Xocalı: Unudulmaz insanlıq xəyanəti
Xocalı faciəsi, 20-ci əsrin ən qaranlıq, insanlığın ürəyini dağlayan hadisələrdən biridir. 1992-ci il fevral ayının 26-da başlayan və bir neçə gün davam edən bu soyqırım, Azərbaycanın Xocalı şəhərində yaşanan insanlıq faciəsidir. Bu qəzalar zamanı erməni silahlı qüvvələri, dəstələri və Ermənistan Silahlı Qüvvələri tərəfindən sülhsevər sakinlərə qarşı qeyri-insani əməllər həyata keçirilib. Xocalı soyqırımı, dünya tarixində ən dəhşətli və qanlı hadisələrdən biri kimi qeydə alınmışdır. Bu məqalədə, Xocalı faciəsinin arxa planını, hadisələrin axarını və onun insanlığa olan təsirini ətraflı şəkildə müzakirə edəcəyik.
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli çox az olan hadisələrdən biri- Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Bu qəddarcasına törədilmiş qırğın Xatın, Xirosima kimi faciələrlə eyni səviyyədə tutulur.
Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir.
Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu…
Bu faciə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımıdır. Hücumdan əvvəl, yəni fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulmuşdur. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bürünmüşdür. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etmişdir. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən sakinlərdən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olmuşdur. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. 1275 xocalılı əsir, 150 insan itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Bu əsl soyqırım idi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta, meyitləri də təhqir etmişdilər…
Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" ulu öndər Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı "Xocalı Soyqırımı" ilə əlaqədar xalqa müraciət edir.
İllərcə yad etməyi bir an belə unutmadığımız bu dəhşətli faciədən tam 32 il keçir. 32 il öncə Çingiz Mustafayevin müsahibə aldığı kiçik qızcığaz artıq vətəninə dönüb, eyni məkana fərqli qayıdışla…
Hər il bu faciəni xatırlamaq, şəhidlərimizə və gələcək nəsilləri layiqli yetişdirmək adına borcumuzdur. 32 il keçsə belə Xocalı faciəsi, rayonlarımızın işğal hadisələri haqqında danışmaq bizlər üçün çətindir. Lakin 44 günlük müharibənin ardından bütün ümidlərimizə işıq olan o möhtəşəm qələbə bir az belə olsa qəlblərimizə sakitlik gətirir.
44 gün sevinci, qüruru, ağrısı, hüznü ilə keçib, getdi. Günlər keçdi, hisləri isə bir ömür qəlbində vətən sevgisi olan hər kəsə əmanət qaldı. Gələcək nəsillərə qürur və hüznlə danışacağımız 2020-ci il dastanımız oldu. Bundan sonrakı vəzifələrimiz də olduqca vacibdir. Hər birimiz şəhidlərimizin əmanəti olan torpağa gözümüztək baxmalı və xidmət etməliyik. Dastan havalı 44 gün bitsə də, hekayəmiz hələ qarşıdadır…
Baş verənləri düzəltmək üçün geriyə qayıtmaq mümkün deyil, lakin bu hadisələri unutmamaq və unutdurmamaq tamamilə bizim əlimizdədir…
Başımıza gələn heç bir şeyi unutmamaq üçün bir sıra tədbirlər keçirilir, şəhidlərimizin hekayələri gələcək nəsillərə anlatılır və bir çox qrumlara onları adları verilir. Bunlardan biri də biz gənc müəllim namizədlərinin təcrübədə olduğu 56 nömrəli məktəbdir. Məktəb Milli Qəhrəmanımız Elşad Yəhyayevin adını daşıyır və məhz bu igid qəhrəmanımız da Xocalıda gedən qırğın zamanı qəhrəmancasına şəhid olmuşdur.
Təhsil 1 fakültəsi nəzdində Xarici Dillərin Tədrisi Metodikası kafedrasının müəllimi Zəhra Qəhrəmanova 56 nömrəli məktəbə təhkim olunan pedaqoji təcrübə tələbələri ilə birlikdə Milli Qəhrəman Elşad Yəhyayevin büstünü, daha sonra isə, “Ana harayı” abidəsini ziyarət etmişlər.
Azərbaycan Dillər Universiteti
4-cü kurs 56 nömrəli məktəb təcrübəçiləri