XƏBƏRLƏR

İsveç səfiri ADU-nun qonağı olub

13 fevral, 2024

Fevralın 13-də İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson ADU-nun qonağı olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, xarici təcrübə proqramlarının öyrənilməsi vacib elementlərdən biridir. ADU-da həyata keçirilən müxtəlif layihələr, müəllim-tələbə mübadiləsi proqramları haqqında qonaqlara məlumat verilib.

“Səfir saatı” layihəsinin tarixindən və tələbələr üçün əhəmiyyətindən danışan rektor, ADU-da tez-tez belə görüşlərin keçirildiyini vurğulayıb:

“Azərbaycan Dillər Universiteti dünyanın müxtəlif ölkələrinin universitetləri ilə beynəlxalq elmi əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Bu inkişaf həm müəllimlərimizin, həm də tələbələrimizin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Tələbələrimiz müxtəlif yerli və beynəlxalq layihələrdə uğurla iştirak edirlər. Belə layihələrdən biri də “Səfir saatı” layihəsidir.

İnanıram ki, Azərbaycan və İsveç arasında olan dostluq və  tərəfdaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət və təhsil sahəsində də yüksələn xətlə inkişaf edəcək”.

Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirən səfir gələcək elmi əməkdaşlığın yeni istiqamətlərindən danışıb. Qeyd olunub ki, elmi, mədəni əməkdaşlıq hər iki ölkə üçün böyük önəm kəsb edir.

Görüşdə ADU-nun kollektivi adından səfirə xatirə hədiyyələri təqdim olunub.

Daha sonra “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib. Görüşdə eyni zamanda “Online Swedish” akademiyasının İsveç dili müəllimi Robert Melwitz də iştirak edib.