XƏBƏRLƏR

Mətbuat Şurasında “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının müzakirəsi olub

19 dekabr, 2023

Dekabrın 18-də Azərbaycan Mətbuat Şurasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının müzakirəsi keçirilib.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. 

Qeyd olunub ki, məqalələr toplusu olan yeni nəşrdə 1993-2003-cü illərdə müxtəlif ölkələrdə olan ingilisdilli mətbuatda Azərbaycan haqqında dərc olunan məqalələrin Azərbaycan dilinə tərcüməsi yer alıb. 

Dövrün tələbinə uyğun olaraq məqalələr əsasən Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın neft-qaz sənayesi, siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları əhatə edir. Bəzi məqalələrdə bəhs edilən hadisə və proseslərlə əlaqəli yol verilən qeyri-dəqiqliklər, təhriflər və s. barədə kitabın “Qeydlər” bölməsində şərhlər verilib.

Kitab tədqiqatçılar, siyasətçilər, Azərbaycan tarixi, iqtisadiyyatı, mədəniyyəti və respublikanın beynəlxalq əlaqələri ilə maraqlananlar üçün nəzərdə tutulub.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, layihənin ideya müəllifi və rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdulladır. Layihənin icraçı-koordinatorları ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin müdiri tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov və Mərkəzin elmi işçisi Suğra Ələkbərlidir.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov nəşrin əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, kitab üzərində iş məqalələrin Azərbaycan dilinə tərcümə edilməsi ilə məhdudlaşmayıb. Eyni zamanda, Azərbaycan reallıqlarını mətbuat səhifələrində işıqlandırmağa çalışan bəzi müəlliflərin yol verdikləri qeyri-dəqiqliklər, təhriflər və ya saxtalaşdırmalar üzə çıxarılıb və belə məqamların hər biri barədə, həmçinin kitaba daxil edilən materiallarda öz əksini tapan hadisə və proseslərlə bağlı olan şəxslər, şəhər və kəndlər haqqında da müvafiq şərhlər verilib.

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə xarici mətbuatda Azərbaycan haqqında verilən yazıların məzmununun müsbətə doğru necə dəyişdiyindən danışıb.

Layihənin icraçı-koordinatoru, ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin müdiri, tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov tədbirin təşkilatçılarına yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Bildirilib ki, kitabın tərtibçiləri Şəhla Xudiyeva, Nərgiz Seyidova, Aysu Hüseynli, Pərvanə Cəfərova, Röya Əzizova, İradə Nəcəfova, Gülnar Nağıyeva, İlahə Tağızadə, Eleonora Babayeva, Sabir Əliyev, Təvəkkül Zeynallıdır.

Layihənin məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradovdur. Rəyçiləri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi Solmaz Rüstəmova-Tohidi, Bakı Dövlət Universitetinin Slavyan tarixi kafedrasının müdiri Abutalıb Cəlilovdur.

ADU-nun “Virtual jurnalistika kafedrası”nın müdiri Nərgiz Qurbanlı tələbələrin kitaba olan marağından danışıb.

Qeyd olunub ki, kitab gənc tədqiqatçılar, Jurnalistika ixtisası üzrə oxuyan tələbələr üçün əvəzolunmaz nəşrdir.

Daha sonra “Şərq”qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı, Əməkdar jurnalist, politoloq Tofiq Abbasov, ADU-nun “Azərbaycan obrazı” Elmi Tədqiqat Laboratoriyasının müdiri, dosent Aqil Şahmuradov, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Aynurə Hüseynova kitabla bağlı fikirlərini bölüşüblər.

Qeyd olunub ki, kitab üzərində iş məqalələrin Azərbaycan dilinə tərcümə edilməsi ilə məhdudlaşmayıb. Eyni zamanda, Azərbaycan reallıqlarını mətbuat səhifələrində işıqlandırmağa çalışan bəzi müəlliflərin yol verdikləri qeyri-dəqiqliklər, təhriflər və ya saxtalaşdırmalar üzə çıxarılıb və belə məqamların hər biri barədə, həmçinin kitaba daxil edilən materiallarda öz əksini tapan hadisə və proseslərlə bağlı olan şəxslər, şəhər və kəndlər haqqında da müvafiq şərhlər verilib.