ADU-da 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan tədbir keçirilib
Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş “Tariximizin hüzn və qürur səhifəsi” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli 20 yanvar faciəsinin tarixi ilə bağlı məlumat verib, tədbirin əhəmiyyətindən danışıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisəsi ilə bağlı danışarkən bildirib ki, həmin gün xalqımız göstərdiyi şücaətlə bütün dünyaya müstəqillik uğrunda canından keçən qorxmaz, mərd, vətənpərvər xalq olduğunu sübut etdi. Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Onun siyasi izi ilə gedən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi.
20 yanvar şəhidi Ülvi Bünyadzadənin bacısı, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə 1990-cı ilin 20 Yanvar hadisəsini bu gün ölkəmizdə hökm sürən əmin-amanlığın başlanğıcı, Azadlıq mübarizəsinin ən bariz nümunəsi olduğunu vurğulayıb. Hadisələr barədə xatirələrini bölüşən çıxışçı həmin günlərdə Azərbaycan xalqının yanında olan, onun haqq səsini dünyaya bəyan edən ümummilli lider Heydər Əliyevin böyük xidmətlərindən danışıb.
Universitetin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimləri - Vüqar Həsənov “Müstəqilliyin qarşısını almaq cəhdləri”, Sevinc Abbasova isə “Milli birliyin təcəssümü” mövzusunda məruzə ilə çıxış ediblər.
Bədii hissədə tələbələr “Milli qürur günündən doğan zəfər” adlı kompozisiya nümayiş etdiriblər.