XƏBƏRLƏR

AZƏRBAYCAN DİLİNDƏKİ XÜSUSİ ADLARIN İNGİLİS TRANSLİTERASİYA VƏ TRANSKRİPSİYASINDA YARANAN PROBLEMLƏR -- POLEMİKA

16 fevral, 2024

Dövrün informasiya ötürücü vasitələri o qədər inkişaf etmişdir ki, müxtəlif dillərin daşıyıcıları təmaslı əlaqədə olmadan da dillərarası əlaqələrin iştirakçısına çevrilirlər.  Dil əlaqələri prosesində bir dilə aid olan vahidlərin digər dildə verilməsi ilə bağlı müxtəlif  hallar meydana çıxır.  Hazırda dünya miqyasında məşhur olan firmaların adlarının olduğu kimi yazılmasına meyil güclüdür. Bununla yanaşı, bəzi xalqlar  dilin öz əlifbasında olmayan qrafemlərə malik sözlərin alınıb işlədilməsi ilə bağlı bir sıra qaydalar qəbul etmişlər. Məsələn, müasir türk dilinin orfoqrafiya prinsiplərinə görə, əlifbaları latın qrafikası əsasında tərtib olunmuş Avropa dillərindən türk dilinə keçən xüsusi isimlər, məşhur şirkətlərin adları və bir sıra terminlər əslinə uyğun şəkildə yazılır. Müasir Azərbaycan dili üçün bu məsələ  öz həllini tapmadığından tərkibində əlifbamızda olmayan qrafemin daxil olduğu sözlərin alınması və işlənməsində variativlik meydana çıxır. Kütləvi informasiya vasitələrində belə sözlərin müəyyən qisminin milli dildə olduğu kimi yazılmasına üstünlük verilir. Nitq mədəniyyəti tələblərinə görə yalnız sözün yazılışı deyil, onun oxunuşu da Azərbaycan dilinin normalarına uyğun olmalıdır. Belə olan halda bir çox sözlərin Azərbaycan dilindəki tələffüzündə qarışıqlıq yaranır. Belə ki, Apple; Microsoft  kimi sözləri Azərbaycan oxucusu Azərbaycan dilinin normalarına uyğun tələffüz edəcəkdir.

Məlumdur ki, verilmiş sözlər Azərbaycan dilinə ingilis dilindən keçmişdir və bu ənənə dünyanın bir çox dillərində müşahidə olunur . Azərbaycan dilinin hər bir daşıyıcısı ingilis dilini bilmir və mövcud orfoqrafiya bu sözləri Azərbaycan dilinin normalarına müvafiq şəkildə oxumaq tələbini qoyur.  

 Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini tutduqdan sonra bu ölkənin həyatı ilə bağlı müxtəlif məlumatlar ingilisdilli kütləvi informasiya vasitələ­rində yayımlanır. Bu materialların bir qismi, Azərbaycanda hazırlanırsa, digər hissəsi dünyanın müxtəlif ölkələrində hazırlanıb yayımlanır. Nəticədə, eyni xüsusi adların internet səhifələrində fərqli şəkillərdə verilməsi ilə üzləşirik. İnternet səhifələrində “Qarabağ” toponiminin fərqli formala­rda yazılışına tez-tez rast gəlmək olur. GARABAGH və KARABAKH. Həmçinin, “Azərbaycan” sözünün ingilis dilində tələffüzündə variantlılığın aradan qaldırılması ilə bağlı məsələnin həlli də vacibdir. Ölkəmizin adının orfoqrafiyası ilə orfoepiyası arasında uyğunsuzluğun nizamlanmasına da ehtiyac var. Bu sahədə Türkiyənin təcrübəsindən istifadə etmək olar. Keçən ilə qədər “Turkey” kimi yazılan Türkiyə dövlətinin adı hazırda beynəlxalq səviyyədə rəsmi olaraq “Türkiye” qəbul olunmuşdur. Düşünürəm ki, ingilis dili üzrə aparıcı elmi müəssisə olaraq universitetimizin ingilis dili üzrə mütəxəssisləri “Azərbaycan” sözünün fərqli tələffüzü ilə bağlı müəyyən təkliflər irəli sürə bilər.

Fərqli əlifbalar arasında transliterasiya vacibdir. Azərbaycanda uzun müddət kiril qrafikası tətbiq olunduğu üçün bu qaydaların tənzimlənməsi zərurəti yaranmışdır. Bütün qeyd edilən fərqli yazılışların əksəriyyəti Azərbaycan onomastik vahidlərinin ingilis və başqa Avropa dillərində yazılışı ilə bağlı normaların qəbul edilməməsindən irəli gəlmişdir. 16 dekabr 2020-ci ildə Azərbaycan Respublikasi Nazirlər Kabineti Azərbaycan Respublikası coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından rus əlifbasına və ingilis əlifbasına transliterasiyası qaydalarını təsdiq etmişdir. Qəbul olunmuş transliterasiya qaydalarında Bakı sözündəki ı saitinin u ilə əvəz olunmasının ənənəyə əsaslandığı qeyd olunur ki, bu da rus dilində işlənən varianta uyğundur. Azərbaycan dilindəki coğrafi adlarin ingilis dilində verilməsindəki mövcud problemlərin səbəbi rus dilinin vasitəçi dil kimi istifadə olunmasıdır.

Azərbaycan dilçiliyi kafedrasının müdiri dos. Fərəh Niftəliyeva