” Mina xanım Azərbaycanda fransız dili mütəxəssislərinin yetişdirilməsində mühüm rol oynayıb. Onun peşəkarlığı, insani keyfiyyətləri  hər bir müəllim üçün bir örnəkdir. Mina xanımın əziz xatirəsi bir çox insanın qəlbindədir. Onun tələbələri, universitetimizin sayılan-seçilən müəllimləri Mina xanım haqqında xatirələrini bölüşüblər:

Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının professoru Çəmən Babaxanova:                                  

“Mina xanım haqqında danışmaq, onun haqqında xatirələr söyləmək şərəfli bir iş olmaqla yanaşı, həm də böyük səy və məsuliyyət tələb edir. Bu dahi şəxsiyyət, sözün əsl mənasında müəllim, onu tanıyanların, tələbələrinin xatirəsində elə dərin bir iz buraxmışdır ki, yəqin ki, onun xidmətlərini hərtərəfli əhatə edərək qələmə almaq mümkün deyil. Mən Mina xanım Quliyevanı 1957-ci ildən Xarici Dillər İnstitutuna daxil olduğum vaxtdan tanımışam. O, hər şeydən əvvəl, dahi bir şəxsiyyət idi. Bu, onun davranış tərzində, geyimində, danışığında, insanlara, o cümlədən kənddən gəlmiş, şəhərə və şəhər qaydalarına hələ bələd olmamış tələbələrinə bir valideyn münasibəti göstərməsində hər an özünü büruzə verirdi. M. Quliyeva savadlı, öz ixtisasına dərindən bələd olan bir müəllim idi. Onun ziyalı ailədə böyüməsi, hər şeylə yanaşı, dərin biliyə, mükəmməl pedaqoji baxışlara, müəllimlik bacarığına malik olmasında özünü göstərirdi. O, fransız dilini öz tələbələrinə elə sevə-sevə öyrədirdi ki, Fransız dili hər kəsin idealına çevrilmişdir. O, bütün tələbələrə eyni gözlə baxırdı, amma kasıb və zəif tələbələrə münasibəti bir başqa idi. Biz onu hiss edirdik. Qrupumuzda Laçın rayonundan gəlmiş bir oğlan var idi. Pis də oxumurdu. Amma xəstə idi. Mina xanım onun müalicəsi üçün çox çalışmışdı. Mina xanımın ən böyük sevinci qarşısındakı tələbənin yaxşı oxuması idi. O, ciddi olduğu qədər də sadə idi. Dərs zamanı biz onu dinləməkdən yorulmazdıq, əksinə qəlbimizdə gələcəkdə onun kimi müəllim olmaq hissləri baş qaldırardı. Mən 1965-ci ildə qəzet elanına əsasən aspiranturaya girmək üçün imtahana gəlmişdim. İxtisasdan imtahan verirdim. Cəmi bir yer vardı. İki nəfər iddiaçı idik. Mənim rəqibim tanınmış bir professorun qızı idi. O da yaxşı oxuyurdu. Amma mən ondan qabaqda idim. İnstitutu da fərqlənmə diplomu ilə bitirmişdim. Bu, o dövr üçün əlçatmaz bir iş idi. Mina xanımla imtahan götürən xanım elmi işlər üzrə prorektor idi və Mina xanımla yaxın rəfiqə idilər. Həmin xanım imtahanda ixtisas imtahanında rəqibimə məndən bir bal yüksək qiymət verməyə çalışsa da, Mina xanım ona yol vermədi, uzun-uzadı mübahisələrdən sonra mənə üstünlük verildi və bu, Mina xanımın xüsusi səyi ilə baş tutdu. Dissertasiyamın mövzusunu özü seçdi. Amma pedaqoji elmlər namizədi olduğu üçün mənə elmi rəhbər ola bilmədi. Elmi rəhbərimi də özü seçdi.

