XƏBƏRLƏR

Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazının pedaqoji perspektivləri (1993-2003)

06 dekabr, 2023

Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazının pedaqoji perspektivləri (1993-2003) 

Bir neçə həftə bundan əvvəl layihə rəhbəri akademik Kamal Abdulla olan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı” məqalələr toplusu 447 səhifə həcmində ADU-nun əməkdaşlarının iştirakı ilə tərtib olunmuşdur.

Ön sözü müəllifi akademik Kamal Abdulla kitabın ən yüksək məziyyətlərindən biri kimi hesab edir ki, bu kitab ilk növbədə Vətənimizin kənardan, xarici ölkələrdən necə görünməsi barədə təsəvvür yaradır. Kitabın digər fərqləndirici əlaməti məqalələr toplusunun məzmununda zamana uyğun Obrazlarla üzləşmək mümkündür. Məqalələr toplusu Azərbaycanın 1993-2003-cü illərində ehtiva etdiyi zamanın yaratmış olduğu reallıqları – ermənilərin Azərbaycana təcavüzü, Dağlıq Qarabağ və onun ətrafında baş verən qanlı hadisələrin inikası, qaçqın, köçkün obrazlarının real və irreal surətləri, Azərbaycanın neft strategiyasınə, Xəzər dənizinin karbohidrogen yataqlarının siyasi müstəviyə təsiri və Ümummilli lider Heydər Əliyevin dövlətçilik obrazını əks etdirir.

Obrazların yaradılmasının sosial-psixoloji xüsusiyyəti ondan ibarətdir ki, o, zaman ardıcıllığının nəticəsi olmaqla, məlum məkanda real obyektiv hadisələrin qavrayışından asılıdır. Məqalələr toplusuna zamanın ardıcıllığı tərzi formal xarakter daşımamış, o həm də obrazın idrakı dərkini fəallaşdırmışdır. Jurnalistlər, dövlət xadimlərinin, xarici elçilərin ingilisdilli ədəbiyyatda Azərbaycan reallıqları haqqında baxışları, real Azərbaycan həqiqətləri zamanın istəklərinə uyğun, təmsil etdikləri dövlətlərinin marağına müvafiq inikas etdirmişlər.

İngiltərə, ABŞ, Kanada, Avstraliya, Rusiya mətbuat orqanlarında (The Gazette, The Times, The Glob et Mail, The Sydney Morning Heralt, The Washington Post, Sunday Times, The New York Times, The Guardian, The Economist The Darly Heralt) Azərbaycanın öz yurd-yuvalarının silah gücünə tərk etməyə məcbur edilmiş 820.000 min qaçqın və köçkünün acı taleyi, minlərlə insanın həlak olmasını, yollara, sərhədlərə paylanmış çarəsiz insanların pərişan vəziyyəti, mətbu orqanlarında reallığa uyğun statistikası əks olunmuşdur. Bəzi mətbu orqanlarının jurnalistləri sərhəd təhlükəsizliyinin təhdidini, digərləri sülhün pozulmasını canlı, obyektiv reallıqlarını, neytral ifadələrlə verməyə cəhd etsələr də, məqalələrdə toplanmış ümumi fikir Azərbaycan məkanında baş verən, dövlətçiliyi təhdid edən hadisələri əhatə edir. Dağlıq Qarabağ iddiası və onun ətrafında yaradılmış siyasi manipulyasiyalardan yoğrulmuş erməni yalanına söykənən əsassız iddialar “Azadlığa Dəstək Aktı” ilə ABŞ-da müdafiə edilir (EBSCO (ABŞ) 05.02.1994).

Ermənilərin Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək Azərbaycan torpaqlarını zəbt etmək üçün yararlandığı xarici dəstək çox açıq şəkildə məqalələrlə inikas olunmuşdur. Məqalələrin məzmun ardıcıllığı həm də hadisələrin ardıcıllığını nizama salmaqla, 1993-2003-ci illərdə Azərbaycanda baş verən hadisələrin zaman və məkan obrazı xarici mətbuatın köməyi ilə işıqlandırılmışdır.

