XƏBƏRLƏR

Belqrad Etnoqrafiya Muzeyində fotosərgi keçirilib

20 dekabr, 2023

AZƏRTAC-ın təşəbbüsü ilə Belqrad Etnoqrafiya Muzeyində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən fotosərgi keçirilib.

Sərgi Azərbaycanın Serbiyadakı səfirliyi  Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dostluq yolları” adlı konsert proqramı ilə  davam edib.

Tədbirdə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyinin bərpasında, möhkəmləndirilməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında xidmətlərindən və dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından danışıb.

Tədbir Azərbaycan mədəniyyətinin və dilinin tədrisi məqsədilə ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbüsü ilə 2018-ci ildən fəaliyyətə başlayan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin tələbələrinin şeir səsləndirməsi ilə davam edib. Tələbə, Heydər Əliyev – 100 Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Mariya Rodovanoviçin Azərbaycan dilində Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın öz babasına, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi "Elegiya" şeirinin səsləndirməsi və tələbə Jelena Markoviçin dahi siyasətçi Heydər Əliyevin ən çox sevdiyi Səməd Vurğunun "Azərbaycan" şeirini söyləməsi qonaqlar tərəfindən maraqla dinlənilib. 

Belqrad şəhərindəki Etnoqrafiya Muzeyində keçirilən konsertdə Serbiyada akkreditə olunmuş diplomatik nümayəndəliklər, dövlət rəsmiləri, elm və incəsənət xadimləri, Belqrad Universitetinin professorları, bu ölkədə yaşayan, çalışan və təhsil alan azərbaycanlılar, yerli KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.