XƏBƏRLƏR

ADU-da çinli alimlərin kitablarının təqdimatı olub

12 dekabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda professorlar Yang Jianchu, Jia Xingsu və Wang Huizhongun “Karbon zirvəsi və karbon neytrallığı: Çin fəaliyyətdə” və “Qədim kəndlərin gözəlliyi” görkəmli Çin alimi, Xucjou Universitetinin Partiya Komitəsinin katibi Jin Peihua redaktorluğu ilə nəşr edilmiş kitablarının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qlobal iqlim idarəçiliyi və ekoloji sivilizasiyanın rasional sisteminin qurulması istiqamətində Çinin ekoloji layihələrindən söz açıb. O, həmçinin qeyd edib ki, Çin karbon neytrallığına nail olmaq üçün ilk növbədə təbii həll yollarından, o cümlədən meşələrin salınmasından, torpaqların becərilməsindən və su obyektlərinin qorunmasından istifadə edəcək.

Təqdimatda çıxış edən ADU-nun çinşünas tələbələri Çinin iqlim dəyişikliyi probleminin həlli istiqamətində həyata keçirdiyi siyasəti və fəaliyyəti, milli, yaşıl, aşağı karbonlu iqtisadi sistemin inkişafı və Çin infrastrukturunun ekoloji cəhətdən modernləşdirilməsindən və bazar yönümlü, yaşıl texnologiyalar sahəsində innovasiyalar sistemi yaradılmasından danışıblar.

İştirakçılar çıxışlarında kitabda qaldırılan məsələlərə - elmin və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı, ekoloji-sivilizasiyalı təhsilin inkişafı, yaşıl həyat tərzinin təbliği, o cümlədən Xucjou Universitetinin alimləri tərəfindən təklif olunan “İki Dağ”ın ekoloji konsepsiyasına xüsusi yer verilmişdir. Çjetszyan əyalətinin mənzərələrindən, ənənəvi kənd təsərrüfatının xüsusiyyətlərindən, məbəd memarlığından, ailə adət-ənənələrindən, qədim müdriklərdən və mahir kənd ənənəvi sənətkarlarından, kənd həyat tərzindən, kənd adətlərindən bəhs edən “Qədim kəndlərin gözəlliyi” kitabının təqdimatında, tarixi-mədəni dəyərə malik Çin ənənəvi kəndlərinin qorunması və canlandırılmasının vacibliyi qeyd edilib.