“Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı kitab ADU-nun böyük uğurudur
2023-cü ildə nəşr olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı kitab Azərbaycan Dillər Universitetinin böyük uğurudur. Vətənimizə, onun inkişaf yoluna dair tədqiqatda iştirak etmək bir tərcüməçi kimi məni qürurlandırır. Bu kitab elmin bütün aspektlərində tədqiqat aparmaq baxımından olduqca zəngindir. Mən də etdiyim tərcümələrdə qarşıma çıxan çətinliklərlə bağlı məqalələr yazmağı özümə borc bildim.
2023-cü ilin dekabrın 26-29-da Türkiyənin Ankara şəhərində Türkiyə Cumhuriyyətinin 100 illik ildönümü ilə əlaqədar keçirilən IX Beynəlxalq Ankara Elmi Tədqiqatlar konfransında “Tərcümə olunmazlıq problemi” (The Problem of Untranslatability) mövzusunda çıxış etdim.
Bildiyimiz kimi, stilistik üslubi üsullar və obrazlı ifadələr tərcümə prosesində tərcüməçiyə çətinliklər yaradır. Burada, eyni zamanda mədəniyyətlərdə fərqlilik faktoru da özünü göstərir. Bu səbəbdən 2024-cü ildə yanvarın 16-18 də Mərakeşdə keçirilən XI Beynəlxalq Qabaqcıl Elmi Tədqiqatlar və Fənlərarası Araşdırmalar konqresində “Stilistik üslubların və obrazlı ifadələrin tərcümədə problemi” “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" adlı kitabının əsasında” (The Problem of Stylistik Devices and Expressive Means in Translation based on the Book “The Image of Azerbaijan in the English Language Press During the Period of Independence”) mövzusunda çıxışım maraqla qarşılandı. Auditoriya həm linqvistik, həm də Azərbaycanın inkişaf tarixi və o dövrdə baş verən hadisələrlə məlumatlandırıldı. Belə bir qürurverici layihədə iştirakıma görə layihənin ideya müəllifi və rəhbəri ADU-nun rektoru akademik Kamal Abdullaya öz dərin minnətdarlığımı bildirirəm.
Eleonora Babayeva