XƏBƏRLƏR

ADU:75 ŞƏXSİYYƏT ÖMRÜ YAŞAMIŞ PEDAQOQ

01 dekabr, 2023

ABEN KƏRİMOV – 110

 

Azərbaycanda məktəb və pedaoji fikir tarixinin görkəmli tədqiqatçılarından biri, müqtədir pedaqoq və məhsuldar tədqiqatçı, pedaqoji elmlər doktoru, professor Aben Kərimovun pedaqogika tarixi elmi sahəsində müstəsna xidmətləri olmuşdur. Onun məktəb, maarif və pedaqoji fikir tarixinin tədqiqi sahəsində gərgin və intensiv əməyi bu günə kimi xalqımızın milli-mənəvi dəyərlər sistemini öyrənməkdə zəngin bir ideya çeşməsidir.

XX əsrin məktəb və pedaqoji fikir tarixinin mücahid tədqiqatçıları olan Əhməd Seyidovun, Mehdi Mehdizadənin və Mərdan Muradxanovun ideya-mənəvi irsinin layiqli davamçısı kimi professor Aben Nəsir oğlu Kərimovun  (1913-1995) Azərbaycanda həm də yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətləri olmuşdur. Onun yorulmaq bilmədən, heç bir təmənna gözləmədən, zərrə qədər minnət qoymadan bir neçə pedaqoqlar nəslinin yetişməsində qayğı göstərmək səyi biz müasir nəslin qəlbində uzunmüddətli bir xatirə kimi qalmışdır. Sənət peşəkarlığı, müəllim şərəfi, alim mövqeyindəki qabaqcıl tendensiyaları əxz etməsi, cəmiyyətdə müəllim statusu ilə bağlı elmi diaqnostikanın orijinal cəhətlərini ümumiləşdirmək manerası onun parlaq  əməl yolunun ibrətamiz həyat nümunələri idi.  

O, 1913-cü il avqustun 23-də Saatlı rayonundakı Molday kəndində andan olmuşdur. Salyan rayonunda orta təhsilini başa vurmuşdur. 1929-cu ildə V.İ.Lenin adına APİ-ə (indiki ADPU-ya) daxil olmuş, 1934-cü ildə institutun fizika-riyaziyyat fakültəsini bitirmişdir.

1941-1945-ci illərdə Böyük vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki Təhsil Problemləri İnstitutunda) aspirantura təhsili almışdır. 1952-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, həmin ildən 1958-ci ilə kimi Elmi-Tədqiqat Pedaqogika İnstitutunda direktor müavini olmuşdur. 1958-ci ildən 1973-cü ilə qədər V.İ.Lenin adına APİ-də (indiki ADPU-da) dosent, 1973-cü ildən 1984-cü ilə qədər Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (hazırkı Azərbaycan Dillər Universiteti) pedaqogika kafedrasına rəhbərlik etmişdir. 1973-cü ildə “Azərbaycanda əməyin və politexnizmin tarixinə dair oçerklər (XIX əsrin II, XX əsrin I yarısı)” adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

Onun “Şagirdlərin politexnik bacarıq və vərdişləri” (1957), “Uşaqların ailədə əmək tərbiyəsi” (1961), “Məktəblilərin izahlı politexnik lüğəti” (1967), “Politexnik təhsil və təlimin məhsuldar əməklə əlaqələndirilməsi” (1961) və s. kimi kitab və kitabçaları çap olunmuşdur. A.N.Kərimov 1964-cü ildə çap olunmuş “Pedaqogika”, 1976-cı ildə çap olunmuş “Pedaqogikaya giriş” adlı dərs vəsaitlərinin müəlliflərindən biridir. Ümumiyyətlə, onun 170 çap vərəqi həcmində 50-yə yaxın əsəri çap olunmuşdur.

A.N.Kərimov 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir”.

...Anadan olmasının 110 illiyi bu il qeyd olunacaq, nədənsə, ara-sıra xatırladığımız professor Aben Kərimovun söz və əməl vəhdəti ilə idarə olunan həssas qəlbi vardı. İnsanın məğlubedilməzliyinə, cəsarətliliyinə, hünər və comərdliyinə çoxlarından fərqli olaraq o, həyati düşüncə kredosundan baxır, yetişdirmələrinin tədris bacarıqlarına və elmi idrak axtarışlarına dərin məna verirdi. Xüsusən, elmin mənəviyyata yaxşı insan olmağa səfərbəredici  praktikasından bütün məsuliyyətlə səmərəli istifadənin imkan və yollarını elmi axtarışlar sorağı ilə, yüksək keyfiyyətdə təsdiqləyən ideyalar müəllifi olaraq, bu sahədə hər bir xırdalığa zərgər dəqiqliyi ilə qiymət verirdi.

Onun pedaqogika və onun tarixi qaynaqlarına aid informativ məlumatları dərin ümumiləşdirmək bacarığı, tədqiqatlarda müqayisəli təhlil aparmaq qüdrəti, əməyin elmi təşkili üçün pilot axtarışlar səviyyəsində dərk olunan aydın idrak yolu, əməli səyi bu gün də gənc tədqiqatçılara örnək nümunəsi olaraq qalır.

