XƏBƏRLƏR

ADU-da Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

29 dekabr, 2023

Dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.

ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla bayram münasibəti ilə tələbələri və kollektivi təbrik edib. Daha sonra rektor iştirakçılara arzularını ünvanlayıb:

"Əziz tələbələr və müəllimlər! Sizə, ailələrinizə cansağlığı, könül xoşluğu, işinizdə, təhsilinizdə böyük uğurlar arzulayıram.Tələbələrimizə universitetimizi uğurla, qürurla bitirməyi, gələcək fəaliyyətlərində hansı sahədə, harda olmaqlarına baxmayaraq, hər zaman Vətənimizi layiqli övladlar olaraq təmsil etməyi arzu edirəm. Arzu edirəm ki, dünyanın bütün gözəllikləri nəsibiniz olsun, xalqımıza, dövlətimizə, Prezidentimizə layiq övladlar olasınız.”

Tədbir bədii hissə ilə davam edib. Universitetin tələbələri müxtəlif dillərdə şeir və musiqilər səsləndirib, rəqslər nümayiş etdiriblər. Həmçinin tələbələrin iştirakı ilə “Qırmızı Papaq” nağılı əsasında hazırlanan səhnə nümayiş olunub.