XƏBƏRLƏR

SAĞLAM GƏLƏCƏK NAMİNƏ

22 noyabr, 2023

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir 

 

Müasir dünyanın yeni reallıqları bütün sahələrdə olduğu kimi tibb, səhiyyə sahəsində də öz perspektivləri və aktual problemləri ilə cəmiyyət qarşısında islahatlar aparmağa çağırır və mövcud tendensiyanı saxlamaq üçün yeniliklərə uyğun formalaşmağı tələb edir. Burada texnoloji inkişafın üstünlükləri, elmi təcrübələrin tətbiqi, innovativ və təsir imkanları güclü olan metod və metodologiyaların istifadəsi ön plana keçir.

Azərbaycanda da bütün sahələrdə olduğu kimi tibb sahəsində də dünya səhiyyə sistemində baş verən yeniliklərin öyrənilməsi, qabaqcıl səhiyyə müəssisələri ilə elmi mübadilələrin aparılması, habelə gənc kadrların daha peşəkar, savadlı və perspektivli olması istiqamətində ardıcıl sürətdə işlərin görülməsinə başlanılıb.

Bu baxımdan həm paytaxtda, həm də regionlarda fəaliyyət göstərən tibb müsəssisələri yeni yaradılmış TƏBİB-in nəznində daha məsuliyyətli və proqressiv inkişaf yoluna qədəm qoyub. Əlbəttə, xırda nöqsanların olması təbiidir. Ancaq səhiyyə istənilən xırda nöqsanı aradan qaldırmağa və işin ciddiyətinə təsir etmək imkanlarını nəzərə aldığından(insan faktoru olduğu üçün) qeyd olunan çatışmazlıqlar da tədricən aradan qalxmaqdadır.

Bu gün Azərbaycan qalib ölkə kimi qalib xalqın nümayəndələrinə istənilən fəaliyyət sahəsində ən yüksək peşəkarlıq və məmnuniyyət göstəriciləri ilə sözün yaxşı mənasında fərqlənməqdədir. Ələlxüsus TƏBİB-in fəaliyyətə başlaması, vətəndaşların ödənişsiz sığorta paketləri ilə təmin olunmasına, dərman preparatlarının keyfiyyətli və yetərli olmasına, həmçinin həkim-xəstə münasibətlərində daha çox operativliyə və şəffaflığa  əlverişli imkan yaratmış oldu.

Qeyd etmək lazımdır ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.

TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır.

Bütün bu qanunlar və mərkəzləşdirilmiş prinsiplər ilk növbədə sağlam nəslin yetişdirilməsinə, sosial baxımdam həssas qrupların diqqətdən kənarda qalmamasına, dövlət büdcəsinin optimallaşdılmasına, beləliklə güclü dövlətin onurğa sütunu olan gənclərin daha sağlam və faydalı olmasına xidmət etmiş olur. Güclü səhiyyə-güclü dövlət, parlaq gələcək deməkdir. Güclü dövlətin, parlaq gələcəyin müjdəçisi olan TƏBİB-in dünəni, bu günü və sabahı hər bir Azərbaycan vətəndaşını qürürlandırır, ona özünəinamı gücləndirir və davamlı inkişafın xarakterik xüsusiyyətlərini özündə ehtiva edir.

Təqdirəlayiq hallardan biri də regionlarda, xüsusən də sərhəd bölgələrində, ucqar dağ kəndlərində səhiyyə işi ilə bağlı nəzərə çarpacaq addımların atılmasıdır. Gənclərin regionlara cəlb olunması, əmək haqqının artırılması, sosial təminatın gücləndirilməsi bu qəbildən olan addımlardır.  Aztəminatlı ailələrin tibbi müayinələrinin pulsuz aparılıması, müasir tibbi avadanlıqlardan istifadə hər birimizi sabaha daha inamla baxmağa sövq edir. Bütün dünyanı cənginə alan Covid-19 pandemiyası Azərbaycan səhiyyə sistemi üçün növbəti sınaq idi. Əminliklə deyə bilərik ki, Azərbaycan səhiyyəsi və Azərbaycan həkimləri bu sınaqdan da geyindikləri ağ uniforma kimi təmiz və ləyaqətli çıxa bildi.

Modul tipli xəstəxanların fəaliyyəti, ölkə üzrə peyvəndləşmə prosedurunun bütün məsuliyyəti ilə aparılması, həkimlərimizin fədakarlığı qiyməti olmayan xidmətlərdən hesab olunur. Bu fədakarlıq fonunda həyatlarını itirən həkimlərimiz insanlıq adına ən böyük qəhrəmanlıq göstərmiş, xəstələrin şəfa tapıb, sağalmasında gecəsini gündüzünə qatmaqla, bir daha bu peşənin müqəddəsliyini təsdiqlədilər…

Daha sonra Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində Azərbaycan səhiyyəsi və həkimləri ağ paltarlı mələklər kimi neçə-neçə igid oğullarımızı yenidən həyata qaytardı. Bu misilsiz Vətənə xidmət, millətə sevgi və Ali Baş Komandana inamın təzahürü idi… Həkimlərimiz təkcə peşə borcunu yerinə yetirmədi, onlar həm də döyüşdü. Sözün əsl mənasında… Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanmış, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Həlak olmuş tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.

Canlarını bir an belə düşünmədən Vətəni,milləti uğrunda qurban verən qəhrəman şəhid həkimlərimizi böyük ehtiram və hörmətlə anırıq. Belə qəhrəman şəhid tibb işçiləri arasında Arəstə Baxışovanı qeyd etməklə, şəhid qardaşlarının yarasına məlhəm olan zərif tibb işçisinin şücaəti və cəsarəti bir daha Azərbaycan xalqının böyüklüyünü və yenilməzliyini sübüt etmiş oldu…

Bu gün TƏBİB Azərbaycan səhiyyə tarixində gələcəyə işıq saçan mayak rolunu oynayır. TƏBİB xalqımızın sağlamlığı, rifahı və xoşbəxtliyi üçün yorulmadan, əzmlə, sevgi ilə və yüksək peşəkarlıqla çalışan dəyərli həkimlərimizlə bunu deməyə əsas verir. Bu gün Azərbaycan səhiyyəsinin fəaliyyəti nəticəsində xəstələrin üzü gülür, sabaha inamı artır. Çünki qarşıya qoyulan hədəf və məqsədlər ancaq bir amala xidmət edir: “İnsanların sağlamlığı və məmnunluğu hər şeydən önəmlidir”!

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər Xidmətlər Zərfində əks olunub. Hazırda Xidmətlər Zərfinə 3000-dən çox tibbi xidmət daxildir. Vətəndaşlar 35 ilkin səhiyyə, 6 təcili və təxirəsalınmaz tibbi yardım, 634 ixtisaslaşdırılmış ambulator yardım, 931 laboratoriya, 77 fizioterapiya,  32 invaziv radiologiya və 266 stasionar terapevtik tibbi xidmətdən istifadə edə bilirlər.

Bəlkə də yaxın on il ərzində biz tamamilə başqa məsələlərdən danışacağıq. Həm də daha pozitiv və müsbət aurada. Çünki bu minvalla TƏBİB öz məqsəd və vəzifələrini yüksək səviyyədə yerinə yetirir, Hippokrat andının sadiqlərinin bilik və bacarıqları artır, yüksək dəqiqliklə və unikal imkanlara sahib avadanlıqlarla təminat əsas prioritet hesab olunur.

Ulu öndər Heydər Əliyevin başlatdığı bu uğurlu yol bu gün Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük diqqət və qayğı ilə davam etdirilir. İşğaldan azad olunmuş torpaqlarımızda ən müasir xəstəxana komplekslərinin tikilməsi, maddi-təchizat səviyyəsinin yüksəldilməsi, icbari tibbi sığorta zərfinə aid xəstəliklərin siyahısının genişləndirilməsi, qazi və müharibə iştirakçılarının müalicə və müayinə işlərinin vaxtında və keyfiyyətlə aparılması cəmiyyət tərəfindən minnətdarlıqla qarşılanır.

