XƏBƏRLƏR

Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru ADU-nun qonağı olub

22 noyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylanla görüşüb.

Qonağı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor ADU-nun beynəlxalq əlaqələri haqqında məlumat verib, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən danışıb. Qeyd olunub ki, eyni zamanda müxtəlif ölkələrdə Azərbaycan dili və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

Qırğızıstan-Türkiyə Manas Universiteti ilə müxtəlif istiqamətdə əməkdaşlıq qurmaqda maraqlı olduğunu deyən akademik Kamal Abdulla qarşılıqlı elmi əməkdaşlığın hər iki universitet üçün gələcək faydalı perspektivlərinə toxunub. Qeyd olunub ki, Azərbaycan Dillər Universiteti QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqində “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olub.

Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan Azərbaycan Dillər Universitetində qonaq olmaqdan məmnun olduğunu bildirib. Rəhbərlik etdiyi universitet haqqında danışan rektor birgə elmi tədqiqatların - konfrans və sipoziumların təşkili, elmi jurnalların çapı və birgə tədqiqatı məsələlərinin müzakirəsini yüksək dəyərləndirib.

Görüş gələcək elmi əməkdaşlıq imkanları və perspektivləri ətrafında müzakirələrlə davam edib.