XƏBƏRLƏR

Bu kitab informasiya savaşı və tarixi şüurun təkmilləşməsinin düsturunu verir   

03 noyabr, 2023

Bu günlərdə Azərbaycan Dillər Universitetində bu ali təhsil ocağının rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə hazırlanmış və Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" adlı kitabın təqdimatı keçirilib. Tədbirdə ADU-nun professor-müəllim heyəti, şöbə müdirləri, doktorant, magistrantlar və  tələbə kontingenti iştirak edib. Öncə onu qeyd edim ki, toplantı olduqca qaynar ab-hava ilə başlayıb və elə o minvalla da başa çatıb. ADU-nun doktorantı olaraq, mən də natiqlər sırasında idim. Rektorla doktorantlar arasında ötənlərdə baş tutan yaradıcı görüşdə hörmətli rektorumuz adıçəkilən kitab haqqında məlumat verərək, inamla oxumağı tövsiyə etmişdi. Doktorantura şöbəsinin müdiri Nərgiz Qarayevanın dəstəyi ilə kitabı əldə edib, mütaliə etdim. Sözügedən tədbirdə də kitabın əhəmiyyəti, təlqin etdiyi dəyərlər və informasiya savaşında kitabın oynayacağı rol barədə düşüncələrimi diqqətlərə ərz etdim. 

Sözə başladım: 

İcazənizlə oradan başlamaq istərdim ki, son günlər olduqca tarixi, şanlı, şərəfli və qürurlu günlər yaşayırıq. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Xankəndidən bəyanatlar verir, şanlı Azərbaycan bayrağı Xankəndidə dalğalanır, hüquq-mühafizə orqanlarımız orada xidmətlər aparır. Bir sözlə bu gün Qarabağda savaş başa çatıb, artıq biz cəbhə xətti deyil, sərhədlərin delimitasiya,  demarkasiyası və reinteqrasiya proseslərindən danışırıq. Bir sözlə, səngərdə silahlar “susub”, buna rəğmən infomasiya cəbhəsi hələ də qalmaqdadır, bu cəbhədə silahlar yenə də “danışır”. Çoxillik jurnalist fəaliyyətimdən yola çıxaraq, iddia edə bilərəm ki, döyüş meydanlarında atəşkəsə nail olunsa da, informasiya cəbhəsində “atəş səsləri” ara vermir. Bu savaş dünən də olub, bu gün də var, sabah da olacaq. Bu mənada işığına toplaşdığımız "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" adlı kitab ölkəmizdə “informasiya savaşı necə aparılmaldır?” sualına axtarılan cavabın düsturunu verir, fəlsəfəsini açır. Məmləkətimizdə milli məfkurənin, tarix şüurun daha mütəşəkkil şəkildə formalaşması yönündə bir mayak rolunu oynayır. Çünki kitabda olduqca maraqlı detallar, tarixi həqiqətlər yer alır.  Məqalələr arasında Kanadanın aparıcı media quruluşlarından olan “THE QLOBE and MAİL”də dərc olunmuş  “Azərbaycan 7 milyard dollarlıq müqaviləyə imza atır, Qərb şirkətləri neft yataqlarının işlənməsi üçün keçmiş sovet ölkəsi ilə birləşir” başlıqlı mətn daha çox diqqətimi çəkdi. Bu mənada ki, məqalənin başlığı belə dünyaya subliminal mesajlar ötürür.  

Yazıda 1994-cü ilin 20 sentyabrında dünyanın aparıcı 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi”nə toxunulur, onun Azərbaycan, eləcə də dünya üçün strateji mahiyyətindən söhbət açılır. Diqqətə çatdırılır ki, bu müqavilə Azərbaycanın beynəlxalq şirkətlərlə bağladığı ən böyük sazişdir və Azərbaycanın dünya ilə dialoqa girə bilməsi, dünyaya inteqrasiyası istiqamətində ən ciddi addım və tarixi hadisədir. Bundan başqa vurğulanır ki, müqavilə Azərbaycanda neft bumuna ümidlər yaradır, xarici investorların Bakıya olan marağını daha da artırır. Sonrakı illərdə bu yanaşmalarda böyük həqiqət payının olduğunu müşahidə etdik. 

