XƏBƏRLƏR

ADU-da Rusiyalı yazıçılarla görüş keçirilib

14 noyabr, 2023

Noyabrın 14-də Azərbaycan Dillər Universitetində  müasir Rus ədəbiyyatının nümayəndələri  Anastasiya Strokina və Aleksey Salnikov ilə görüş keçirilib. Tədbirdə tərcüməçilər, filoloqlar və tələbələr iştirak ediblər.

Görüşdə müəlliflərin Azərbaycan dilinə tərcümə olunmuş kitablarının təqdimatı baş tutub. Öncə tədbir iştirakçılarına kitablarla bağlı video-süjet təqdim olunub.

Anastasiya Strokinanın “Bayquş canavar” kitabını Azərbaycan dilinə tərcüməçi, yazıçı Saday Budaqlı, Aleksey Salnikovun “Petrovlar ailəsi” kitabını isə tərcüməçilər Salam Sarvan və İlqar Əlfioğlu çevirib.

Tərcüməçi İlqar Əlfioğlu “Petrovlar ailəsi” kitabı haqqında danışıb.

Qeyd olunub ki, kitabda cərəyan edən hadisələr dərin bədii elementlərlə zəngindir.

Yazıçı, tərcüməçi Saday Budaqlı “Bayquş canavar” əsərinə görə müəllifə təşəkkürünü bildirib və oxucular üçün maraqlı bir nəsr nümunəsinin təqdim olunduğunu söyləyib.

Rusiyalı yazıçılar səmimi sözlərə və tərcümə işinə görə yaradıcı heyətə təşəkkürünü bildirib.

Söylənilib ki, ədəbi əlaqələrin qurulması bundan sonra da uğurla davam etdiriləcəkdir.

Qeyd edək ki, kitablar Azərbaycan Dövlət Tərcümə Mərkəzində ADTM və RTİ-nin birgə layihəsi olan “Aydınların zamanı” seriyasında nəşr olunub.

Görüş ədəbiyyat və tərcümə sahəsi ilə bağlı müzakirələrlə davam edib.