XƏBƏRLƏR

Müasir dünyada yeni Azərbaycan obrazı

04 noyabr, 2023

Uzun müddət işğal altında qalmış torpaqların, onunla birlikdə  istismar olunan milli mənəvi dəyərlərimizin də azadlığı uğrunda aparılan 44 günlük müharibədən tarixi qələbə ilə çıxan Azərbaycan dünya arenasında öz milli kimliyini  ortaya qoydu.  Daha sonra  aparılan  24 saatlıq  lokal xarakterli anti-terror əməliyyatı növbəti dəfə Ermənistana, onun havadarlarına Azərbaycan ordusunun gücünü və nəyə qadir olduğunu göstərərək, milli birliyə, qüdrətli dövlət imkanlarına qadir olmasını təsbit etdi. Müasir  dünya miqyasında Azərbaycan  görkəmli nüfuz sahibi, yüksək intellektə malik bir ölkə, inkişaf etməkdə çox diqqət çəkən bir diyar, bəzi böyük beynəlxalq problemlərin həllində keçərli sözü ilə seçilən bir məmləkət kimi bütün dünyada tanınır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və çevik ittifaqlar strategiyasının həyata keçirilməsini təmin edən Azərbaycan Respublikasının çoxvektorlu xarici siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirməsinə, Cənubi Qafqazın aparıcı ölkəsinə çevrilməsinə, həmçinin dövlət müstəqilliyini təmin etmək və gücləndirmək üçün mövcud resursların düzgün şəkildə istiqamətləndirilməsinə və yeni potensialın artırılmasına imkan verdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir şəraitdə milli maraqlar nəzərə alınmaqla, yeni məzmunla tamamlanan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi kursunu uğurla və ardıcıl şəkildə davam etdirir.  İndi bütün dünya Azərbaycandan danışır. Buna görə də xarici mətbuatda Azərbaycan haqqında kütləvi yazılar dərc olunur. Bu yazılarda Azərbaycanın həm xarici siyasəti, həm də iqtisadi, siyasi, milli-mənəvi durumunun araşdırılması  müşahidə olunur. Azərbaycan xalqının da bu yazılardan xəbərdar olması onun  ölkədənkənardakı mövqeyinin üzə çıxarılması baxımından xüsusi əhəmiyyət kəsb edir.  Bununla yanaşı mətbuatda gedən böhtan xarakterli və qərəzli yazılara da rast gəlinir ki, bunlardan  xəbərdar olmağımız və cavab xarakterli araşdırmaların da ortaya çıxması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan ictimaiyyətə təqdim olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2023)”  kitabı öz məzmun, mövqe və forması ilə diqqəti cəlb edir.

Akademik Kamal Abdullanın rəhbərliyi ilə həyata keçən bu layihə-kitabda  müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan haqqında yazılmış mühüm yazıların tərcüməsi və onlara münasibəti ifadə edən şərhlər də  öz əksini tapmışdır.   Oxuculara təqdim olunan bu kitabda  Azərbaycanın  siyasi-ictimai fikrinin  istiqamətini, qonşu xalqın işğalçılıq siyasətini  müəyyən etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini bilmək üçün xüsusi əhəmiyyət kəsb edir.

Ulu öndərin 100 illiyinə həsr olunmuş və akademik  K.Abdullanın rəhbərliyi ilə həyata keçirilən layihədə 1993-2003-cü illərdə ilk müstəqillik dövründə ölkəmizlə bağlı xarici ölkələrdə yazılan məqalələr  tərcümə olunaraq şərhlərlə çap edilmişdir.   Hörmətli Kamal müəllimin kitaba yazdığı ön sözdə  layihənin məqsədi, vəzifəsi və o cümlədən cəmiyyətimiz üçün faydası haqqında məlumat verərək bildirir ki, kitab  siyasətçilər, tarixçilər, iqtisadçılar, regionşünaslar, diplomatlar və digər mütəxəssislər üçün son dərəcə faydalı vəsait kimi dəyərlidir.

Cəmiyyətimiz üçün son dərəcə  faydalı olan  layihə bir neçə cəhətdən yüksək qiymətləndirilə bilər. Bir tərəfdən Azərbaycan gerçəkliyinin xarici mətbuatda necə ifadə olunması kitabda dərc olunan məqalələr əsasında üzə çıxarılır. Dünyamiqyaslı layihələrin həyata keçirilməsi üzrə Azərbaycanın imicinin formalaşdırılma prosesi izlənilir. Digər tərəfdən  təqdim olunmuş  kitab dünya mətbuatının səhifələrində Azərbaycan  xalqının  ümummilli liderinin  apardığı   uğurlu xarici siyasətinin   təcəssüm xüsusiyyətlərini  təhlil və şərh etməyə imkan yaradır. Oxucu bu kitabla tanış olduqca ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə xarici mətbuatda Azərbaycan haqqında verilən yazıların müsbətə doğru necə dəyişdiyinin şahidi olacaq, respublikanın inkişafının həqiqi əks-sədasını duyacaqdır.

