20 Yanvar faciəsinin 34-cü il dönümünə həsr olunmuş tədbir
“20 Yanvar faciəsi”nin 34-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planına əsasən 18.01.2024-cü il tarixində ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi və Təhsil 1 fakültəsinin birgə təşkilatçılığı ilə "20 Yanvar faciəsinin anım günü" adlı tədbir keçirilib. Tədbirdə rektorun müşaviri Anar Osmanov, Təhsil 1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov, Təhsil 2 Fakültəsinin dekanı dos. Salman Nuriyev, İngilis dilinin fonetikası kafedrasının müdiri prof. Fərman Zeynalov, İngilis dilinin qrammatikası kafedrasının məsləhətçi-professoru Arif Hüseynov, dos. Elxan Yusifov, baş müəllim Mülayim Bağırova, kitabxana şöbəsinin bölmə müdiri Güllüzar Məmmədova, baş müəllim Nahidə Məmmədova, müəllim Püstəxanım Yusifova, tələbə Əhmədzadə Aygün, kitabxana əməkdaşları, müəllim və tələbələr iştirak ediblər.
Əvvəlcə 20 Yanvar faciəsinin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar öz çıxışlarında bildiriblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Sovet qoşunlarının təcavüzü nəticəsində ümumilikdə Bakıda 131 mülki vətəndaş öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Şəhid olmuş tələbə Ülvi Bünyadzadə haqqında tələbə yoldaşı, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Mülayim Bağırova maraqlı xatirə danışıb.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub.
20 Yanvar Şəhidlərini qurur və ehtiramla anır, ruhları qarşısında baş əyirik! Allah rəhmət eləsin!