XƏBƏRLƏR

Günel Babanlı: "Azərbaycan və Serbiya arasında təhsil sahəsində əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək"

12 mart, 2024

Müsahibimiz  ADU-nun Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Günel Babanlıdır.

- Günel xanım, necə düşünürsünüz, son illər Azərbaycan və Serbiya arasında elmi, mədəni əlaqələrin yüksələn xətlə inkişafı nə ilə bağlıdır? 

- Son illərdə Azərbaycan və Serbiya arasında elmi, mədəni əlaqələrin inkişafı, iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq sahələrində artan maraq və təşəbbüslərə əsaslanır. Məhz bu yerdə qeyd etmək istərdim ki, rektor akademik Kamal Abdullanın təşəbbüsü ilə 2018-ci ildən Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin fəaliyyəti danılmazdır. Adı çəkilən Mərkəzdə Azərbaycan dilinin tədrisi əvvəlcə fakültətiv formada, daha sonra isə xarici dil kimi dərs proqramına salınıb. Bu təbii ki, Azərbaycan dilinə və mədəniyyətinə olan marağın nəticəsidir.

- ADU-da fəaliyyət göstərən Serbiya mərkəzinin açılışı prezident Aleksandr Vuçiçin iştirakı ilə baş tutmuşdur. Hal-hazırda mərkəz uğurla fəaliyyətini davam etdirir. Mərkəzlərin fəaliyyət prinsiplərində müəllim və tələbələr üçün hansı faydalı əməkdaşlıq imkanları var? 

- Sizin də vurğuladığınız üzrə prezident Aleksandr Vuçiç Azərbaycan və Serbiya arasında münasibətlərin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində müxtəlif inkişaf tədbirlərinə dəstək verir. Bunlardan biri də məhz Serbiya prezidentinin şəxsən iştirakı ilə açılan Serb dili və Mədəniyyəti Mərkəzidir. Hər iki Mərkəz qarşılıqlı əməkdaşlıqla fəaliyyət göstərir. Birgə layihələr hazırlayır. Hər iki universitetin müəllimləri işgüzar səfərlər çərçivəsində Mərkəzlərlə yaxından tanış olur. Serbiya hökumətinin təklif etdiyi müxtəlif təqaüd proqramları vasitəsilə Azərbaycan Dillər Universitetinin tələbələri Serbiyanın nüfuzlu universitet və mədəniyyət mərkəzlərində təcrübə keçmək, təhsil almaq və tədqiqat aparmaq üçün müxtəlif təqaüd proqramlarında iştirak etmək şansı qazanırlar.

- Belqrad universitetinin Şərqşunaslıq fakültəsində “Kitabi-Dədə Qorqud” eposunun, “Əli və Nino”, A.İmanquliyevanın elmi əsərləri əsasında yazılmış “Romantik poeziya Şərq və Qərb problemləri kontekstində” adlı əsərlərin serb dilində tələbələrin vacib oxunan ədəbiyyat siyahısına daxil olunmasını necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, çox vacib və müsbət bir addımdır. “Kitabi-Dədə Qorqud”un, “Əli və Nino”nun, və Aida İmanquliyevanın əsərlərinin tədqiq edilməsi, romantik poeziyanın Şərq və Qərb məsələləri kontekstində analizini özündə əks etdirir. Bu, tələbələrin fərqli mədəniyyətlər arasındakı bağlantıları, məzmunu və üslubu anlamaq üçün böyük bir imkan təmin edir. Həmçinin, bu tədqiqatlar şərq və qərb mədəniyyətləri arasındakı dialoqa və anlayışa kömək edərək, tələbələrin dünya görüşünü genişləndirir. Bu nəzəriyyələrə əsaslanan ədəbiyyat tədqiqatları, tələbələrin Azərbaycan ədəbiyyatını daha bənzərsiz və ətraflı bir şəkildə müşahidə etməsinə kömək edir.

- Serbiyada Azərbaycan dilinə və mədəniyyəti olan maraq hansı səviyyədədir? Bu istiqamətdə aparılan işlər yetərincədirmi?

- Serbiyada dilimizə və mədəniyyətimizə olan maraq öncəki illərə nisbətən artmışdır. Bu maraq əsasən akademik və mədəni dairələrdə görülür, lakin həmçinin geniş ictimai maraq var. Azərbaycan dilinin tədrisi və mədəniyyətinin təbliği üçün müxtəlif layihələr və tədbirlərin həyata keçirilməsi mədəniyyətin və dilin təbliğində əhəmiyyətli rol oynayır. Düşünürəm ki, daha çox ortaq proqramlar təşkil edilməsi və iki ölkənin mədəniyyətinin bir-birinə daha da yaxşı tanıdılması, ictimai marağı daha da artıracaq və münasibətləri daha da möhkəmləndirəcəkdir.

- Ötən il Belqradda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilib. Bu tədbirlərin keçirilməsi Serbiyada fəaliyyət göstərən elm adamlarının, tədqiqatçıların, alimlərin Azərbaycanla bağlı düşüncələrində necə əxz olunub?

- Belqradda keçirilən bu tədbirlər, Serbiya əhalisinin, xüsusilə də fəaliyyət göstərən elm adamlarının, tədqiqatçılarının və alimlərin Azərbaycanla bağlı düşüncələrində müsbət bir əks ötürmüşdür.

Qeyd edim ki, 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, iyunun 8 də Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dil siyasəti” adlı konfrasda “Azərbaycan və Serbiya arasında ədəbi-mədəni əlaqələr” mövzusunda müzakirələr və mədəni bədii tədbir keçirilmişdir.

Elm adamları, tədqiqatçılar və alimlər, bu tədbirlər vasitəsilə Azərbaycanın inkişafı, siyasi irəliləyişi, iqtisadiyyatının perspektivləri, regional və beynəlxalq münasibətləri, dəmir yolu və enerji layihələri kimi mövzuları ətraflı şəkildə müzakirə etmişlər.

Bu tədbirlər, Serbiyanın müxtəlif şəhərlərində düşüncə mübadiləsi imkanı yaradaraq, Serbiya ictimaiyyəti və akademik dünyası üzərində Azərbaycanla bağlı daha geniş və dərin bir anlayışın inkişafına töhfə vermişdir.

- Elmi, mədəni əlaqələrin fonunda Qarabağ həqiqətlərinin çatdırılması və təbliğatı işində hansı yeniliklər mövcuddur? Tələbələr bu sahədə nə qədər fəal iştirak edir?

- Mədəni əlaqələr və təbliğat sahəsində, Qarabağ həqiqətlərinin çatdırılması üçün  mədəni tədbirlər və sərgilər təşkil olunur. Bu tədbirlər Qarabağın mədəni və tarixi zənginliyini və həqiqətlərini təbliğ etmək üçün əlverişlidir. Bu tədbirlər tələbələrin, akademik cəmiyyətin və ictimaiyyətin bir araya gəlməsini və mübahisələr, araşdırmalar və fikir mübadilələrin aparılmasını təmin edir.

Tələbələr bu sahədə fəal iştirak edir. Çünki onlar gənc və dinamik bir qrup təşkil edirlər, çatdırılma və təbliğat prosesinə inkişaf etdirilmiş, innovativ fikirlər gətirə bilirlər.

- Serbiyada Azərbaycan dilinin öyrənilməsi və araşdırılması üçün hansı mexanizmlər tətbiq olunur və  dil bilgisinin artırılması üçün hansı layihələrin həyata keçirilməsinə ehtiyac var?

- Serbiyada Azərbaycan dilinin öyrənilməsi və araşdırılması üçün bir neçə mexanizm tətbiq olunur. Ən əsası, Belqrad universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi mövcuddur. Bu mərkəz Azərbaycan dilini öyrətmək, tədqiqat aparmaq və dilin inkişafına dəstək olmaq məqsədi ilə fəaliyyət göstərir. Mərkəzdə Azərbaycan dilindən serb dilinə tərcümə olunmuş kitablar da daxil olmaqla zəngin kitabxana var. 2019-2021-ci ildən Müasir Azərbaycan dili fənni fakültətiv formada tədris olunmuşdur. Artıq 2021-ci ildən əcnəbi dil kimi tədris proqramına salınmışdır. Azərbaycan dili və mədəniyyəti ilə yaxından tanış olmaq istəyən tələbələr və müəllimlər üçün tədbirlər təşkil olunur və tədqiqat layihələri ilə dilin fərqli aspektləri araşdırılır.

Yaxın zamanda seçilmiş tələbələr üçün təlimlərin təşkil olunması, eyni zamanda həmin tələbələrin Azərbaycandakı multikultural mühitlə yaxından tanış olması üçün  Yay və Qış məktəbləri layihəsi çərşivəsində ölkəmizə səfərlərinin təşkil olunması deyərdim ki, çox müsbət hal olardı.

- Serbiyada azərbaycanlı tələbə və müəllimlər üçün hansı mübadilə proqramları nəzərdə tutulub?

- Serbiya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq çərçivəsində Avropa Birliyi tərəfindən dəstəklənən Erasmus+ proqramı çərçivəsində, Serbiyadan Azərbaycana və əksinə tələbə və müəllim mübadilələri təşkil olunur. Bu proqram tələbələr və akademik heyət arasında təcrübə mübadiləsi imkanı verir.

Bu günə qədər Universitetimizdən bir neçə müəllim Belqradda təlimdə olublar. 10-dan artıq tələbə isə Belqrad universitetlərində təhsil almaq imkanı əldə ediblər.

- Azərbaycan və Serbiya təhsil perspektivlərini yaxın on ildə hansı səviyyədə təsəvvür etmək mümkündür?

- Azərbaycan və Serbiya arasında təhsil sahəsində əməkdaşlıq və perspektivlər, gələcəkdə daha da inkişaf edəcək. Nəzərdə tutulan beynəlxalq proqramlar və mübadilə proqramları, iki ölkənin təhsil sistemləri arasında əməkdaşlığı gücləndirmək üçün əhəmiyyətli rol oynayır. Bundan əlavə, hər iki ölkənin də təhsil sahəsində yeniliklərə və inkişafa olan marağı, gələcəkdə daha da səviyyəli əməkdaşlığa zəmin yaradır.

Söhbətləşdi: Tural Cəfərli

ADU mətbuat xidməti