XƏBƏRLƏR

“Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dəyirmi masa keçirilib

01 dekabr, 2023

 Azərbaycan Dillər Universitetində (ADU) Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar olaraq, Linqvokulturologiya kafedrasının müdiri vəzifəsini icra edən dosent Vüsalə Ağabəylinin təşəbbüsü, kafedranın baş müəllimi Səidə Orucovanın təşkilatçılığı 201a, b qruplarının iştirakı ilə “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Təhsil 1 və Təhsil 2 fakültələrinin dekanları prof. F. Cahangirov , dos. S. Nuriyev, kafedra müdirləri dos. V. Ağabəyli, dos. N. Zeynalova, dos. K. Hacıyeva, Psixologiya kafedrasından p.f.d. Ş. Babayeva, o cümlədən Linqvokulturologiya kafedrasının əməkdaşları və hər iki fakültənin tələbələri iştirak ediblər.

Dosent Vüsalə Ağabəyli tədbiri giriş sözü ilə açaraq, müasir dünyamızda bu mövzunun nə qədər aktual olduğunu, gənclərimizin maarifləndirilməsinin vacibliyini vurğulayıb, prof. F. Cahangirov , dos. S. Nuriyev sosial şəbəkələrin, ətraf mühitin qadın zorakılığına təsirindən danışıblar.

Fil.f.d. M. Hacıyeva qadın zorakılığının qarşısının alınmasının ən doğru yollarından biri olaraq, onların təhsil almalarını, hüquqlarını bilmələrini, ayaq üstə durmağı bacarmalı olduqlarını qeyd edib.  Dos.N. Zeynalova, dos.K. Hacıyeva , Ş. Babayeva , X. Cəlilova mövzu barədə geniş fikir mübadiləsi aparıblar.

201 a, 201 b qrup tələbələri Şahnur Quliyev, Lamiyə Əliyeva, Ləman Əliyeva, Xədicə Məmmədova bir ailədaxili münaqişəni canlandırıblar. Ailədə şiddət görmüş gənc qadın çıxış yolu axtarır. İştirakçılar bu axtarışa öz münasibətlərini bildirib, tövsiyələrini veriblər.

Geniş müzakirələrlə davam edən tədbir, tələbələrin bu mövzuyla bağlı təqdim olunan posterdə, “Qadın zəif deyil, zərifdir!”, “Qadın bir çiçəkdir, onu solmağa qoyma!”, “ Qadını vurma, ona vurul!”, “ Zəif qadın yoxdur, hüquqların bilməyən qadın var!” və s. qeydlərlə yekunlaşıb.