XƏBƏRLƏR

Kayseridə Zəfər Günü qeyd olunub

13 noyabr, 2023

  Azərbaycan Dillər Universiteti və Erciyez Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin Kayseri şəhərində Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş “Azərbaycan  qardaşlıq parkında” Qarabağ Zəfərinin ildönümü münasibətilə çələng qoyma mərasimi keçirilib. 

Mərasimdə Türkiyə tərəfindən Erciyez Universitetinin rektoru, Prof. Dr. Fatih Altun, Kayseri şəhərinin Talas rayonun sədri Yaşar Dönməz,  Talas Rayon Bələdiyyəsinin sədri Mustafa Yalçın, müəllimlər- Dr. Tekin Aycan Taşçı, Dr. Elif Şimşək Özkan, Dos. Dr. Ramin Sadık, Dos.Dr. Esma Özdaşlı və başqaları, Azərbaycan tərəfindən isə Azərbaycanın Türkiyədəki səlahiyyətli və fövqəladə səfiri Rəşad Məmmədov, ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı prof. İbrahim Kazımbəyli, Fəlsəfə və İctimai Elmlər kafedrasının professoru Şəfəq Abdullayeva və dosenti Şükufə Cabbarova, Regionşünaslıq kafedrasının müdiri prof. Sevdagül Əliyeva və müəllimi Aygün Soltanzadə iştirak ediblər.

Anım tədbirində Erciyez Universitetinin rektoru Prof. Dr. Fatif Altun və  səfir Rəşad Məmmədov çıxış ediblər.

Bildirilib ki, bu park bir millətin iki dövləti arasında birliyin, Qarabağ yolunda bütün şəhidlərin anım yeridir.

Səfir Rəşad Məmmədov qeyd edib ki, Birinci Qarabağ müharibəsində Türkiyə və Azərbaycan indiki qədər güclü və nüfuzlu deyildi, artıq zaman dəyişib. Səfir həmçinin Kayserinin Şuşa ilə qardaşlaşmış şəhər elan edildiyini və bu yaxınlarda bununla bağlı nümayəndə heyətinin gələcəyini və yenidən tədbir keçiriləcəyini vurğulayıb.