XƏBƏRLƏR

“Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı kitabın təqdimatı keçirilib

03 noyabr, 2023

Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru akademik Kamal Abdullanın layihəsi əsasında “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı(1993-2003)” adlı kitabın təqdimatı  keçirilib.

Elm şöbəsi, Magistratura şöbəsi  və Doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə, ADU-nun professor-müəllim heyəti, həmçinin magistr və  doktorantları iştirak ediblər.

Tədbirdə qonaq qismində iştirak edən kitabın məsul redaktoru, layihəçiləri, tərtibçiləri, rəyçiləri, layihənin içraçı koordinatorları kitab haqqında öz fikirlərini çatdırıblar. Bildirilib ki, akademik Kamal Abdullanın böyük səy və əməklə ərsəyə gətirdiyi bu kitabın hər səhifəsində hər kəsin böyük zəhməti var, çünki kitab üzərində iş məqalələrin Azərbaycan dilinə tərcümə edilməsi ilə bitmir, kitabda hətta, Azərbaycan reallıqlarını mətbuat səhifələrində işıqlandırmağa çalışan bəzi müəlliflərin yol verdikləri saxtalaşdırmalar da üzə çıxarılıb.

Eyni zamanda, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bu kitabın ADU tarixində böyük layihə kimi magistr və doktorantların tədqiqatlarında, elmi işlərində, dissertasiya mövzularında öz əksini tapacağı bildirilib. Professor və dosent heyəti, müəllim və tələbə kollektivi kitabın müasir gəncliyimizə verdiyi töhfə, informasiya savaşında beynəlxalq arenada Azərbaycan həqiqətlərinin çatdırılmasında  əhəmiyyətli mənbə olduğu da qeyd olunub.