XƏBƏRLƏR

ADU-nun Pakistandakı Azərbaycan Dil və Mədəniyyət Mərkəzi təlim proqramı təşkil edib

07 dekabr, 2023

  5-7 Dekabr tarixlərində Pakistanın NUML universitetinin daxilində Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü ilə fəaliyyət göstərən Azərbaycan Dil və Mədəniyyət Mərkəzi tələbələr üçün üç günlük Azərbaycan təlim proqramı təşkil edib.

Təlimin məqsədi tələbələr arasında Azərbaycan və Azərbaycan dili ilə bağlı məlumatlılığı artırmaq, dilimizi və mədəniyyətimizi təbliğ etmək idi. Təlim yalnız NUML universitetinin tələbələri və akademik kollektivi üçün nəzərdə tutulub. Tələbələr üç gün ərzində Azərbaycan dilinin qramatikası ilə tanış olub, salamlaşma, işlək və özünü təqdim etmə ifadələrini öyrəniblər.

 Təlim çərçivəsində onlar Azərbaycan dili ilə yanaşı, Azərbaycanın tarixi və mədəniyyəti, Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında da qısa məlumatlanıblar.

Mərkəzin koordinatoru Aynur Salmanova vətənimizin, mədəniyyətimizin və dilimizin təbliği üçün belə  təlimlərin təşkilinin vacib olduğunu deyib, və tez-tez belə təşəbbüslər həyata keçiriləcəyini bildirib.

Təlimin sonunda iştirakçılara serifikatlar təqdim olunub.