XƏBƏRLƏR

Həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq

27 dekabr, 2023

Xalqımız və soydaşlarımız hər il dekabrın 31-ni - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəslə qeyd edir. Bu bayram ildən-ilə daha geniş şəkildə keçirilir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.

Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Xalqımız Qarabağın işğaldan azad ediləcəyi günü illərlə gözlədi və biz öz doğma torpaqlarımıza qayıtdıq. Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının Qarabağı azad və vahid Vətən kimi görmək arzusu gerçəkləşdi. Vətən müharibəsindəki böyük qələbəmiz nəticəsində xalqımızın, eləcə də xaricdə yaşayan soydaşlarımızın birliyi  daha da möhkəmləndi. Bu qələbənin nəticəsidir ki, bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal olmaqla respublikamızla əlaqələrin genişlənməsində böyük rol oynayırlar. Soydaşlarımız Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, zəngin mədəni irsimizi təbliğ etmək, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarına yol verməmək əzmindədirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində  tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsildən-nəslə ötürürlər.

Mən, Gürcüstan azərbaycanlısı olaraq, bütün xalqımızı ürəkdən təbrik edirəm. Bugün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq!

Arzu Əliyeva, Azərbaycan Dillər Universitetin Təhsil 1 fakültəsinin 4-cü kurs tələbəsi və Rusiyaşünaslıq mərkəzinin keçmiş xəlifə-müdiri