Bundan başqa,  mətndə qeyd olunur ki, Böyük Britaniya, (British Petroleum Co.PLC və “Ramco enerjy PLC) Amerika (Amoco Corp, Pennzoil CO, Unokal Corp, McDermot İnternational), Norveç (Statoil), Rusiya (Lukoil) və Türkiyənin (Turkish Petroleum) məxsus olan 13 beynəlxalq şirkətlə imzalanıb. 

Məqalədə ümummilli lider Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə bağlı fikir və düşüncələrinə xüsusi yer verilir. Ulu öndər Heydər Əliyev bəyan edib: “Bu müqavilə ərazisinin təxminən beşdə biri ermənilər tərəfindən işğal edilən, illərdir qeyri-sabitlikdən əziyyət çəkən bir ölkəyə firavanlıq bəxş edəcək, əhalinin rifah halı və sosial şəraitinin yaxşılaşmasına təkan verəcək”. Ümummilli liderin bu düşüncələrini siyasi cəhətdən tərcümə etsək, aydın şəkildə görərik ki, məhz bu məqamda da ulu öndər Qarabağ məsələsinə diqqət çəkir, işğala  məruz qaldığımızı dünyanın diqqətinə çatdırır.

Məqalədə “Əsrin müqaviləsi”nin iqtisadi potensialı barədə də söz açılır. İlkin hesablamalara görə, Azərbaycanın bu müqavilədən 30 il müddətində 34 milyard dollar gəlir əldə edəcəyi təxmin edilir. Bildirilir ki, əsrin əvvələrində dünya neft hasilatının təxminən yarısı Azərbaycanın payına düşür. 

“BP”nin o vaxtki prezidenti Con Braun bəyan edib ki, “Əsrin müqaviləsi” əsrin 4-də 3-ü ərzində beynəlxalq neft şirkətlərinin Azərbaycana ilk dəfə qayıdışının təntənəsidir:

“Azəri” və “Çıraq” yataqlarının, eləcə də “Günəşli” yatağının dərinliklərində yerləşən hissənin işlənməsi nəticəsində 3 milyard bareldən çox yüngül xam neftin çıxarılması mümkündür. 11 ildən sonra hasilat artaraq, gündəlik 600 min barelə çata bilər”

Məqalədə “Əsrin müqaviləsi”nə qarşı çıxan ölkə və qüvvələr açıq kontekstlə göstərilir. Xəzərdə guya ekosistemin korlanması və bu dənizdə təktərəfli hərəkət edilməsinin beynəlxalq hüquqa zidd olduğunu iddia edərək, müəyyən əngəllər törədilirdi. Hətta Rusiya Xarici işlər nazirinin o vaxtki sözçüsü Qriqori Karasin mətbuat konfransında sərt şəkildə bəyan edib ki, Rusiya bu müqaviləni tanımaycaq. Amma ulu öndər Heydər Əliyev yenə praqmatik siyasi gedişlərini, diplomatik bacarıq və uzaqgörən yanaşmalarını işə salaraq, bu maneəni də aşa bilib. Ümummilli lider bəyan edib ki, Rusiyanın “Lukoil” şirkəti layihədə 10 faiz paya malikdir. Bununla da ümummilli lider müqavilədə Azərbaycanın yurisdiksiyasına dair təminat alıb.  

Məqaləyə dair qənaətim: 

Sözün həqiqi mənasında “Əsrin müqaviləsi”nin  imzalanması ilə Azərbaycan iqtisadiyyatının “damarına yeni qan vuruldu” və bununla da ölkəmizdə iqtisadi dayanıqlıq təmin edildi. Bundan əlavə,  “Əsrin müqaviləsi” ölkəmizə təkcə iqtisadi deyil, siyasi, diplomatik və sosioloji baxımdan da dividend gətirdi. Vətən savaşında Ermənistanın havadarı olan Fransa və digər ölkələr Azərbaycana qarşı sanksiya tətbiq etmək xülyasına düşəndə, Böyük Britaniya neytral mövqe sərgilədi. Sadəcə bu faktı qeyd etmək bəs edər ki, biz “Əsrin müqaviləsi”nin siyasi, diplomatik dvidendini anlayaq.

