XƏBƏRLƏR

“Heydər Əliyev 100. Sitatlar və kəlamlar” adlı kitabın təqdimatı keçirilib

14 dekabr, 2023

  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatında Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev 100. Sitatlar və kəlamlar” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, ADU-nun Təhsil 1 fakültəsinin “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələri, BSU və ADNSU-nun tələbələri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib.

YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov tədbir iştirakçılarını salamlayıb, təqdim olunacaq kitab haqqında ətraflı məlumat verdi. A.Süleymanov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən və gənclərə göstərdiyi qayğıdan danışdı. O, Ulu öndərin dil haqqında dediyi məhşur kəlamları tələbələrin diqqətinə çatdırmaqla müasir gəncləri daha çox xarici dil öyrənməyə çağırıb.

Sonra ADU-nun Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri Xuraman Əsgərova ideya müəllifi akademik Kamal Abdulla olan və Təhsil 1 fakültəsində “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrin səyi nəticəsində ərsəyə gələn kitab haqqında məlumat verib. O, bildirib ki, kitabı hazırlamaqda məqsəd gənc nəsli Heydər Əliyev siyasəti, fəlsəfəsi, şəxsiyyəti ilə daha da yaxından tanış etməkdir. Çünki araşdırma zamanı tələbələr Heydər Əliyevi yenidən kəşf etdiklərini, Heydər Əliyev dühasının böyüklüyünü,  möhtəşəmliyini bir daha üzə çıxartdıqlarını etiraf ediblər.

 Bildirilib ki, kitabda yer alan 300-ə yaxın sitat Azərbaycan və alman dillərində 14 mövzu altında cəmlənmişdir. Hər bir sitat dahi şəxsiyyətin, böyük siyasətçinin, vətənpərvər bir insanın müdrikliyindən xəbər verir.

Kitab tələbələrdə böyük ruh yüksəkliyi yaratdığından, onu daha geniş auditoriyaya təqdim etmək qərara alındı.

X. Əsgərova vurğuladı ki, kitabda yer alan müdrik kəlamlar Azərbaycan gənclərinə nümunə olacaq Öndərmizin adının əbədiləşdirilməsinə xidmət edəcəkdir.

Tədbirdə Ümummilli Liderin müxtəlif mövzularda çıxış və məruzələrindən ibarət videoçarx nümayiş olundu. 414A qrup tələbəsi Fatimə Orucova və 214A qrup tələbəsi Lətafət Abdullayeva kitab haqqında təəssüratlarını bölüşüb, təqdimatın keçirilməsi üçün şərait yaratdıqları üçün YAP-ın Nəsimi Rayon Təşkilatına minnətdarlıqlarını bildiriblər.

Sonda YAP-ın himni təqdim olunub.