XƏBƏRLƏR

ADU beynəlxalq kitab sərgisində iştirak edib

13 noyabr, 2023

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin (Baku International Book Fair 2023) açılış mərasimi olub.

Sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar iştirak edir.

Azərbaycan Dillər Universiteti olaraq sərgidə hər il olduğu kimi bu il də fəal iştirak edirik.

Sərgidə universitetimizin rektoru, Xalq yazıçısı Kamal Abdullanın ingilis dilində çap olunmuş "Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanlarının təqdimatı və imza günü keçirilib.

Təqdimatdan sonra oxucularla xatirə şəkilləri çəkilib.

Sərgi çərçivəsində müxtəlif formatda tədbirlər (kitab təqdimatı, imza saatları, oxucularla görüş) xarici yazarlarla görüşlər keçirilib

Gün ərzində stendimizi ziyarət edənlər arasında Azərbaycan universitetlərinin rektorları, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, İtalya və Gürcüstan səfirliyinin mədəni əlaqələr üzrə nümayəndələri böyük maraqla sərgilənən resursları nəzərdən keçiriblər.

Azərbaycan Dillər Universitetinin Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçıya hədiyyə edilib.

Qeyd edək ki, "Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə gerçəkləşən sərgidə “Zəfər”, “Şuşa” və “Xudafərin” adlı üç təqdimat zonası fəaliyyət göstərir.