ADU-da “Canavar ovu” və “Qafqaza qayıdış” sənədli filmlərinin nümayişi keçiriləcək
Dekabrın 1-də saat 12:00 da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək və dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tamaşaçılara daha yaxından tanıtmaq məqsədilə universitetin əsas binasında “Canavar ovu” (“Dağ kəndinin qış günü”) və “Qafqaza qayıdış” sənədli filmlərinin nümayişi keçiriləcək.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Dublyaj” studiyasında istehsal olunmuş “Canavar ovu” sənədli filmi Azərbaycanın ucqar dağ kəndələrindən birində baş verən maraqlı hadisələrdən, kəndin adət-ənənələrindən, məişətindən, qış qayğılarından bəhs edir. Filmin rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, ssenari müəllifi Sona Əsədova, operatoru Nadir Mehdiyev, prodüseri Qafar Məcidovdur.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanın “Yaddaş” studiyası və Fransanın “B-Tween” kompaniyası tərəfindən istehsal olunmuş “Qafqaza qayıdış” sənədli filmi böyük fransız yazıçısı Aleksandr Dümanın əsərlərinin motivləri əsasında çəkilib. Dünya şöhrətli aktyor Jerar Depardyenin iştirakı ilə çəkilən film aktyorun illər sonra Dümanın izi ilə Qafqaza – Azərbaycana səyahətindən bəhs edir.
Filmin rejissorları Stefan Berqunyu, Jan-Pyer Deviler, ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.
İzləmək istəyən hər kəsi dəvət edirik!