XƏBƏRLƏR

ADU-nun baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib

01 fevral, 2024

  Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Xədicə Abdullayevaya  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının  12.01.2024-cü il tarixli qərarı ilə 5714.01 – “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisası üzrə filologiya elmləri sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Məqaləmizin qəhrəmanı   Xədicə Abdullayeva  1979-cu ildə Bakı şəhərinin 20 saylı orta məktəbini bitirib və elə həmin ili SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) Fransız dili fakültəsinə qəbul olub. O, 1984-cü ildə APXDİ – ni fərqlənmə diplomu ilə bitirib.  Ali məktəbdə dövrün ən yüksək təqaüdü – Lenin təqaüdü ilə təltif olunan Xədicə Abdullayeva təhsil illərində nümunəvi tələbə olub.

Ali təhsilini bitirdikdən sonra, 1985-ci ilin yanvar ayından APXDİ-nin Fransız dili fakültəsinin Fransız dilinin leksikası və leksikologiyası kafedrasında saat hesabı müəllim, 1988-1990-cı illərdə baş laborant, 1990-cı ildən 1996-cı ilin iyun ayına qədər müəllim vəzifəsində çalışıb. 1996-cı ildən M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi nəzdində olan Xarici dillər kafedrasında müəllim, 1997-ci ildən baş müəllim kimi çalışan Xədicə Abdullayeva, 2001-ci ildən BDU-nun Alman və fransız dilləri kafedrasının baş müəllimi, 2022-ci il sentyabr ayından Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasında əvəzçilik yolu ilə baş müəllim vəzifəsində çalışır.

X. Abdullayeva  2012-ci ildə Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2021-ci ildə isə Fransa dövlətinin Akademik Palma ordeni ilə təltif olunub.

30 illik pedaqoji fəaliyyətində nümunəvi olmaqla yanaşı, elmi fəaliyyətində də daima inkişafa can atan Xədicə Abdullayeva, filologiya elmləri doktoru, professor Ə. Ə. Rəcəbli və filologiya elmləri doktoru, professor G. R. Sadıxovanın rəhbərliyi ilə hazırladığı “Müxtəlifsistemli dillərdə informatika terminlərinin tərkibində obrazlı ifadələr (Azərbaycan və fransız dillərinin materialları əsasında)” mövzusunda dissertasiya işini 2023 ilin iyun ayında uğurla müdafiə edib.

Fəlsəfə doktoru elmi dərəcəsini almış Xədicə Abdullayeva pedaqoji və elmi fəaliyyətindəki məqamlardan bəhs edən zaman maraqlı bir faktı ön plana çəkir:  “Elmi rəhbərim olan Gülnarə xanım mənim Fransız dili fakültəsində dərs dediyim ən savadlı tələbələrimdən olub, sonradan isə alimlik dərəcəsi almaq üçün elmi rəhbərim oldu.

Filologiya elmləri doktoru, professor G. R. Sadıxova, müəlliməsi və dissertantı haqqında qürur hisslərini belə ifadə edir: ”Xədicə xanım çox savadlı və  yüksək insani keyfiyyətlərə malik olan bir pedaqoqdur, yüksək mədəniyyətə malik olan insandır. O özünün  pedaqoji və elmi fəaliyyətinin inkişafı üçün yorulmadan çalışır. Mən fəxr edirəm ki, Xədicə xanım mənim müəllimim olub, mən fəxr edirəm ki, o bizim kafedramızın əməkdaşıdır ”.

Biz də öz növbəmizdə, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının kollektivi olaraq, Xədicə Abdullayevanı təbrik edir, ona can sağlığı, pedaqoji və elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.