XƏBƏRLƏR

“Bir günlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başlayıblar - XRONİKA

25 dekabr, 2023

Saat 09:00. Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başlayıblar.

İlk olaraq xəlifələr ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər, büstün önünə gül dəstələri qoyublar. 

***

Saat 9:30. ADU-nun xəlifə-rektoru Nicat Quluzadə müvafiq vəzifələrə Xəlifə seçilmiş tələbələrlə ümumi iclas keçirib, qarşıda duran işlərlə bağlı müzakirələr aparılıb, tapşırıqlar verilib. Bildirilib ki, 2023-cü ildə həyata keçirilən "Bir günlük Xəlifə" layihəsi ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Bu, Azərbaycan Dillər Universitetinin Ulu öndərin əziz və unudulmaz xatirəsinə olan töhfəsidir. 

***

Saat 11:00. Xəlifə-rektoru Nicat Quluzadə Pakistanın ölkəmizdəki səfirinin birinci müavini Moazzam Ali Sahito ilə görüşüb. Diplomat ADU-nun “Bir günlük xəlifə” layihəsini yüksək qiymətləndirib. Görüşdə eyni zamanda ADU-nun Pakistan dil və mədəniyyət mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib, gələcək əməkdşalıqla bağlı fikir mübadiləsi aparılıb. "Qələbəyə aparan yol" inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. 

***

Saat 12:00. Xəlifə-rektoru Nicat Quluzadə və Beynəlxalq əlaqələr üzrə prorektor Əli Rzayev Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüşüb. Səfir “Bir günlük xəlifə” layihəsinin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, bu, ADU-nun rektoru, akademik Kamal Abdullanın tələbələrin idarəetmə istiqamətində təcrübə qazanmalarına hesablanan vacib təşəbbüsüdür. “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Bir gün ərzində rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.

Nicat Quluzadə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışdıqlarını bildirib. Hər bir gənc öz imkanları daxilində dövlətinin, millətinin daha parlaq gələcəyi üçün çalışmalıdır.

Görüşdə ADU və səfirlik arasında olan əməkdaşlıq yüksək qiymətlədirilib.

Qeyd olunub ki, ADU tələbələri portuqal dilinə böyük maraq göstərir və müəllimlər tələbələrə portuqal dilinin sirlərini dərindən öyrədirlər. Portuqal dilinin öyrənilməsi Braziliya mədəniyyətinin, ədəbiyyatının, tarixinin təbliği deməkdir.

***

Saat 14:00. ADU-nun Xəlifə rektoru Nicat Quluzadə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

Görüşdə Ərəb dilinə olan maraq haqqında danışılıb, ərəb dilinin tədrisi istiqamətində yeni addımların atılacağı diqqətə çatdırılıb. Qeyd olunub ki, ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində mühüm addımlar atılıb. Bildirilib ki, mərkəzin açılışından sonra əməkdaşlıq daha sıx və səmərəli olacaq, tələbələr üçün yeni imkanlar yaranacaq. Səfir “Bir günlük xəlifə” layihəsinin tələbələrinin həyatındakı yerini yüksək dəyərləndirib, Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində həyata keçirilən işlərlə tanış olub.

Səfiri Məhəmməd Əl Bluşi qeyd edib ki, "Bir günlük Xəlifə" layihəsinin icrası tələbələr üçün böyük bir şansdır. Tələbələrə yaradılan şərait yüksək qiymətə malikdir. Bu gün idarəetməni gənclər həyata keçirir, gənclərə yüksək etimad göstərilir, məsul vəzifələr onlara həvalə olunur. 

Saat 15:00. Daha sonra Xəlifə rektor Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin direktoru Aqşin Bağırov və litseydə təhsil alan şagirdlərlə görüşüb. Təhsil kompleksi və Azərbaycan Dillər Universitet arasında olan əməkdaşlığın yüksələn xətlə inkişafı etdiyi vurğulanıb. Qeyd olunub ki, ADU ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında imzalanan anlaşma memorandum çərçivəsində bir sıra vacib addımlar atılıb, tədbirlər təşkil olunub. Aqşin Bağırov akademik Kamal Abdullanın ideya müəllifi olduğu və təşəbbüsü ilə keçirilən “Bir günlük xəlifə” layihəsinin tələbələrin həyatında unudulmaz xatirəyə çevriləcəyini, onların idarəçilik bacarıqlarını formalaşadıracağını deyib. 

***

Saat 15:30. Xəlifə rektor və prorektorlar Çeçenistanın Dövlət Pedaqoji Universitetinin rəhbərliyi ilə onlayn konfrans təşkil edib. Konfransda layihə haqqında geniş məlumat verilib, iki təhsil ocağının təhsil və elm sahəsində vacib işlərə imza atdığı diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində Çeçenistan Dövlət Pedaqoji Universitetinin “Açıq Təhsil Mərkəzi”nin açılışı olub. 

***

Saat 16:00 Xəlifə rektorların təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Xəlifə rektor Nicat Quluzadə, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Aydan Əhmədzadə Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında danışıb, onun gənclərə olan böyük qayğısından bəhs olunub. 

Çıxışlarda Ulu öndərin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafının  prioritet sahə kimi mühüm yer tutması qeyd edilib.  

Qeyd edək ki, “Bir günlük xəlifə” layihəsinin əsas məqsədlərindən biri  tələbələrin ictimai həyatda fəal iştirak etmək, təhsil və bilik əldə etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq və imkanlarını genişləndirmək üçün şərait yaratmaqdır.

Sözügedən bu layihə tələbələrin özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayacaq.