XƏBƏRLƏR

ADU-nun əməkdaşı Türkiyədə təcrübə mübadiləsində olub

27 fevral, 2024

 Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Xatirə Qarazadə 12-15 fevral tarixlərində AFMA-nin bir qrup heyəti ilə Türkiyənin İstanbul şəhərində Fransız dili müəllimləri ilə əməkdaşlıq layihəsi çərçivəsində təcrübə mübadiləsində olub. Səfərdə Respublikamızın bir neçə təhsil müəsissəsindən olan əməkdaşlar da iştirak ediblər.

 Əməkdaşlar öncə, Marmara Universitetində APFİ (İstanbul Fransız dili müəllimləri Assosiyasiyası)–nın prezidenti xanım Mahacen Varlığın təşkilatçılığı ilə universitetin professoru Füsun Sarac, İstanbul Cərrahpaşa Universitetinin müəllimi Meril Naktan və digər fransız dilli mütəxəssislərin iştirakı ilə ilk görüşdə olublar. Görüşdə fransız dilinin tədrisi zamanı qarşıya çıxan müxtəlif problemlərin həlli yolunda təcrübə mübadiləsi aparılıb. Həmçinin, Marmara Universiteti və İstanbul Cərrahpaşa Universiteti əməkdaşları Rouen Universitetinin professoru Jackes Cortès-nin rəhbərliyi ilə və Marmara Universiteti əməkdaşlarının elmi redaktorluğu ilə dərc olunan illik dərgi “Synergies Turquie” elmi məcmuəsini heyət üzvlərinə təqdim ediblər.

Növbəti gün heyət Qalatasaray Universitetində Fransız İnstitutu əməkdaşları FLE dərslər üzrə koordinator David Baglieto, müəllimə Caroline Béguin və hazırlıq sinifləri üzrə müəllimə Julie Viaux ilə görüşdə olublar.

 Görüş zamanı Qalatasaray Universitetində fransız dilinin tədrisinin təşkili və bu təcrübənin digər təhsil müəssisələrinə də tətbiqi formaları barədə fikir mübadiləsi aparılıb.

Səfərdə həmçinin, İstanbul Fransız dili iş birliyi ataşesi Vincent Brousse ilə də görüş keçirilib. Səfərin sonuncu günü heyət üzvləri İstanbulun ən qədim liseylərindən olan Saint-Benoit (Müqəddəs Benedikt) liseyində görüş keçiriblər.

Keçirilən hər bir görüşdə Marmara Universiteti, Qalatasaray Universiteti və Saint-Benoit liseyində ADU-nun Fransız dili kafedrasının müəllimlərinin birgə səyi ilə ərsəyə gəlmiş “Découvrons l’Azerbaidjan” kitabı Xatirə Qarazadə tərəfindən təqdim edilərək universitet və lisey kitabxanalarına da nüsxə olaraq hədiyyə edilib. Bundan əlavə, Saint -Benoit liseyinə müqəddəs şəhidlərimizin rəmzi olan “Xarıbülbül” döş nişanları da lisey şagirdlərinə verilmək üçün hədiyyə edilib.