Bu gün biz TƏBİB-in fəaliyyəti haqqında danışanda artıq gələcəyi proqnozlaşdırır, keçmişdən dərs alır və müasir çağırışlara qoşuluruq. Bu da öz növbəsində Azərbaycan səhiyyə sisteminin dünya səhiyyə sistemi ilə ayaqlaşması üçün münbit bir mühiti formalaşdırmış olur. Təkcə son illəri nəzərə alsaq nə qədər gənc kadrların ixtisasartırma, təkminləşmə və təcrübə proqramına qoşulduğunu görə bilərik. TƏBİB təkcə Azərbaycan səhiyyəsinə şəffaflıq və inamı qaytarmadı, TƏBİB həm də Azərbaycan həkiminə olan rəğbəti və hörməti daha da artırmış oldu. Bu da məhz işin faydalılıq əmsalına müsbət təsir edən amillərdən biridir.

Son üç ildə şəhər və rayonlarımızda 256 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb, həmçinin ilkin səhiyyə xidmətlərinin çeşidləri artırılıb. 80 tibb müəssisəsində laborator-diaqnostik xidmətlər yenidən təşkil edilib və laborator müayinələrin sayı 3 dəfədən çox artırılıb. Xəstəxanaların müasir tibbi avadanlıqlarla təmin olunması və kadr islahatları ilə bağlı görülən işlər nəticəsində ötən müddət ərzində stasionar cərrahi əməliyyat sayında 60% artım müşahidə edilib. Aylıq ortalama stasionar cərrahi əməliyyat sayı 10 mindən 16 minə qədər yüksəlib. Tibb sahəsində innovasiyaların, elmi nailiyyətlərin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Əlbəttə ki, kadrların bu istiqamətdə peşəkarlıq səviyyəsinin artırılması böyük rol oynayır. Ötən müddətdə TƏBİB tabeliyində olan 15 tibb müəssisəsində xarici ölkələrdə təhsil alan 79 həkim-mütəxəssis işə qəbul edilib.

Sağlam cəmiyyətin formalaşması əsas milli məsələlərdən biri hesab olunur. Cəmiyyətin dövlətlə qarşılıqlı əlaqəsi baxımından da TƏBİB-in fəaliyyəti xüsusi qeyd edilməlidir. Vətəndaşın səhiyyədən məmnuniyyəti onun dövlətdən məmnuniyyəti deməkdir. Vətəndaşın həkimdən məmnuniyyəti onun idarəçilikdən məmnuniyyəti deməkdir. Vətəndaşın göstərilən xidmətdəm məmnuniyyəti onun sabaha olan məmnunluğunun göstəricisidir. Vətəndaş məmnuniyyəti məhz qurulan kompleks işin məntiqi yekunu olaraq özünü təsdiq etmiş olur. Artıq müəyyən bir ardıcıllıq, növbə, prinsip var. Bütün bunlar xaosun qarşısını alır, xidmət keyfiyyətinin yüksəldilməsini sürətləndirir. Məhz vətəndaş məmnuniyyəti elə buradan başlayır.

Azərbaycan səhiyyə işini günü-gündən yaxşılaşdıran, inamı artıran, göstərilən xidmətin səviyyəsini yüksəldən TƏBİB  nəinki Azərbaycan üçün, digər dövlətlər üçün də nümunə sayıla bilər.

Xüsusən də əhalinin icbari tibbi sığortaya cəlb olunması vətəndaşı səhiyyəyə daha da yaxınlaşdırır, həkimlə xəstə arasındakı inam və güvən bağını bir az da möhkəmləndirir, beləliklə xalqımıza öz işi ilə sağlam gələcəyə “Xoş gəldin” söyləyir…

 

Tural Cəfərli

İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı