XƏBƏRLƏR

“Şuşanın dağları başı dumanlı” bədii-sənədli filminin təqdimatı keçirilib

24 noyabr, 2023

  Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsində  Prezident İlham Əliyevin  sərəncamı ilə  2022-ci il Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsilə əlaqədar “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  və İctimai Televiziyanın maliyyə dəstəyi ilə  istehsal edilərək ingilis dilinə dublyaj edilmiş “Şuşanın dağları başı dumanlı” bədii-sənədli filminin təqdimatı keçirilib. 

Tədbiri giriş sözü ilə  Azərbaycan Dillər Universitetinin German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva açıb, filmin meydana gəlməsi tarixindən danışıb. O, bildirib ki,   rəhbəri olduğu layihənin məqsədi Şuşa şəhərinin salınma tarixi barədə əcnəbi tamaşaçılara geniş məlumat vermək, bu şəhərin 30 il erməni işğalı altında olduğunu göstərmək və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun şəhərin işğaldan azad edilməsi üçün göstərdiyi şücaət barədə təsəvvür yaratmaqdır. Layihənin vəzifəsi əcnəbi tamaşaçılarda Şuşa tarixi haqqında real təsəvvür yaratmaq, Şuşanın Azərbaycan şəhəri olduğunu göstərməkdir.

Film auditoriyaya təqdim edilib və çox maraqla qarşılanıb.

Filmin nümayişindən sonra ADU-nun rektorun məsləhətçisi Anar Osmanlı filmi ərsəyə gətirən layihə heyətinin əməkdaşlarına dərin təşəkkürünü bildirib, filmin beynəlxalq aləmdə Şuşa haqqında gerçəklərin yayılmasında böyük rol oynayacağını vurğulayıb.

German dillərinin tərcümə nəzəriyyəsi bə praktikası kafedrasının dosenti Fialə Abdullayeva da çıxışında  filmdən çox təsirləndiyini qeyd edib. O, həmçinin  tarix, dil və tərcümə dərslərində filmdən geniş istifadə imkanlarını da auditoriyanın diqqətinə çatdırıb.