XƏBƏRLƏR

ADU-da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirilib

26 fevral, 2024

Fevralın 26-da Azərbaycan Dillər Universitetində Xocalı soyqırımına həsr edilmiş “Qalib xalqın silinməyən yaddaşı” adlı tədbir keçirilib.

Xocalı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrundan canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını və bu hadisənin Azərbaycan türklərinə qarşı baş vermiş soyqırım aktının olduğu vurğulayıb.

Qeyd olunub ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

ADU-nun rektoru, akademik Kamal Abdulla Xocalı faciəsi haqqında fikirlərini bölüşüb. Bildirilib ki, Xocalı faciəsi bütün insanlığın faciəsidir. Bu vəhşi qətliam bəşəriyyətə qarşı yönəlmiş vandalizm aktıdır:

“Xocalı bizim əbədi olaraq yaddaşımızdadır. Bu soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. Azərbaycan Ordusu 44 gün ərzində şəhidlərimizin qısasını aldı, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Bu gün Azərbaycan xalqı qalib xalq kimi yenidən öz doğma yurduna, elinə, obasına qayıdır. Bu gün Xocalı yenidən qurulur, Xocalıya həyat qayıdır.  Bu gün dünya Azərbaycan həqiqətlərinə daha çox inanır. Bu gün prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində dünyanın bir çox ölkəsində Xocalı hadisəsi adekvat olaraq qiymətləndirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan “Xocalıya ədalət” layihəsi ilə dünya ölkələrinin qarşısına çıxır”.

Daha sonra Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Mina Qarayeva və Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aysel Bağırova məruzələrlə çıxış ediblər.