XƏBƏRLƏR

“Həmrəyliyimizin banisi - Heydər Əliyev” adlı tədbir keçirilib

27 dekabr, 2023

Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlərdən növbətisi İngilis dilinin qrammatikası kafedrası tərəfindən 21 dekabr 2023-cü il tarixində baş tutub. “Həmrəyliyimizin banisi - Heydər Əliyev” adlı tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. Kafedra müdiri dos. Laləndar Ziyadova tədbiri giriş sözü ilə açıq elan edib.

ADU-nun Rektor Məsləhətçisi i.e.f.d. Anar Osmanlı, Təhsil II faküktəsinin dekanı dos. Salman Nuriyev, kafedranın professoru Arif Hüseynov, kafedranın əməkdaşları dos. Səadət Nuriyeva və b.m. Arzu Səlimova dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizəsindən, xalqımızı dünyaya tanıdan siyasəti, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində gördüyü işləri özündə əks etdirən nitqlər söyləyiblər.

Tədbirdə biri-birindən maraqlı mövzular ətrafında məruzələr səsləndirilib. ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov “Heydər Əliyev Dövlət Müstəqilliyimizin və İqtisadi Yüksəlişimizin Memarıdır” mövzusunda; Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov “Dünya azərbaycanlılarının təşkilatlanmasında Heydər Əliyev fenomeni” mövzusunda; İngilis dilinin qrammatikası kafedrasının əkməkdaşlarından b.m. Röya Əliyeva və müəllim Püstəxanım Yusifova “Həmrəylik gününün tarixi və təsisi” barədə məruzə ilə çıxış ediblər. 

Firdovsi Məmmədzadənin rəhbərliyi ilə bədii hissədə Təhsil I fakültəsinin dördüncü kurs tələbələri Aysu Məmmədli və Sərvət Sərvər Qəhrəmanlı, Beynəlxalq Jurnalistika şöbəsinin birinci kurs tələbəsi Zəhra Həsənova Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər və bəstəkar nəğmələri ifa ediblər. Tədbirin sonunda tələbər kafedra müdiri dos. Laləndar Ziyadova tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.

Aparıcı kafedranın əməkdaşı baş müəllim Nurlana Bayramova olub. Kafedranın müəllimi Aytac Hüseynova tədbirin texniki tərtibatını təmin edib.