XƏBƏRLƏR

“Gender bərabərliyi üçün səfərbərlik” - seminar

23 noyabr, 2023

Noyabrın 22-si Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimovanın təşkilatçılığı ilə “Gender bərabərliyi üçün səfərbərlik” adlı seminar keçirilib. Seminara təlimçi kimi BMT-nin qlobal HeForShe hərəkatının ölkə üzrə proqram rəhbəri, gender məsələləri üzrə təlimçi Səadət Ağayeva dəvət olunub. 

Çıxışına gender anlayışı, gender bərabərsizliyi məfhumları haqqında geniş məlumat verməklə başlayan qonaq davamlı gələcəyə nail olmaq üçün Davamlı İnkişaf Məqsədləri planından bəhs etmişdir. Həmçinin bu planın yoxsulluq, bərabərsizlik, iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası, sülh və ədalət də daxil olmaqla, üzləşdiyimiz qlobal çağırışları həll etmək məqsədlərindən danışmış, qlobal məqsədlər kimi tanınan Davamlı İnkişaf Məqsədlərinin (DİM) 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yoxsulluğa son qoymaq, planeti qorumaq və 2030-cu ilə qədər bütün insanların sülh və firavanlıqdan zövq almasını təmin etmək üçün universal fəaliyyət çağırışı kimi qəbul edildiyini vurğulamışdır. Gender bərabərliyinin Davamlı İnkişaf Məqsədləri planına daxil edilən əsas məqsədlərdən biri olduğunu vurğulayan Səadət Ağayeva bu məqsədə çatmaq üçün nəzərdə tutulan hədəflərdən bəhs etmişdir.

Tədbirdə Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva, kafedranın əməkdaşları Mehparə Tajdehibonab, Mahnur Babayeva, Sevinc Qurbanova, p.ü.f.d. Günay Məmmədova, Ülviyyə Yaşarlı və Beynəlxalq Münasibətlər və Regionşünalıq fakültəsinin tələbələri iştirak etmişlər.

Sual-cavab və debat formatında təşkil olunmuş seminar tələbələr üçün produktiv keçmişdir.