XƏBƏRLƏR

“Qloballaşmanın gender bərabərsizliyinə təsiri” mövzusunda tədbir keçirilib

25 dekabr, 2023

 Dekabrın 20-si Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimovanın təşkilatçılığı ilə Azərbaycanşünaslıq Elm və Tədris Mərkəzində “Qloballaşmanın gender bərabərsizliyinə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirə Regionşünaslıq kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru, gender problemləri üzrə beynəlxalq ekspert Kifayət Ağayeva qonaq qismində dəvət olunub. Gender məsələləri üzrə respublikamızın aparıcı alimlərindən olan Kifayət xanım mövzuya qadın və kişilərin cəmiyyətdə oynadıqları bioloji və sosial rolların önəmini vurğulamaqla başlamış, ardınca qloballaşmanın gender bərabərsizliyinə mənfi və müsbət təsirlərindən danışmışdır. Tədbir interaktiv formada təşkil olunmuş, Kifayət xanım tələbələrin gender sahəsində maraqlandıqları ən aktual məsələlərlə bağlı suallarını cavablandırmış, onlara gələcək həyatlarında daha uğurlu olmağın formulundan danışmışdır. Tədbirdə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Fransaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə yanaşı Regionşünaslıq kafedrasının müəllimləri – Sevinc Qurbanova, p.ü.f.d. Günay Məmmədova iştirak etmişdir.

Sual-cavab və debat formatında təşkil olunmuş seminar tələbələr üçün çox produktiv keçmişdir.

Məlumat üçün qeyd edək ki, çoxsaylı elmi əsərlərin, məqalələrin, gender məsələləri üzrə 7 kitabın müəllifi Kifayət Ağayeva ADU-da ictimai əsaslarla Həmkarlar İttifaqı nəzdində gender komissiyanın sədri olmuş, universitetdə və Azərbaycanın müxtəlif ali məktəbləri və rayonlarında həmkarlar təşkilatının xətti ilə geniş auditoriyaya dərin məzmunlu təqdimatlar etmişdir. O, uzun illər mərhum ictimai-siyasi xadim Lidiya Rəsulovanın başçılıq etdiyi Gender Araşdırmalar Mərkəzinin idarə heyətinin üzvü, sonra isə direktoru olmuşdur. Genderlə bağlı Respublika və Beynəlxalq konfransların təşkilatçısı, moderator və məruzəçisi olmuşdur.