XƏBƏRLƏR

ADU-nun müəllim-tələbə heyəti Türkiyədə keçirilən forumda iştirak ediblər

14 dekabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşları və tələbələri 11 dekabr tarixində Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində “Türkiye-Azerbaycan-KKTC perspektifinden Türk dünyasında yeni ufuklar" forumunda iştirak ediblər. 

  Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatı (TGT) və Türkiyə Beynəlxalq Münasibətlər Birliyinin birlikdə planladığı forum çərçivəsində Türk dünyasında ortaq yeni iş birliyi fürsətləri və yaşanan güncəl irəliləyişlər, TDT-nin gələcəyi və 2040 vizyonu, siyası, hərbi və iqtisadi iş birlikləri mövzularına toxunulub. Forumun keçirilməsində məqsəd türk dövlətləri arasında əlaqələrin gücləndirilməsi, gələcək planların müzakirəsi və bu sahələrdə gənclərin rolunun artırılmasıdır Türkiyə Cumhuriyyəti “İstiklal Marşı” və Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyevin anılması ilə başlayan forum çıxışçıların nitqləri ilə davam edib.

Beynəlxalq Münasibətlər Birliyinin sədri Batuhan Gözkaya və ADU-nun TGT sədri Nicat Əliyevin açılış nitqlərindən sonra Ege Universiteti Beynəlxalq Münasibətlər Birliyinin akademik məsləhətçisi, moderator dosent Altuğ Günal, Türkiyə Cumhuriyyəti Xarici İşlər Nazirliyi İzmir təmsilçisi böyükelçi Naciye Gökçen Kaya, Şimali Kipr Türk Cümhuriyyəti İzmir başkonsulunun müavini Alpbuğra Bahadır Gültekin, KKTC Yaxın Şərq Universiteti dosenti Burak Gökbulut, Beynəlxalq Münasibətlər üzrə koordinator dosent Fulsen Özen çıxış ediblər. Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov öz məruzəsində Türkdilli dövlətlər arasındakı əlaqələrdən bəhs edərək gənc tələbələrlə öz fikirlərini bölüşüb və onların suallarını cavablandırıb.

Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova, forumun təşkilində yaxından iştirak edən tələbələrimizdən isə ADU-nun TGT sədri Nicat Əliyev, Elmira Kərimova, Əflatun Əliyev və Nigar Hüseynova İzmirdə keçirilmiş forumda iştirak ediblər.