Qarabağ uğrunda mübarizədə erməni iddiaları məqsədli olaraq əhalisinin 75% erməni əsilli olması ilə bağlılığı ilə əsaslandırılmış, guya Azərbaycan polisinin erməniləri Dağlıq Qarabağ kəndlərindən deportasiya etməsi (EBSCO (ABŞ). 05.02.1994) ilə bağlı iddialar bu mətbuat orqanında birtərəfli qaydada işıqlandırılmışdır. 1991-ci il hadisələri və onların qiymətləndirilməsində ikili standartlar, 1992-93-cü illərdə Kəlbəcər, Laçın, Ağdam hadisələrinin xarici mətbuatda işıqlandırılmasını indiki anda izləmək çox ağırdır və ondan nəticə çıxarmamaq kəsərsizlik olardı. Həm Ermənistandakı 1988-ci il hadisələri, həm Dağlıq Qarabağda 1988-94-cü il hadisələrində ingilisdilli mətbuatda yaradılmış qaçqın, köçkün obrazları, Azərbaycan torpaqlarının işğalı, Beynəlxalq ictimaiyyətin dişsiz münasibəti, bu mətbuat orqanlarında əks olunmuşdur (The Middle East journal (ABŞ) 07.06.2001, New York Times (ABŞ), 04.04.2001, The Oil and Gas journal (ABŞ) 27.07.1998 və s. qəzet və jurnalları).

Məqalələr toplusunda Obrazların müxtəlifliyi ingilisdilli mətbuatda əslində bir Azərbaycan Obrazını tamamlayır. Bu qaçqın və köçkün davranışları ilə emosional müşayiət olunan, mərhumiyyətlərə düçar olmuş Azərbaycan, Dağlıq Qarabağın Vətənin bir parçası olaraq işğala məruz qalması cəhdinin arxasında dayanmış güclərin Azərbaycana laqeyd münasibəti, Xəzər dənizinin karbohidrogen yataqlarının Ümummilli lider Heydər Əliyevin əlində neft açarı olaraq bağlı qapıların açılmasına beynəlxalq hüquq səviyyəsində siyasət aləti və Azərbaycan obrazının simvolu olan H.Əliyevin Dövlətçilik, Xilaskar, Qurucu və Lider, Dövlət xadimi obrazlarından ibarətdir.

Ümummilli lider H.Əliyevin Azərbaycan dövlətinin varlığını qorumaqda, səbatlılığı, iradəsi, müqavimət gücü, xalqa inamı və etibarı kimi keyfiyyətləri Onun Dövləti qurmaqda və qorumaqda Sönməz dövlətçilik eşqi Xilaskar obrazının yaranmasına səbəb olmuş, bu daha çox xarici havadarları olan daxili müxalif müqaviməti qırmağa mübariz obrazını stimullaşdırmışdır. Məqalələr toplusunda bu hadisələr daxildə baş verən ixtilaflara verilən cavablarda inikas olunmuşdur.

Kitabda yaradılmış Obrazın zaman ardığıllığı və məkanı əhatəsi, emosionallığı, real kütləvi təsir gücü situasiyadan doğmuş dəyərlərlə oxucunu hesablaşmağa məcbur edir. Məsələn, aşağıdakı fakta müraciət edək.

Carey Scott 1994-cü il 09 oktyabr Sunday Times (İngiltərə) məqaləsində yazırdı: Lideri eyvana çıxarkən, günortadan sonra Bakıda isti günəş altında səbrlə gözləyən 20.000 nəfər azərbaycanlıdan ibarət izdihamdan güclü alqış və qışqırıq qalxdı. 71 yaşlı liderin portretlərini tutaraq irəli atılan başıörtüklü, beli bükülmüş yaşlı qadınlar, çiynində körpə uşaqları olan gənc atalar, nimdaş geyinmiş qaçqınlar və səliqəli geyinmiş neftçilər, hamısı Azərbaycan xalqının babamız dediyi insanı uca səslə dəstəkləyirdilər.