Kitabda ingilisdilli dünya mətbuatında gedən ən vacib məsələlər – hamını narahat edən problemlər öz əksini tapmışdır. Ən çox Ermənistan-Azərbaycan problemi geniş yer almışdır. Bu məsələnin bir çox problemlərini işıqlandıran çoxlu  mətbu material daxil edilmişdir. Misal olaraq göstərmək olar ki,  “Ermənistanın Azərbaycana hücumlarından narahat olan Türkiyənin Baş Naziri Qarabağdakı müharibə təhlükəsi haqqında prezident Boris Yeltsin ilə danışıqlar aparmaq üçün dünən Moskvaya səfər edib... T.Çillər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunacağı təqdirdə ona qarşı müharibə elan etmək üçün parlamentə müraciət edəcəyi ilə hədələyib” kimi sitatlarda  Azərbaycanın Türkiyədən dəstək alması, birliyi özünü büruzə verir.

Xeyli sayda  məqalə isə müstəqillik illərində Bakı neftinin dünya bazarındakı rolu və eyni zamanda problemlərini əks etdirir. Vaşinqton Post (ABŞ) qəzeti 20-09-1994-cü il tarixli sayında yazırdı: “Azərbaycan və Qərb şirkətləri Xəzər Dənizində neft quyularının qazılması Planı üzrə razılığı gəliblər. Diplomatlara və sənaye təmsilçilərinə görə, bu gün qərbin yeddi neft şirkəti Xəzər dənizində neft quyuları qazmaq üçün Azərbaycanın Milli Neft Şirkəti ilə milyarlarla dollar dəyərində olan müqavilə imzalayacaq. Konsorsiumda ən böyük paya sahib olan “Amoco Corp” və “Britiş Petroleom PU” şirkətinin mətbuat katibləri söyləyiblər ki, Azərbaycanhdakı neft yataqlarını inkişaf etdirmək üçün yeddi milyarddan artıq vəsait lazım olacaq”  kimi sitatlarda isə  əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın neft strategiyasının  dünya mətbuatında böyük yer almasının şahidi oluruq

Bundan başqa kitabda Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatı, tarixi və mədəniyyəti ilə bağlı yazılar da diqqəti cəlb edir.  Bu   yazılar isə ölkənin  sosial-siyasi, beynəlxalq müstəvidə yerinin müəyyənləşməsi, mədəni tarixi durumunu müəyyən edir.   

Bu tipli yazıların da tərcümə olunaraq ictimaiyyətə çatdırılması Azərbaycan obrazının xarici mətbuatda necə əks  olunması   haqqında təsəvvür yaradır. Kitabda qeyd olunan məqalələr xarici mətbuat səhifələrində Heydər Əliyevin ədəbiyyat, mədəniyyət hamisi obrazını fiksə etməklə yanaşı ulu öndərin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması faktının dünyaya qəbul etdirilməsi və yurdumuzun azad olunması uğrunda mübarizəsinin, siyasətinin ştrixlərini əks etdirən tarixi-bədii sənədlər kimi də dəyərlidir.

Kitabın “Ön söz”ünün müəllifi akademik Kamal Abdullanın qeyd etdiyi kimi, “Kitab üzərində iş məqalələrin tərcüməsi ilə məhdudlaşmamışdır. Eyni zamanda, Azərbaycan reallıqlarını mətbuat səhifələrində işıqlandırmağa çalışan bəzi müəlliflərin yol verdikləri qeyri-dəqiqliklər, təhriflər və ya saxtalaşdırmalar üzə çıxarılmış və belə məqamların hər biri barədə, həmçinin kitaba daxil edilən materiallarda öz əksini tapan hadisə və proseslərlə bağlı olan şəxslər, şəhər və kəndlər haqqında da müvafiq şərhlər verilmişdi”.

Kitabın məziyyətlərindən biri də ona əlavə edilmiş 268 qeyd və 81 səhifə həcmində olan izahat bəndi vardır.  Qeydlər adı ilə kitabda yer alan bu bölmədə məqalələrdə rast gəlinən şəxsiyyətlər haqqında izahat verilir, bəhs olunan  hadisələrlə bağlı qeyri-dəqiq   məlumatlara aydınlıq gətirilir.

Bir sözlə, haqqında bəhs etdiyimiz kitab öz orijinallığı ilə seçilən faydalı bir layihədir.

Böyük zəhmət hesabına baş gələn kitabın ərsəyə gətirilməsində xüsusi xidməti olan  layihənin ilk ideya müəllifi və rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdullaya, icraçı-koordinatorları “Azərbaycanşünaslıq” elm mərkəzinin müdiri tarix üzrə fəlsəfə doktoru  Aqşin Rüstəmova,  elmi işçi Suğra Ələkbərliyə, tərcüməçilərə və o cümlədən məsul redaktor dosent Aqil Şahmuradova xüsusi təşəkkürümü bildirirəm.

 

Adil BABAYEV,

filologiya elmləri doktoru,

Azərbaycan Dillər Universitetinin

məsləhətçi professoru