XƏBƏRLƏR

Kayseridə Ulu öndərin 100 illik yubileyi münasibəti ilə simpozium keçirilib

14 noyabr, 2023

Noyabrın 6-da Türkiyənin Kayseri şəhərində Azərbaycan Dillər Universiteti və  Erciyez Universitetinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Doğumunun 100-cü Yıldönümündə Haydar Aliyevin Bir millət iki Devlet vizionu ve Kafkasiyada Yeni İşbirliklerine doğru"  adlı simpozium keçirilib.

Simpozium Mustafa Kamal Atatürkün xatirəsinə hörmət duruşu, Türkiyənin İstiqlal Marşı və Azərbaycan Respublikasının himni ilə başlayıb. Sonra isə universitetlər haqqında qısa video çarxlar  göstərilib.

Simpoziumu giriş sözü ilə Erciyez Universitetinin rektoru Prof. Dr. Fatih Altun açaraq öncə hər  iki ali məktəbin qarşılıqlı əməkdaşlığının əhəmiyyətindən, sonra isə coğrafiyamızın heç asan olmadığı zamanda hər iki ölkənin birliyinin  əhəmiyyətindən danışıb.

 Erciyez Universiteti Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Dr. Tekin Aycan Taşçı simpoziumun müzakirə edəcəyi məsələlərin hazırkı dövrdə və gələcəkdə araşdırılacaq problemlərinin öyrənilməsinə həsr edildiyini vurğulayıb, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə  təşəkkürünü  bildirib.

Simpoziumda Türkiyənin keçmiş Milli Müdafiə Naziri, Böyük Millət Məclisinin AK Partiya Kayseri Millət vəkili Hulusi Akar təhsilin dövlətlərin və xalqların gələcək inkişafı üçün çox vacib əhəmiyyətindən danışıb.

Cari ilin həm ölkəmizdə Ulu öndər Heydər Əliyevin 100 illiyi, həm də Türkiyədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə təsadüf etdiyi üçün çox əlamətdar olduğu qeyd olunub.

Simpoziumda Erciyez universiteti və ADU-ya bu əhəmiyyətli konfransı, məhz Zəfər günü və Böyük Atatürkün anım günü ərəfəsində təşkil etdiklərinə görə xüsusi təşəkkür edilib, hər iki ölkənin tək millət, tək ordu olduğu söylənilib. Həmçinin,  İkinci Qarabağ müharibəsində baş verənlər və əldə edilən zəfər haqqında geniş məlumat verilib.

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov “Bir millət, iki dövlət: Türkiyə-Azərbaycan əlaqələri və Heydər Əliyevin baxışı” mövzusunda çıxış edib. Səfir Qarabağ müharibəsində əldə etdiyimiz qalibiyyətin ölkə başçısının  gücü və  zəkası sayəsində əldə olunduğunu qeyd edib. Azərbaycan –Türkiyə diplomatik əlaqələrinin tarixi və keçdiyi yol haqqında, Türkiyə dövlət rəsmiləri və Cumhur başçısının Azərbaycana  göstərdiyi diqqət və qayğı, Türkiyənin Azərbaycana etdiyi yardım, Azərbaycanın Türkiyəyə qoduğu investisiya  və digər məsələlər haqqında da ətraflı məlumat verib.  O, belə əhəmiyyətli tədbirin təşkilinə görə hər iki universitetin rektoruna təşəkkürünü  çatdırıb.

Simpozium “Türkiyə-Azərbaycan əlaqələri” və “Qarabağ məsələsi” mövzusunda keçirilən sessiyalarda  alimlərin  məruzələri ilə davam edib.

  Moderatoru Prof. Dr. Mehmet Öcal olan “Türkiyə-Azərbaycan əlaqələri” adlı  birinci bölmədə ADU-nun Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva “Azərbaycan-Türkiyə münasibətlərinin milli mədəni kökləri və siyasi aspektləri”, Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Şəfəq Abdullayeva “Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri”, Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şükufə Cabbarova “Azərbaycan və Türkiyə arasında  elm və təhsil sahəsində qarşılıqlı əlaqələr” Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə “Heydər Əliyev və TÜRKSOY: Qazaxıstan-Azərbaycan-Türkiyə mədəni əlaqələri” və   Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı t.e.d. prof.İbrahim Kazımbəyli isə “Cənubi Qafqazda mövcud vəziyyət: tarixi və siyasi şəraitin yaratdığı reallıqlar”  haqqında təqdimat və videoçarxlarla vasitəsi ilə çıxış ediblər.

Bölmənin işi tələbələrin verdiyi maraqlı sualların müzakirəsi ilə  başa çatıb.

Moderatoru t.e.d.prof. İbrahim Kazımbəylinin olduğu “Qarabağ məsələsi” mövzusunda ikinci bölmədə Dr.Tekin Aycan Taşcı “Qarabağ məsələsinin tarixi mənşəyi”, dos. Ramin Sadıq  “Qarabağ məsələsi və onun Türkiyə-Azərbaycan münasibətlərində yeri”, dos. Esma Özdaşlı “Türkiyə və Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar erməni terrorizminin ölçüsü kimi: keçmişdən bu günə bir təhlil”, dr. Elif Şimşək Özkan “Rusiya-Türkiyə Münasibətlərinin Qarabağ Böhranında Transformativ Rolu” mövzularında çıxış ediblər.

Simpoziumun sonunda iştirakçılara “Doğumunun 100-cü Yıldönümündə Haydar Aliyevin Bir millət iki Devlet ve Kafkasiyada Yeni İşbirliklerine doğru" yazılı lövhələr və xatirə hədiyyələr təqdim edilib.