XƏBƏRLƏR

ADU-nun müəllimi tərəfindən NDU-da ixtisasartırma təlimi keçirilib

14 noyabr, 2023

Noyabrın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri professor əvəzi, filologiya üzrə fəlsəfə doktoru Ülfət İbrahim tərəfindən Naxçıvan Dövlət Universitetinin  (NDU) Roman - german dilləri  kafedrasının fransız dili müəllimləri üçün “Fransız dilinin  tədrisində rəqəmsal texnologiyaların tətbiqi” adlı ixtisasartırma təlimi keçirilib.

Bildirilib ki, təlimin əsas məqsədi fransız dili müəllimlərinə müasir fransız dilinin tədrisində yeni texnologiyaların dərs prosesində istifadəsi və dərslərin daha interaktiv şəkildə keçirilməsi olub. Təlimdə fransız dili müəllimləri ilə bərabər kafedranın doktorant və dissertantları da iştirak  ediblər.

Təlim zamanı müəllimlər dərs prosesində müxtəlif proqramların istifadə üsulları ilə tanış olublar. Onlara müxtəlif rəqəmsal platformalar və yeni tədris vasitələri təqdim olunub.

Müəllimlərin çoxsaylı sualları təlimçi tərəfindən cavablandırılıb. Təlimin sonunda müəllimlərə sertifikatlar təqdim olunub.

Eyni zamanda, Azərbaycan Dillər Universiteti və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığın gələcək perspektivləri də müzakirə olunub.