Mən hələ elmə təzə başlamışdım və nəyi necə yazmağı bilmirdim. Mövzuma aid bir bölmə yazıb göstərdim ona. Yazdıqlarımdan utanırdım, bilirdim ki, məni möhkəmcə tənbeh edəcək. Oxudu və dedi: "Çox yaxşıdır, bəs belə olur. Amerika kəşf etmirsən ki? Get bu tərzdə də davam elə". Mən sonralar bildim ki, yazdıqlarım o qədər də məqsədəuyğun deyilmış. Sadəcə bu dahi insan məni həvəsdən salmamaq uçun tərifləyb. Mina xanımın məsləhətləri və köməyi ilə mən dissertasiyamı vaxtından əvvəl bitirib müzakirəyə təqdim etdim. Mina xanımın Azərbaycanda fransız dilinin inkişafı sahəsində xüsusi rolu olması hamıya bəllidir. İlk fransız dili dərsliyinin müəllifi, ilk "Fransızca Azərbaycanca lüğət"in müəllifi, tələbələr üçün nəzərdə tutulmuş və Azərbaycan dilində yazılmış ilk "Fransız dilinin tarixi" dərs vəsaitinin müəllifi, ilk məktəb proqramlarının və məktəb dərsliklərinin Azərbaycanlı müəllifi və s. kimi bu gün də aktuallığını və əhəmiyyətini itirməmiş, hal-hazırda belə bir sıra mütəxəssislərin və məktəb müəllimlərinin stolüstü kitablarına çevrilmiş qalaq-qalaq kitabların müəllifi olan Mina xanım Quliyeva bizim gözümüzdə nə qədər cavan olsa da, yaşa dolurdu və o, yəqin ki, Azərbaycan elminin inkişafı üçün özündən sonra kimləri isə öz davamçıları kimi hazırlamaq istəmişdi. Onun bu sahədə yetirmələri olan dos. Məmməd Rəhimov, dos. Kamal Dadaşov, prof. Əli Musayev, dos. O.Əmirbəyov, b.m. Sadıq Seyidzadə, b.m.Rafiq Mikayılov və başqa yüksək savadlı fransız dili mütəxəssisləri məhz onun yetirmələridir. Onların əksəriyyətinin fransız dili sahəsində nəşr etdirdikləri dərsliklər və dərs vəsaitləri, proqramlar məhz M. Quliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi altında baş tutmuşdu. Azərbaycan məktəbləri üçün yazdığım, müəllifi və həmmüəllifi olduğum və müxtəlif illərdə nəşr edilmiş 1- 9-cü siniflər üçün fransız dili dərsliklərinin yazılması da M.Quliyevanın xüsusi təşəbbüsü ilə bağlıdır. 1975-ci ildə Mina xanımın özü ilə birlikdə həmmüəllifi olduğum 8-ci sinif üçün "Fransız dili dərsliyi" buna misaldır. O, dərslik yazmaq sahəsində mənə ilk addımı atmaqda kömək etdi, sanki əlimdən tutub yazdırdı. Yazdıqlarımı oxuyur, tərifləyirdi və "get davam elə" deyir, sonra isə özü səhvlərimi düzəldir, təzədən düzəlişlər edirdi. Bütün bu yanaşmalar gələcəkdə məktəb dərsliklərinin   yazılmasında, yeni müəlliflər hazırlamaq işində bizi ruhdan salmamaq üçün, bizə stimul vermək imiş. Bu gün Azərbaycan məktəblərində istifadə edilən və mənim müəllifi və həmmüəllifi olduğum müxtəlif illərdə nəşr edilmiş 1-2-3-4-6-7-8-9 -cu siniflər üçün fransız dili dərsikləri və proqramların və hər birində Mina xanımın üslubu, nəfəsi duyulur".

Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Rəfiqə Mürşüdova:        

"Mina xanım haqqında xatirələrimi bölüşmək mənim üçün çox qürurvericidir. Mina xanımın tələbəsi olmaq sözün həqiqi mənasında mənim həyatımın dönüş nöqtəsi oldu. Sözün düzü, müəlliməmizin Mina xanım olacağını biləndə bir az həyəcan, bir az məyusluq, bir az da qorxu hissim vardı. Çünki, bu xanımın nə qədər ciddi, tələbkar, zəhmli olduğunu hamı yaxşı bilirdi. Amma elə dərslərə başladığımız ilk günlərdən onun çox həssas, incə qəlbli və qayğıkeş bir insan olduğunun şahidi olduq. Hər həftə bazar günləri, Mina xanım bizi Bakıdakı muzeylərə aparırdı. Məqsədi isə həm rayonlardan yenicə gəlmiş gəncləri şəhərin görməli, tarixi yerləri ilə tanış etmək, həm də sonradan həmin mövzularda inşa yazıları tərtib etdirmək idi. Mina xanımın tələbkar olduğu qədər də çox qayğıkeş olmasını təsdiqləyən və   şəxsən yaşadığım bir hadisədən bəhs etmək istərdim. Bir dəfə ayaqqabım ayağımı döyənək etmiş və şişmişdi. Həmin gecəni səhərə qədər yata bilməmişdim. Sözsüz, həmin gün dərsə də hazır deyildim. Mina xanım məni danladı, məzəmmət etdi: ”Madam ki, yata  bilməmisən, oturub dərsini öyrənərdin!” Sonra o, ayağıma baxıb : “Bununla zarafat etmək olmaz” kəlməsini işlətdi və  elə həmin gün Mina xanım məni tanıdığı bir həkimin yanına apardı, ayağımın müalicəsinə başladım. Bu mənim üçün ən böyük dərs oldu və ondan sonra heç vaxt dərsə hazırlıqsız gəlmədim. Onun necə incə, həssas qəlbli olduğunu gördüm. Mina xanımla bağlı xatirələrim bitməz- tükənməzdir. “8 mart beynəlxalq qadınlar” bayramında ona bir dəstə qərənfil almışdıq. O, həmin gülləri qrupumuzun qızlarına payladı. Bu da onun biz, gənc qızlara olan xüsusi diqqəti və pedaqoji rəğbətləndirmə addımını qeyri-verbal üsulla başa salmaq tərzi idi. Allah ona qəni-qəni rəhmət eləsin!"     

