NUML-da 20 Yanvar faciəsinə həsr olunmuş seminar keçirilib
Azərbaycan Dillər Universitetinin Pakistandakı Azərbaycan Dil və Mədəniyyət Mərkəzi tərəfindən “20 Yanvar – Azərbaycan Tarixinin qəhrəmanlıq salnaməsi” (20 January - A heroic chronicle of the history of Azerbaijan”) mövzusunda seminar təşkil edilib.
Seminarda Azərbaycan Respublikasının səfiri cənab Xəzər Fərhadov, Pakistanın dəyərli ictimai xadimləri, NUML universitetinin müəllim və tələbə kollektivi iştirak ediblər.
İlk çıxış edən cənab səfir- Xəzər Fərhadov Azərbaycan tarixində əhəmiyyətli sayılan, xalqın oyanışı və müstəqilliyimizin yenidən bərpası üçün aparılan bu milli mübarizədən, bu uğurda verilən qurbanlardan, ümummilli lider Heydər Əliyevin və cənab ali baş komandan İlham Əliyevin gərgin zəhməti nəticəsində güclənən və çiçəklənən bugünki Azərbaycandan söhbət açıb.
Davamlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun Baş İcraçı Direktoru (Beyin Mərkəzi) Dr. Muhammad Şakil Əhməd də çıxış edib. O, iştirakçılara 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki yeri və əhəmiyyəti haqqında fikirlərini bölüşüb.
Daha sonra çıxış edən NUML universitetinin Dillər fakültəsinin dekanı Prof Dr Cəmil Əsgər Cami günün önəmi vurğulayıb və 20 yanvar şəhidlərinin yad edilməsinin, bu tarixin əhəmiyyətinin Pakistanlı tələbələrə də çatdırılmasının vacibliyini dilə gətirib. Çıxışında o, bildirib ki, hər bir ölkənin tarixində belə faciəvi günlər olur, bu bir reallıqdır. Lakin biz unutmamalıyıq ki, əzizlərimizin- baba və nənələrimizin canı bahasına başa gələn bu faciələr dövlətimizin və bizim varlığımızın təməlini təşkil edir. Azərbaycan keçməkeşli tarixə malik olan bir xalqdır, Azərbaycan xalqı və biz, dost xalqlar bunu bilməli və unutmamalıyıq.
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.