XƏBƏRLƏR

ADU-da "Heydər Əliyev və dil siyasəti” mövzusunda dəyirmi masa keçirilib

30 noyabr, 2023

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 1 fakültəsinin nəzdində ingilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə  2023-cü il “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar, Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Dil Siyasəti” mövzusunda  kafedranin müəllimlərinin və 112a, 224b və 319 a qrup tələbələrinin iştirakı ilə növbəti dəyirmi masa keçirilib. 

İngilis dilinin fonetikası kafedra müdiri prof. Fərman Zeynalov öz çıxışında Azərbaycan Respublikasının dil siyasətinin əsaslarını yaradan Heydər Əliyevin apardığı dil siyasətinin Azərbaycanda milli dilin nüfuzunu yüksəldərək onun ən müxtəlif sahələrdə işlənməsini təmin etmiş, Azərbaycanda geniş işləklik funksiyası yerinə yetirən rus dilinin hegemonluğu aradan qaldırılmış, Dövlət dilinin ictimai-siyasi mövqeyi gücləndirilərək ədəbi dilin inkişafı təmin edilmiş, Azərbaycan dilinin dövlət dili kimi inkişafı nəzəri-ideoloji baxımdan işlənib hazırlanmış siyasətin nəticəsi olduğunu bildirmişdir. 

Kafedranin baş müəllimi Gülbəniz Nuraliyeva öz çıxışında bildirib ki, Ümummilli liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.

Sonra Təhsil 1 fakültəsi 112a qrup tələbələri  tanınmış şəxsiyyətlərin “Dil öyrənməyin əhəmiyyəti” mövzusunda çıxışını Azərbaycan, alman, ingilis, italyan, türk və ispan dilində səsləndiriblər. 

Tədbir bədii hissə ilə davam edib.