XƏBƏRLƏR

ADU-da şair və tərcüməçi Yusif Savalanın 75 illik yubileyi qeyd olunub

15 yanvar, 2024

Azərbaycan Dillər Universiteti 75 yaşlı şair, tərcüməçi, hər şeydən öncə isə hörmətli müəllim, sevimli əməkdaş, vəfalı dost, fədakar Vətən oğlu Yusif Savalanın yubileyini qeyd edir.

Allahverdiyev Yusif Savalan oğlu (Yusif Savalan) 10 oktyabr 1948-ci ildə  Dağlıq Qarabağın qədim Xocalı kəndində dünyaya göz açmış, 1963-cü ildə orada 8 illik, 1966-cı ildə Xankəndi şəhərində orta məktəbi bitirmiş, 1971-1975-ci illərdə indiki Azərbaycan Dillər Universitetində, 1985-1987-ci illərdə Tbilisi 2 illik ali tərcüməçilər kurslarında təhsil almışdır.

1975-79-cu illərdə təyinatla Xocalı orta məktəbində alman dili müəllimi işlədikdən sonra 1979-cu ilin sentyabrından bitirdiyi ali məktəbdə uzun illər xarici dil müəllimi kimi fəaliyyət göstərmişdir. Müntəzəm olaraq respublika mətbuatında şeir və  tərcümələrilə çıxış etmişdir. Onun alman ədəbiyyatından çevirdiyi şeir və hekayələr “Ədəbiyyat və incəsənət”, “Mədəniyyət”, “525-ci qəzet”, “Yol” və s. qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Xəzər” və s. jurnallarında, “Dünya” tərcümə toplusunda işıq üzü görmüşdür.

Yusif müəllimin yubileyinə həsr olunmuş ədəbi görüşə illər boyu çiyin-çiyinə çalışdığı ən yaxın dostları, kolleqaları, sevimli tələbələri və oxucuları yığışmışdı. Özü kimi sadə, səmimi, mehriban, şairanə bir tədbir idi.

Səbəbkarı öncə Yusif müəllimin çalışdığı universitetin rektoru, akademik Kamal Abdulla təbrik etdi. O, Yusif müəllimin fəaliyyətindən ətraflı şəkildə danışaraq, onun vətənpərvərlik duyğuları, millət və yurd sevgisi ilə dolu olan, oxucuların rəğbətini qazanmış şeirlərini xüsusi vurğuladı.

Yusif müəllimin çətin ömür yoluna, müharibənin ona vurduğu mənəvi zərbələrə, Xocalı faciəsində 83 yaşlı atası, böyük bacısı, bacısının oğlu və nəvəsi, ikinci bacısının həyat yoldaşı, qızı, kiçikyaşlı iki nəvəsi, kürəkəni və digər qohumlarının erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə baxmayaraq ruhdan düşmədiyini, erməni vəhşiliyinə qarşı apardığı mübarizəsini, Azərbaycanın haqq sözünü həm şeirləri, həm də Azərbaycan dilindən alman dilinə tərcümə etdiyi əsərlərində dünyaya çatdırdığınl qeyd etdi. Almaniyada 1999-cu ildə işıq üzü görmüş “Qarabağda qocalmasaq...” adlı şeirlər kitabı, 2013-cü ildə Azərbaycanda dərc olunmuş “Vətən və Məhəbbət”, “Ürəkləri qızdıran” (AzərTac), 2006-cı ildə dərc olunmuş “Februarsonne in Kassel” (“Kasseldə fevral günəşi”) adlı şeirlər kitablarını nümunə göstərdi. 

Bundan başqa ötən əsrin 90-cı illərindən başlayaraq onun Azərbaycan ədəbiyyatından tərcümə etdiyi bir sıra poeziya nümunələrinin Almaniya və Avstriyada kitab və antologiyalarda dərc olunduğunu, Ə.Cavad, R.Rza, N.Rəfibəyli, N.Xəzri, B.Vahabzadə, N.Həsənzadə, F.Qoca, V.B.Odər və başqa şairlərimizin bəzi şeirlərinin Y. Savalanın tərcüməsində almandilli oxuculara çatdırıldığını, M.Quliyevin təmsillərindən ibarət AFR-də alman dilində çap olunmuş “Der Rabe als Dirigent” (“Dirijor qarğa”) (2007) və S.Babullaoğlunun “Gespräch mit meinem Sohn” (Oğlumla söhbət) (2019) tərcümə kitablarının da uğurlu olduğunu qeyd etdi.

Daha sonra ADU-nun Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli cıxış edərək bildirdi ki, Y.Savalan eyni zamanda klassik alman şairi H.Haynenin şeirlərinin tərcüməçisi kimi də tanınır. 2008-ci ildə Haynenin “Şeirlər” kitabı onun çevirməsində “Avrasiya-press” nəşriyyatında, 2022-ci ildə “Alman epiqramları” “Mütərcim” nəşriyyatında ilk dəfə olaraq alman və Azərbaycan dillərində oxucuların ixtiyarına verilmişdir.     

Professor Şahin Xəlilli Yusif Savalanın 2001-2006-cı illərdə AFR-də azad yaradıcılıqla məşğul olduğunu, bir sıra uğurlara imza atdığını, qatıldığı çoxsaylı görüş və toplantılarda Azərbaycan həqiqətlərini, erməni işğalçılarının vəhşiliklərini alman ictimaiyyətinə çatdırdığını, almanca yazdığı şeirlərilə Almaniyanın poeziya almanax və antologiyalarında çıxış etdiyini qeyd etdi. 2002-ci ildə almanca qələmə aldığı və Frankfurt/Mayn şəhərində işıq üzü görən “Yeni ədəbiyyat. 2005-ci ilin payız antologiyası” adlı poeziya toplusunda dərc edilmiş “Söyüd” təcnisi ilə min illik alman ədəbiyyatına yeni şeir növü gətirmişdir. Onun “Alman dili dərsində qrammatika, buna rəğmən, siyasi şeir” adlı poeziya nümunəsi 2007-ci ildə AFR-də nəşr olunmuş “Die Besten” (“Ən yaxşılar”) adlı şeir  antologiyasına daxil edilmişdir. Y.Savalan 2007-ci ilin noyabrında Avstriya radiosunda Azərbaycan poeziyasini layiqincə təmsil etmişdir.

Yusif müəllimi təbrik edənlər arasında onun işlədiyi Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova da var idi. Bənövşə xanım Yusif müəllimi tələbələrin inkişafı üçün, vətənə sadiq və savadlı səxsiyyətlər kimi yetişmələri üçün vicdanla və əzmlə çalışan savadlı müəllim kimi qiymətləndirdi və onunla bir yerdə işlədiyi üçün sevindiyini bildirdi.

ADU-nun Xarici illər kafedrasının professoru Əsgər Zeynalov da həmçinin çıxış edərək bildirdi ki, Yusif Savalan Beynəlxalq Herman Hesse/Kalv (AFR) Cəmiyyətinin, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin və Azərbaycan PEN-Mərkəzinin üzvüdür. 2009-cu ildə Azərbaycanın və xarici ölkələrin mətbuatında səmərəli fəaliyyətinə görə “Qızıl qələm” media mükafatına layiq görülmüşdür. Yusif müəllim 1985, 1996, 2000-ci, 2007-ci və 2012-ci  illərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Avstriya və Almaniyada respublikamızı təmsil etmişdir.

Yusif müəllim ilə görüşdə ADU-nun baş müəllimi, Azərbaycanda Alman dili müəllimlər Birliyinin sədri Lətifə Qurbanova da var idi. Onun çıxışını diqqətinizə çatdırırıq:

“Mən Yusif müəllimi kolleqa kimi yox, məhz oxucu kimi fərqli bir yöndən təhlil etmək və  diqqətinizi Yusif müəllimin soyadına yönəltmək istərdim. “Savalan” Ərbədildə 4821 m. yüksəklikdə yerləşən geoloji olaraq yatmış bir vulkandır. Uca olmasına, vulkan olmasına baxmayaraq sakit, dərin, təvəzökardır. Bəzən həyatda da belə olur. Ətrafımızda elə dərin, sakit insanlar olur ki, onları hiss etmirik, görmürük, onların gücünün fərqinə varmırıq. Təvəzökarlıqları sayəsində başqalarından seçilmirlər, amma əslində başqaları kimi deyillər. Məhz Yusif müəllim kimi.

Onun yalnızca Heinenin  “Sevənlər ayrılanda” şeirinin tərcüməsinə diqqət yetirsək haqlı olduğumu görərik.

Wenn zwei voneinander scheiden,

So geben sie sich die Händ`,

Und fangen an zu weinen,

Und seufzen ohne End`.

 

Wir haben nicht geweinet,

Wie seufzten nicht weh und Ach!

Die Tränen und die Seufzer,

Die kamen hintennach.

***

Sevənlər ayrılanda

Əl verməz gülə-gülə,

Ah çəkər, gözlərindən

Yaş gələr gilə-gilə.

 

Bu həsrətin qəmindən

Özümüzü saxladıq.

Sonra dözə bilməyib

Hönkür-hönkür ağladıq.

Həmid Arzulunun qeyd etdiyi kimi, bu əsəri əsl tərcümə incisi adlandırmaq olar. Savalan sanki Heine ilə dodaq-dodağa verərək bu gözəl nəğməni birlikdə, bir ahəngdə, bir ruhda oxuyur.

Yusif müəllimin yaradıcılığında onu başqalarından fərqləndirən əsas cəhət onun “Məzmun və forma”ya olan yeni yanaşması, müasir dəsti-xəttidir. O, Avstriya şairləri Ernst Jandl və Erich Frieddən ilhamlanaraq öz şeirlərində məzmunu sərhədsiz, çərçivəsiz formada, yeni tərzdə ifadə edir, sanki sözlərlə oynayaraq geniş mənaları kiçik, amma sərbəst, azad formalara elə ustalıqla sığışdırır ki, hüdudsuz üfiqlərdə məzmunu yeni formalarda qanadlandırır.

ich bin

ich bin

wohnungslos

und

hoflos

und

heimatlos

aber

ich bin

nicht

hoffnungslos

 Mən ümidsiz deyiləm!

Daha sonra ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Ulduz Aslanova da çıxış edərək,  Yusif Savalanın 2013-cü ildə Almaniyanın Frayburq Pedaqoji Universitetində universitetlərarası mübadilə çərçivəsində işgüzar səfəri zamanı Alman Dili və Ədəbiyyatı İnstitutunun təşkil etdiyi, alman şair və yazıçılarının iştirakı ilə keçirilən  ənənəvi  “Poetry Slam- Şeir yarışması” adlanan ədəbiyyat və şeir müsabiqəsinə qatıldığını, tamaşaçıların seçimi və təşkilatçıların rəyi ilə yarışın qalibi olduğunu xüsusi vurğuladı. “Baxmayaraq ki, Yusif müəllim bu yarışma haqqında təsadüfən xəbər tutmuşdu, hazırlıqsız idi və ən əsası alman dili onun ana dili deyildi, bütün zal onu alqışlayırdı. Bu Azərbaycanlı olmağın, bu ruhu daşımağın təntənəsi idi. Mən də zalda idim və bu qüruru mənə yaşatdığı üçün Yusif müəllimə təşəkkür edirdim.”

Tədbirin sonunda 2018-ci ilin fevralında Xocalı soyqırımının 25-ci​ ildönümündə şair Yusif Savalanın Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı balası böyümədi ki” adlı şeirinə amerikalı pianoçu və bəstəkar Haskell Smolun bəstələdiyi “Sülh laylayı” adlı musiqili əsəri barəsində fikirlər səsləndirildi və “Xocalıya Amerikadan baxış” adlı film nümayiş olundu.

Daha sonra bu tədbirin əsas təşkilatçılarından biri olan "Sönməz Məşəl" Mədəni əlaqələr ictimai birliyinin sədri​ və German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Şəhla Nağıyeva çıxış edərək Vaşinqtonda təşkil olunmuş “Xocalı soyqırımı” ilə bağlı tədbirdə iştirak edən Yusif Savalanın təsirli çıxışından, onun erməni işğalçılarını faşistlərlə müqayisə edərək onların iç üzlərini açıb göstərməsindən danışdı.

Tədbir tələbələrin Yusif müəllimin çoxsaylı şeir və tərcümələrini səsləndirmələri ilə yekunlaşdı.

Sonda bu məqalənin müəllifi, eyni zamanda Yusif müəllimin kolleqası kimi kiçik bir haşiyə çıxmaq istəyirəm: “Yusif müəllim, yubileyinizdə məlum səbəblərdən çıxış edə bilmədim. İndi bu fürsətdən yararlanıram. Məqalənin əvvəlində mən Sizin haqqınızda “vəfalı dost, fədakar Vətən oğlu” ifadələrini əbəs yerə işlətməmişdim. Xatırlayıram. Azərbaycan Dillər Universiteti akademik Kamal Abdullanın təklifi və birbaşa rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə düzgün təbliği üçün çox vacib olan və “Xarici mətbuatda Azərbaycan obrazı” adlanan bir proyektə başlayırdı. (Qeyd: Proyekt uğurla tamamlandı və artıq ilk nəşri da çapdan çıxaraq ictimaiyyətə təqdim olundu). Mənə proyektin “Almandilli mətbuatda Azərbaycan obrazı” istiqamətinə rəhbərlik etmək və bunun üçün lazımi komanda yığmaq tapşırılmışdı. Proyekt üçün Sizə müraciət edəndə, o qədər ürəklə, sevinə-sevinə, səmimiyyətlə, hətta bu təklif üçün bizə təşəkkür edərək razılaşdınız ki, Vətəni, dövləti sevməyin yaşı, zamanı, məkanı, şərti, qarşılığı olmadığını mənə özünüz də bilmədən o qədər gözəl şəkildə öyrətdiniz ki, bunun üçün Sizə nə qədər təşəkkür etsəm, azdır. Sizin üçün çox arzular səsləndi. Təkrarlamaq istəmirəm. Növbəti yubileyinizi indi azad olan Xocalıda qeyd etmək diləyi ilə,

Qahirə Axundova