Fransız dilinin fonetikası və qrammatikası kafedrasının f.f.d., dos. Rəfiqə İsayeva:   

"Mina xanımı xatırladıqca gözümün önündə ucaboylu, qaragözlü və səliqəli geyinmiş Azərbaycan xanımı - ciddi, tələbkar, nəvazişli qayğıkeş müəllimə- canlanır. Mina xanım fransız dilinin qrammatikasını tədris edərkən məni lövhəyə dəvət etdi və çalışmanı bitirəndən sonra “ ma petite tu deviendras une bonne grammairienne”-dedi. Mən pörtdüm, qızardım. O bunu sezib, əllini başıma çəkib nəvazişlə gülümsədi. O gün elə bil dünyanı mənə verdilər. Üçüncü kursda idim. Laborant bildirdi ki, Mina xanımın mənimlə görüşmək istəyir. O, sakit səslə, mehribancasına “ma petite kafedrada yarımştat laborant işləyərsənmi ? Gələcəkdə də aspiranturaya girər, təhsilini davam etdirərsən. Valideynlərini də xəbərdar et” – dedi. Mən təklifi qəbul etdim və laborant işlədim. Universiteti bitirib, Goranboy rayonunun Dəliməmmədli qəsəbə orta məktəbində fransız dilini tədris etməyə başladım. O zamanlar müəllimləri təkmilləşmə kursuna göndərərdilər. O cümlədən, mən də öz universitetimizə gəldim və Mina xanımla görüşəndə “Mənim 5-ci sinif dərsliyim məktəbdə necə işləyir? Necə tədris edirsən?” – deyə soruşdu. Bu dərsliyi müasir kommunikativ yanaşma üsulu ilə yazılmış dərsliklərlə müqayisə etsəm deyərdim ki, o zaman bu yanaşma haqqında heç bir anlayış olmasa belə,  dərslik şəkillər vasitəsilə şifahi danışıqla başlanır sonra hərf, söz, cümlələrə keçirdi. Demək ki, Mina xanım savadlı elm adamı olmaqla yanaşı, bacarıqlı metodist idi. Mina xanım nəinki orta məktəblər üçün dərslik, ADU-nun fransız dilinin 1-ci kursları üçün dərslik, “Fransızca-Azərbaycanca luğət” yazan ilk müəllif idi. Onun fransız dili fakültəsinin əsasını qoyanlardan biri olduğunu desəm, yanılmaram. Mina xanımın fəaliyyəti sonrakı nəsil üçün örnək oldu. Yadımdadır, Çəmən xanımla orta məktəblər üçün fransız dili dərslikləri üzərində işləyərkən, Çəmən xanım Mina xanımın fikrini xatırldardı: “Mina xanım deyərdi ki, hər dəfə mətnə yeni söz verərkən, əvvəlki sözlər təkrarlanmalı və yalnız iki-üç  söz yeni olmalıdır”. Bununla Mina xanım estafeti davamçılarına verdi.  Bütün həyatını fransız dilinin tədrisinə həsr edən Mina xanım cismən həyatda olmasa da, yaradıcılığı, qayğıkeşliyi ilə xatirələrimizdə həmişə yaşardır".

Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, f.f.d., ADU-nun professoru Ülfət İbrahim:

"Mina xanımla qiyabi tanışlığım onun Azərbaycan bölməsi üçün müəllifi olduğu “Fransız dili” dərsliyi, “Fransız dilinin qrammatikası” dərs vəsaiti və “Fransızca-Azərbaycanca” lüğəti ilə başladı. Təhsilimi rus və fransız dillərində aldığımdan fransız dili sahəsində yazılan dərsliklərin bir çoxuna bələd idim. Azərbaycan bölməsi üçün nəzərdə tutulan dərs vəsaitlərində boşluqların olduğunu həmkarlarım vasitəsi ilə öyrənmişdim. Mina xanımın zəngin elmi-pedaqoji fəaliyyəti milli auditoriyamız üçün fransız dili üzrə müəllim və mütəxəssislərin yetişdirilməsində müstəsna rol oyamışdır. Məhz bu peşəkar və faydalı fəaliyyəti onun Azərbaycan müstəqillik qazandığı ilk zamanlarda Fransa Respublikası tərəfindən “Akademik Palma” ordeninə layiq görülməsinə zəmin yaratdı. Həmkarlarla bu nəcib xanımı ziyarət etdikdə, bizi olduqca mehriban, gülərüz, təvazökar bir xanım qarşıladı. Fransız dili sahəsində Mina xanımla apardığımız maraqlı müzakirələr ölkəmizdə bu dilin tədrisi ilə bağlı problemlərin həlli istiqamətində geniş fikir formalaşdırmağa təkan verdi. Universitetimizin professor-müəllim heyəti eləcə də tələbələrlə dəyərli alim Mina xanım Quliyevanın milli auditoriyamızın formalaşdırılmasında əvəzsiz xidmətindən bəhs edən dəyirmi masalarda unudulmaz pedaqoqun xatirəsi daim yad edilir".

 

Hazırladılar:

Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, f.e.d., professor Gülnara Sadıqova

Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, f.f.d., ADU-nun professoru Ülfət İbrahim