Tarixə nəzər yetirsək, görərik ki, xalqın təkidli tələbi ilə ulu öndər yenidən Azərbayanın rəhbərliyinə gələndə, gətiriləndə sanki Azərbaycan iqtisadiyyatına “süpürgə çəkilmişdi”, ölkəmiz siyasi qovğaların plasdarmına çevrilmişdi. 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz vardı, ərazilərimizin 20 faizi işğal olunmuşdu. Belə bir taleyüklü məqamda ümummilli lider Heydər Əliyev dövlətimizin var oluşu, milli maraq və təhlükəsizliyimizin qorunması, gələcək perspektivdə torpaqlarımızın işğaldan azad edilməsi üçün prioritetlər müəyyən etdi. Bunlara ölkəmizin onurğa sütunu rolunu oynayan itqisadiyyatın qüdrətlənməsi, ordu quruculuğu, hərbi sənayenin inkişafı, xaricdə diplomatik korpusların formalaşması, diaspor quruculuğu və ölkə daxilində ən ümdə ideoloji xətt olan Azərbaycançılıq ideologiyası daxil idi. Bütün bu prioritetlər zaman-zaman ən ali formada həyata keçirildi, iqtisadiyyatımız dirçəldi. Məhz Azərbaycançılıq ideologiyası ölkəmizdə milli, vətənpərvər ruhu diri saxladı, milli şüuru inkişaf etdirdi. Əhaliyə multikultural dəyərlər aşılandı və ən nəhayət ölkədə milli beyin bankı – diplomatiya, ədəbiyyat, mədəniyyət, ordu, cəmiyyət və başqa sahələrdə milli burjuaziya formalaşdı. Məhz bu ideologiyanın bariz nümunəsi olaraq iddia edə bilərik ki, 44 günlük Vətən savaşında “Əsgər irəli yox, əsgər ardımca!” əmrini verən zabitlərimiz formalaşdı. Ölkəmizi dünyada təbliğ edən, bizi dünyaya tanıdan ziyalılarımız, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərimiz yetişdi. Bütün bu sistemli və kompeks tədbirlərin nəticəsində II Qarabağ savaşında zəfərə imza atıb, adımızı qalib xalqlar sırasına həkk etdirdik. Heç kimə sirr deyil ki, müharibə ərəfəsində Prezident İlham Əliyev təkcə ordunun, dövlətin deyil, həm də sözün Ali Baş Komandanı olaraq, dünyanın nüfuzlu mətbuat nümunələrinə müxtəlif dillərdə 50-dən artıq müsahibə verdi. Bu da Azərbaycanın eyni zamanda informasiya savaşında da zəfər qazanmasını təmin etdi. Əlbəttə, çox yaxşı olardı ki, Prezident İlham Əliyevin həmin müsahibələri də dünya dillərinə tərcümə olunub, kitab halına salınsın və xarici ölkələrdəki “Azərbaycan evləri”ndə sərgilənsin, əcnəbi oxuculara təqdim edilsin. Çünki bu gün Azərbaycan qalib ölkə olaraq, dünyanın yenidən dizayn edilməsində iştirak edir.

Bütün bunları nəzərə alaraq, bildirirəm ki, ətrafında müzakirə apardığımız "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" adlı kitab olduqca mühüm addımdır, tarixi hadisədir. Başda ideya müəllifi hörmətli rektorumuz, akademik Kamal Abdulla olmaqla, bu kitabın araya-ərsəyə gəlməsində ən kiçik zəhməti keçən bütün şəxslərə minnətdarlığımı ifadə edirəm.

Ayyət Abdullayev, ADU-nun doktorantı