Bu sətirlərin müəllifi, Azərbaycan xalqının bütün Zümrələrindən olan insanlarda bir Xilaskar Obrazının inikasının sosial olaraq toplumun ümumi inamının ifadəsini vermişdir. Bu xalq, H.Əliyev fenomeninin Azərbaycan insani tərəfindən anlanılmasını və H.Əliyevin Azərbaycanda yeni hökumətinin devrilə bilməyəcə­yini Moskvaya göstərə biləcəyinə inanmasını xarici mətbuat xüsusi qeyd edirdi.

Xalqın inamını, etibarını, etimadını qazanmaq, ona rəhbər deyil, liderlik statusunun verməsi H.Əliyevin Yeni Azərbaycan Dövləti Qurmaq eşqini emosional təsir dairəsinin genişləndirməyə imkan vermiş, “imperiya kölgəsini” dağıtmaq üçün xalqın ona olan sosial-siyasi tələbatını qiymətləndirməkdə həvəslə dövlətçi­liyin istiqamətlərini Zamana uyğun istiqamətləndirmişdir. H.Əliyev Azərbaycan xalqının ona olan sevgisini anlamış, təkcə Dövlət qurmaq eşqini siyasi istiamətlərlə deyil, Amerika Birləşmiş Ştatlarında çıxan 07.06.2001-ci il “Azərbaycan imkanlar pəncərəsinə baxır” məqaləsində deyildiyi kimi “…azərbaycanlıların əksəriyyətinin sürətlə aşağı düşən səviyyəsini qaldırmaq üçün” şəxsi imkanlarını, həyat təcrübəsini, zamanın tələbatlarını uyğunlaşdırmaq bacarığı sayəsində Respublikada ərzaq bolluğu yarada bilmişdi. Şəxsiyyətə inam və ərazi təhlükəsizliyinin təminatı dövlət qurmağın mühüm sosial-psixoloji əlamətləridir və bu obrazın informasiya dayaqlarıdır.

H.Əliyevin Azərbaycanın bir dövlət kimi qorunub saxlanmasında 2 əsas dövlətçilik amilin obrazlı şəkildə ifadəsinə rast gəlirik. 22.11.2000-ci ildə Səniz Pamela Ann “The Middle East” journal (ABŞ) bu davranışları qiymətləndirərək yazırdı “Artıq beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Azərbaycanın ulduzu yüksəlməklə davam edir”.

Jurnalist Carl Mortished 14.02.2003-cü ildə The Times (İngiltərə) qəzetində yazırdı ki, Neft kəməri həyatları dəyişdirmək gücünə malikdir. Steve Levitre 24.11.1997-ci ildə ABŞ “Newsweek” jurnalında qeyd edirdi ki, Xəzər regionunun neft xəzinəsidir. ABŞ 1994-cü ildən Xəzəri ABŞ strateji maraq dairəsinə aid etmişdi və məqalələrdən bəlli olur ki, Xəzər dənizi və ətraf ərazi XXI əsrdə dünyanın ən strateji əhəmiyyətli yerlərindən biri olacaq.

Azərbaycan Obrazının diqqəti cəlb edən ikinci mühüm atributu Xəzər dənizinin siyasi-iqtisadi gücü, regional əhəmiyyəti və Azərbaycan Dövlətinin H.Əliyev kimi ustad qurucusunun dövlətçilik təfəkkür tərzində təsir imkanları idi.

Kitabın əksər səhifələri Xəzər dənizinin Azərbaycan Obrazında etimad qatı olmasını və Ümummilli lider H.Əliyevin Yeni Azərbaycan Dövlətinin yaranmasında, dövlətçiliyin möhkəmləndirilməsində daxildə və xarici ölkələrlə iqtisadiyyat və siyasət müstəvilərində qabardılmasına həsr edilmişdir.

Müəllifi Ken Silverstein (tarix 05.06.2000, Mother Jones. Vol.25, Issue 3) olan məqalədə amerikalılar “Bakı-Ceyhan Boru Kəməri”in “Əliyev Boru Kəməri” adlandırmağı təklif edirdi. Azərbaycan Dövlətinin iqtisadi və siyasi imkanlarını və beynəlxalq ictimai rəydə formalaşan imicini birləşdirməyi bacaran H.Əliyev həm də Azərbaycanın Simvolu kimi yad güclər tərəfindən qəbul edilməsi bu məqalədən açıq görünür.

Azərbaycan Obrazının H.Əliyev timsalında formalaşmasında Xəzər dənizi nəqliyyat hövzəsi, Şimal-Cənub dəhlizi, karbohidrogen ehtiyatları, dövlətin iqtisadi potensial gücü, Siyasi müzakirələr predmeti, ehtiyatlarına görə “Ələddinin mücrüsünə” bərabər cazibədarlığı mühüm informasiya və etimada” malik (Selina Williams 06/06/200. The Moscow Times) siyasi davranışları motivləşdirən obyektiv reallıq kimi məqalələr toplusunda əks olunmuşdur.

Müxtəlif siyasi mərkəzlərdə Azərbaycanın taleyüklü məsələləri həll olanda, kitabdakı məqalələrin məzmunundan bəlli olduğu kimi Ümummilli lider H.Əliyev Xəzər dənizinin dövlətin siyasi istiqamətlərinə təsir edən imkanlara istinad etmiş, Azərbaycana marağı stimullaşdırmaq üçün Xəzərin karbohidrogen ehtiyatlarının perspektivlərinin sönməz cəlbediciliyini təqdim edə bilmişdir. İqtisadi gücə malik olan inamın siyasi implimentasiyasını H.Əliyev Azərbaycan dövlətinin iqtisadi cəhətdən gücləndirilməsinə, siyasi dividentlərin qazanılmasına, Ölkə daxilində sabitliyə və rifaha nail olmasına yönəltmişdir. “China Daily” qəzetində qeyd edilmiş “Xarici neft millət üçün açar rolunu oynayır” ifadəsini Ümummilli lider H.Əliyev Azərbaycan Dövləti səviyyəsində həyata keçirməyi bacardı.

1993-2003-cü illərdə toplanmış məqalələrin nüvəsini Duqlas Frants (03.02.2001, The New York Times (ABŞ)) yazdığı kimi “Azərbaycan iqtisadiyyatı keçmiş və gələcək qan damarı olan neftin sinonimidir” kimi qiymətləndirmişdir.

Xəzər Obrazı neft və qaz yataqları ilə zənginliyi və onun perspektivinin Zamana görə Gələcəyi iqtisadi çətinliklərdən xilas etməkdəki rolu məqalələrin demək olar ki, hamısında öz əksini tapmış və cazibəsini itirməyən zəngin Odlar yurdu Obrazı müasir Avropanın bir hissəsini soyuqdan qoruyur fikrinə gəlmək olur. Soyuq suların altında yatan isti ocaqların cazibəsi Xəzər obrazının Azərbaycan Obrazının formalaşmasındakı cəlbediciliyini Azərbaycan Dövlətçiliyi üçün əhəmiyyətinin təsiri məqalələr toplusunda öz əksini tapmışdır.

Məqalələr toplusu ali məktəblərdə tədris olunan Siyasi psixologiya, etnoqrafiya, jurnalistika üçün əvəzsiz pedaqoji mənbədir. Bu bizim ən yeni tariximizdir və nəticə çıxarmalı çoxlu arqumentlər var.

Misgər Məmmədov

ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent