XƏBƏRLƏR

Pedaqoji təcrübənin gedişatı ilə bağlı iclas keçirilib

11 mart, 2024

Azərbaycan Dillər Universitetində 2023-2024-cü tədris ilində təhsil pilləsinin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji və istehsalat təcrübəsi ilə əlaqədar Tədris məsələləri üzrə prorektor dosent Kifayət Hacıyeva, tədris şöbəsinin müdiri dosent Şəfəq Şahməmmədova, Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dosent Sevinc Hüseynova, Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Nicat Aşurovun iştirakı ilə müşavirə təşkil edilib.

 ADU-nun  Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Nicat Aşurov təcrübədə iştirak edən tələbələrin ixtisaslar üzrə sayı, bölgələrə müraciət edən tələbələrin akademik göstəriciləri, məktəb və təşkilat sayları, təcrübə rəhbərləri, metodist, pedaqoq və psixoloqlar haqqında ətraflı məlumat verib.

İclas zamanı pedaqoji və istehsalat təcrübəsinə tətbiq edilən yeniliklərdən danışılıb və qiymətləndirmə prosesi barədə məlumat verilib. Bakalavr pilləsinin IV kurs tələbələri ilə yanaşı magistr pilləsinin II kursunda təhsil alan və hal-hazırda təcrübədə olan tələbələr haqqında da müzakirələr aparılıb.

Qeyd olunub ki, magistrlar elmi-tədqiqat və pedaqoji istehsalat təcrübəsində ADU-nun müvafiq kafedralarına təhkim olunublar.