XƏBƏRLƏR

“Heydər Əliyevin dövlət quruculuğu fəaliyyəti və müasirlik” adlı tədbir keçirilib

07 dekabr, 2023

 Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi və Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin dövlət quruculuğu fəaliyyəti və müasirlik” adlı tədbir keçirilib.

Tədbirdə kafedra müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.

Tədbirin moderatoru Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli Heydər Əliyevin Azərbaycan tarixində oynadığı böyük rolu qeyd edərək dövlət quruculuğunun bütün sahələrində onun strategiyasını əsaslandırıb, əldə edilən nailiyyətlərdən bəhs edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Heydər Əliyevin dövlət quruculuğunun hüquqi əsası” mövzusunda çıxış edib. Çıxışı zamanı o, bildirib ki, dünyada çox az lider dövlət xadimləri var ki, iki fərqli sistemdə iki konstitusiya müəllifi olsun. Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra əsas qanun konstitusiyanın müəllifi olmaqla yanaşı, bütün dövlət sistemində hüquqi islahatların həyata keçirilməsini də mümkün edib. Yeni yaranmış sosial, iqtisadi, siyasi münasibətlərə uyğun şəkildə dövlətin hüquqi idarə olunması Heydər Əliyev tərəfindən həyata keçirilib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aygün Əliyeva isə “Azərbaycanın zəfəri Ulu öndər strategiyasının nəticəsidir” adlı məruzəsində Heydər Əliyevin Azərbaycanı tənəzzüldən inkişafa, tərəqqidən zəfərə çatdırması, 1993-cü ildən başlayan inkişaf yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib.

Tədbir müzakirələrlə davam edib.