XƏBƏRLƏR

Çin səfərimiz təhsilimiz, elmimiz üçün yeni imkanlar yaradacaq - Rafiq Abbasov

15 dekabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) nümayəndə heyəti Pekində keçirilən Ümumdünya Çin Dili Konfransında iştirak edib. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovla konfrans haqqında müsahibəni təqdim edirik. 

- Rafiq müəllim, səfərin məqsədi, əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Səfərimiz çox uğurla keçdi. Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti dünyanın 100-dən çox ölkəsindən iştirakçıları bir araya gətirən Çin Xalq Respublikasının Təhsil Nazirliyi, Dil Mübadiləsi və Əməkdaşlıq Mərkəzi, Xaricdə Çin Dilinin Öyrənilməsinə Dəstək Çin Fondu və Çin Dilinin Tədrisi üzrə Dünya Assosiasiyasının  təşkilatçılığı ilə Pekində keçirilən Ümumdünya Çin Dili Konfransında iştirak etdi. Bu həm ADU üçün, həm də Azərbaycan təhsili üçün önəmli hadisədir. Çin səfərimiz təhsilimiz, elmimiz üçün yeni imkanlar yaradacaq.

- ADU ilə Çində fəaliyyət göstərən universitetlər arasında əlaqələrin qurulması üçün hansı perspektivlər var?

- Çox böyük imkanlar mövcuddur. Hal-hazırda Çinin Huzhou, Şenyan, Sicuan universitetləri ilə elmi əməkdaşlıq həyat keçirilir, tələbə mübadiləsi aparılır. Çin dilində azərbaycanlı tələbələrə dərs deyilməsi və mühazirə oxunması üçün Çindən müəllim və professor heyəti dəvət olunur.

- Konfutsi İnstitutunun fəaliyyəti və iş prinsipi Çin təhsil sistemi ilə necə uyğunlaşdırılır?

- ADU-nun nəzdində Konfutsi İnstitutu - Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, Çin dilinin tədrisinin inkişafı üçün iki xalq arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini artırmaq, Çin mədəniyyətinə marağı stimullaşdırmaq məqsədilə yaradılmışdır.

11 noyabr 2015-ci il ADU-nun nəzdində Konfutsi İnstitutunun yaranması haqqında müqavilə imzalanıb. Müqavilə ÇXR-ın Xaricdə Çin dili yayılması üzrə Dövlət Dəftərxanası (Hanban) tərəfindən təstiq olunub. 24 iyun 2016-cı il Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutunun açılış mərasimi baş tutub. Çin tərəfindən Huzhou Universiteti rəsmi  partnyordur.

Konfutsi İnstitutunun 10 filialı fəaliyyət göstərir. Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında elmi əməkdaşlığı genişləndirmək, həmçinin Çin dilinin tədrisinin inkişafı və ona dəstək, Çin və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanı artırmaq məqsədi ilə Azərbaycan  universitetlərdə Konfutsi İnstitutunun filialları yaradılıb.

Söhbətləşdi: Tural Cəfərli