Aben Kərimovun 82 illik mənalı həyatının hər bir qəlbdə öz sağlığında buraxdığı xoş xatirələr olmuş, elmdə, ədəbiyyatda, incəsənətdə özünün parlaq istedadı, biliyi və bacarığı, elmi, pedaqoji, ictimai fəaliyyəti ilə silinməz iz buraxması, öz sahəsində kamil mütəxəssislər nəsli hazırlaması, cəmiyyətimizin tərəqqisinə güclü təkan verməsi kimi təcrübi fəaliyyət istiqamətlərində fəal iştirak etməsi söylədiklərimizin aydın ifadəsidir.

Aben Kərimov sadə və anlaşıqlı insan idi. Onun xəfif baxışları, həssas duyumsallığı, mədəni fütühatı münəvvər bir şəxsiyyət olmağından xəbər verirdi. Ailəcanlı olması, övladlarına, nəvə və nəticələrinə, qohum-əqrabaya yararlı ağsaqqal “yardımı” ətrafdakılara, onu sevənlərə xas məlhəmlik gətirər, onun kimi valideyn, ailə tərbiyəçisi olmağı çoxları munis duyğularla arzulamağa çalışardılar. Onun alim əməyi şəxsiyyət yetkinliyi ilə vəhdət təşkil edirdi.

Pedaqoji prosesə xidmət işində ali məktəb həyatının, mühitin rol oynadığına böyük inam bəsləyən Aben müəllim hər hansı bir məktəb rəhbərliyinin savadsızlığına, laqeydliyinə, eqoizminə, təkəbbürünə qalib gəlmək üçün hər bir gəncin üzərinə düşən vəzifənin nə qədər enerji, qüvvə sərf etməklə başa gələcəyini də unutmur, öz sevimli tələbələrinə yaltaqlığa, məddahlığa, yersiz təriflərə qarşı həssas olmağı tövsiyə edərək, halallığa, ədalətə, obyektivliyə qarşı edilən hücumlara mərdliklə sinə gəlməyi, “kişi kimi yaşayıb, kişi kimi ölməyi” təşviq edirdi. 

Elmin, maarifin çiçəklənməsi yolunda fədakar nəsil yetişdirməyin dərin sosial mündəricəsini açıqlayan professorla təsadüf elə gətirib ki, mən də rastlaşmış, onunla ünsiyyət məqamlarını özüm üçün dərin bir məktəb, maraqlı həyat və yaradıcılıq mənbəyi hesab etmişəm.

Unutmaram ... 1989-cu ilin qış fəsli idi. Respublikada milli-azadlıq hərəkatının, müstəqillik məşəlinin alovlandığı günlər idi. Tədqiq etdiyim namizədlik dissertasiyamın konkret adı o dövr üçün bir az yatımlı səslənmirdi. Əgər belə demək mümkünsə. Yəni “XIX əsrin ikinci yarısında Azərbaycanda pedaqoji fikrin inkişafına müsətəqqi rus pedaqoji ideyalarının təsiri” adlı dissertasiyama opponentlik etmək bu radikal seçim mövqeyi olan alimə həvalə olunmuşdu. Müdafiə ərəfəsində ondan fərqli münasibət gözləyirdim. Doğmalarımın, əzizlərimin əhatəsində qabaqcadan cəsarətli çıxış mətni də hazırlamışdım. Elmə, metodoloji prinsiplərə obyektiv dəyər prizmasından yanaşmağı bacaran opponentin ən çox da tədqiqatımı “Azərbaycan xalqının ictimai fikir tarixi üçün əhəmiyyəti böyükdür” qənaəti ilə tamamlaması məni sanki, mənəvi qələbə zirvəsinə ucaltdı.

Ölümündən sonra alimin təkcə bizim üçün yaradıcı ömründən qalan əsərləri deyil, həm də onun odlu məhəbbətlə sevdiyi, nəciblik və ləyaqətlə dolu qədir-ürvatlı ailəsi də bu gün bizim müasirlərimizdir. Onun həyat və yaradıcılıq yolunu vərəqlədikcə yəqin edirsən ki, aidiyyatı qurumlar, öz dövründə onun əməyinə layiqli dəyər vermiş, veteranlığını, müharibə çətirindən çıxdığını, coşğun bir həyata çətin, ağır sınaqlardan keçib gəldiyini lazımi səviyyədə qiymətləndirmişlər.

Eyni zamanda, bu gün aramızda bizimlə olmayan, lakin xatirələrimizdə çox iradəli, daim üzügülər, dedikcə sadə və anlaşıqlı bir insan kimi qalan vətən övladını yada salıb, onun 110 illiyi ərəfəsində Respublikanın elmi-pedaqoji ictimaiyyətinə təqdim etmək cəhdi isə güman edirəm ki, onun yaradıcılıq irsinə yenidən baxmağı zəruri edir. Çünki, biz öz sələflərimizi unuda bilmərik. Bunu bizdən həyatın özü tələb edir. Odur ki, bu il yubileyinin 75 illiyi qeyd olunacaq Azərbaycan Dillər Universitetində onun da yubiley yaşının 110 illiyi möhtəşəm və əzmkarcasına qeyd olunacaqdır.

Vidadi Bəşirov,

Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti,

pedaqogika üzrə fəlsəfə doktoru