XƏBƏRLƏR

ADU-da qış imtahan sessiyası başlayıb

08 yanvar, 2024

 Yanvarın 7-dən Azərbaycan Dillər Universitetində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. İmtahanlar dörd növbədə (bakalavriat səviyyəsi üzrə imtahanlar müxtəlif fakültələr üzrə saat 09:00-11:00, 12:00-dan -14:00-a dək, 15:00-17:00 -ə dək magistratura səviyyəsi üzrə imtahanlar saat 18:00-20:00-dək) keçiriləcək.

Bakalavriatura səviyyəsində 7567, magistratura səviyyəsində isə 635 tələbə imtahan verəcək.

Bu il ADU tarixində ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilib. Universitetin iki korpusunda eyni vaxtda 300 tələbə imtahan verib.

İmtahan keçirilən zalda imtahanın başlama və bitmə saatlarını göstərən monitorlar yerləşdirilib.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyası yaradılıb.

Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək. Sessiya fevralın 5-dək davam edəcək.